Məhkəmə qərarları › İş №e-2(080)-309/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-309/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-309/2024 17.12.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi ilə İddiaçı̇ oğlunun (VÖEN:**********) (“Telefon” mağazası) arasında Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı̇ oğlu (VÖEN:**********) Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "Telefon Mağazasının" satıcısı, İddiaçı (VÖEN:**********) ilə cavabdeh X1 arasında 01 iyun 2022-ci il tarixində 135 saylı Nisiyə mal satılması müqaviləsi bağlanılmış, 01 iyun 2022-ci il tarixində 135 saylı Nisiyə mal satılması müqaviləsinə əsasən cavabdeh X1 "İPHONE 11" markalı telefonu 12 aylıq kreditlə 1690 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən, ilkin ödənişdə daxil olmaqla 500 manat ödənilmiş, lakin hazırda qalan 1190 manat borcunu ödməkdən imtina etmişdir. Eyni zamanda bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Cavabdehin yuxarıda qeyd olunan 01 iyun 2022-ci il tarixində 135 saylı müqavilədən yaranan 1190 manat əsas borcu vardır. Bundan əlavə İddiaçı müqavilədə göstərilən 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni ümumilikdə olan dəbbə pulu olaraq 120 manat peniya və 31.90 manat dövlət rüsumunun da cavabdehdan alınıb ona qaytarılmasını istəyir. İddiaçı göstərilənlərə əsasən Cavabdeh 1190 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 120 manatın, nəticə etibarı ilə ümumilikdə 1310 (min üç yüz on) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 31.90 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə hər hansısa bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 01 iyun 2022-ci il tarixli, 135 saylı, alqı-satqı müqavilədən görünür ki, iddiaçı İPHONE 11 markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəniş cədvəli üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-ci il tarixinədək 12 ay 140.83 AZN olmaqla, ümumilikdə 1690 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı̇ oğluna (VÖEN:**********) (“Telefon” mağazasına) 01 iyun 2022-ci il tarixli, 135 saylı, alqı-satqı müqavilə üzrə 1690 AZN məbləğində əsas borcdan, ümumilikdə 500 AZN ödəniş etmiş, hal-hazırda 1190 manat əsas borc, 120 manat məbləğində peniya pulu olmaqla ümumilikdə 1310 AZN borcu qalmışdır. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərnamədən görünür ki, cavabdeh müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 22 oktyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 31,90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı̇ oğlundan (VÖEN:**********) (“Telefon” mağazasından) 01 iyun 2022-ci il tarixli, 135 saylı, alqı-satqı müqaviləyə əsasən İPHONE 11 markalı telefonu almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə 01 iyun 2022-ci il tarixli, 135 saylı, alqı-satqı müqavilə üzrə 1190 AZN məbləğində əsas borc, 120 manat məbləğində peniya pulu olmaqla, ümumilikdə 1310 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 31,90 AZN (otuz bir manat doxsan qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 01 iyun 2022-ci il tarixli, 135 saylı, alqı-satqı müqavilə üzrə 1190 AZN məbləğində əsas borc, 120 manat məbləğində gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 1310 AZN məbləğində borc və 31,90 AZN ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı̇ oğluna (VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar