Məhkəmə qərarları › İş №e-2(080)-29/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-29/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-29/2025 06.01.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı QSC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi 1.İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 636.28 manat məbləğində kredit borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “kart hesabının açılması, korporativ kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” LCO230090022 saylı müqaviləyə əsasən, Cavabdeh “X1 card” debit növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2023-cü il tarixində kart cavabdehə təhvil verilmişdir. Kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 636.28 manat təşkiledir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq,cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etmişdir. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin əsas anlayışlar bəndinin 1.95-cı bəndinə əsasən, Texniki (icaza verilməmiş) overdraft - tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, Kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. “Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 5.9-cu bəndinə əsasən, Overdraft nəticəsində borc yarandıqda Bank müştəriyə bu barədə məlumat verir və müştəri həmin borcun 3 (üç) iş günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. Həmin müqavilənin 5.10-ci bəndinə əsasən, Overdraft nəticəsində yaranmış borc ümumi şərtlərin 5.10-cu bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytarılmadıqda, yaranmış borc üzrə Bank müştəriyə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə faizlar hesablaya bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 (otuz) təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanmasi borc tam ödənilən günə qədər davam edir. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materialları

3. xx.xx.2023-cü il tarixli, LCO230090022 saylı kredit razılaşmasından və ödəniş cədvəlindən görünür ki, bank tərəfindən cavabdehə 636.28 manat kredit verilmişdir.

4. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 636.28 manat məbləğində borcu vardır.

6. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

7. İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq

8.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

9.AzərbaycanRespublikasıMülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

11. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İş materiallarından göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

12. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2023-cü il tarixli, LCO230090022 saylı kredit müqaviləsi üzrə 636.28 manat borcun tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır,

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli, LCO230090022 saylı kredit müqaviləsi üzrə 636.28 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 636.28 manat pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar