Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-277/2024 29.10.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu ,İddiaçı (fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan VÖEN: **********) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan VÖEN: **********) Cavabdeh qarşı 065 №-li 24 fevral 2024-cü il tarixli“Mal satınalması ” müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, müqavilə üzrə Cavabdeh 400 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan150 manat dəbbə pulunun 80 manatını, nəticə etibarı ilə ümumilikdə 480(dörd yüz səksən) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan VÖEN: **********) tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 065 №-li 24 fevral 2024-cü il tarixli “Mal satınalması müqaviləsi” müqaviləsi bağlamış,həmin müqaviləyə əsasən Cavabdeh “Redmi 13C” markalı telefonu 7 aylıq kreditlə 500 manat dəyərində almış, 500 manat borc hazırkı vaxtadək cavabdeh tərəfindən 100 manatı ödənilmiş qalan 400 manat borcu dəfələrlə zəng edib xəbərdarlıq etsə də cavabdeh ödəməmiş və borclu olduğu 400 manat borcunu ödəməkdən imtina etmişdi, hazırda cavabdehin 065 №-li 24 fevral 2024-cü il tarixli “Mal satınalması müqaviləsi” dən yaranan 400 manat əsas borcu olduğun, müqaviləyə qoşma Əlavə 1-ə, Müqavilənin ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə və xx.xx.2024-cü il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq ödəməli olduğu 150 manat dəbbə pulunun 80 manatını, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb iddiaçıya qaytarılmasını qeyd etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 24 fevral 2024-cü il tarixli 065 №-li “Mal satınalması” müqaviləsindən görünür ki, İddiaçı (satıcı VÖEN: **********) və Cavabdeh (alıcı) arasında nisyə mal satınalması müqaviləsi bağlanmış, müqaviləyə əsasən, İddiaçı tərəfinfən (satıcı VÖEN: **********) Cavabdeh qiyməti 500 manat olan İmei kod **********47563. İmei 2 kod **********47571 “REDMİ 13C” markalı telefonu 7 aylıq, aylıq ödəniş 57.14 manat müəyyən edilməklə satılmışdır. 23 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh, İddiaçı (satıcı VÖEN: **********) 24 fevral 2024-cü il tarixli 065 №-li “Mal satınalması” müqaviləsi üzrə 23 avqust 2024-cü il tarixə 400 manat əsas borc, 150 manat dəbbə pulu olmaqla ümumilikdə 550 manat borcu yaranmışdır. Cavabdeh iddiaçıya olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə 23 avqust 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir İş materiallarına əlavə olunmuş 27 sentyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı (satıcı VÖEN: **********) və Cavabdeh arasında bağlanmış 24 fevral 2024-cü il tarixli 065 №-li “Mal satınalması” müqaviləsi üzrə cavabdehin iddiaçıya ümumilikdə 550 manat borcu vardır. İddiaçı Müqavilənin ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə və xx.xx.2024-cü il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq ödəməli olduğu 150 manat dəbbə pulunun 80 manatını tələb etməklə cavabdehdən ümumi olaraq 480 manat borcun qaytarılması barədə qətnamə çıxarılmasın xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Həmin Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1- ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1- ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi İddia təmin edilsin. Cavabdeh 480 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı (VÖEN: **********) xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-277/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-277/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver