Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-85/2023 02.05.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyad oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması (kredit müqaviləsi üzrə mübahisələr) tələbinə dair mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 sentyabr 2019-cu il tarixli, İK2309/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 3.15 (üç manat 15 qəpik) manat faiz borcu, 1402.54 (bir min dörd yüz iki manat 54 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 1405.69 (bir min dörd yüz beş manat 69 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 34.06 (otuz dörd manat 06 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, İK2309/01 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 5 500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 23 sentyabr 2019-cu il tarixli, ZM2309/01 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdi.Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqaviləsinin 2.2-ci bəndində isə Zamin Borcalanın kreditor qarşısında Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıması müəyyənləşdirilir. Cavabdeh1 tərəflər arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, İK2309/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 3.15 (üç manat 15 qəpik) manat faiz borcu, 1402.54 (bir min dörd yüz iki manat 54 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 1405.69 (bir min dörd yüz beş manat 69 qəpik) manat kredit borcu öhdəliyi var. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 sentyabr 2019-cu il tarixli, İK2309/01 saylı kredit müqaviləsi üzrə 3.15 (üç manat 15 qəpik) manat faiz borcu, 1402.54 (bir min dörd yüz iki manat 54 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 1405.69 (bir min dörd yüz beş manat 69 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 34.06 (otuz dörd manat 06 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehlərin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir Belə ki, qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" ASC ilə bağlanmış 23 sentyabr 2019-cu il tarixli, İK2309/01 Kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 17% dərəcəsində istehlak məqsədi ilə 5500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, İK2309/01 saylı zaminlik müqaviləsinə əsasən, o kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin "xxxx" ASC-nə 3.15 (üç manat 15 qəpik) manat faiz borcu, 1402.54 (bir min dörd yüz iki manat 54 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 1405.69 (bir min dörd yüz beş manat 69 qəpik) manat borcu qalmaqdadır. Həmçinin, "xxxx" ASC-i məhkəməyə müraciət edərkən 34.06 (otuz dörd manat 06 qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehlər "xxxx" ASC-nə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə 09 yanvar 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli,********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 34.06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit xətti və bank hesabı müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 34.06 (otuz dörd manat 06 qəpik) manat dövlət rüsumu cavabdehlərdən tələbkarın xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 sentyabr 2019-cu il tarixli, İK2309/01 saylı kredit müqaviləsi üzrə 3.15 (üç manat 15 qəpik) manat faiz borcu, 1402.54 (bir min dörd yüz iki manat 54 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 1405.69 (bir min dörd yüz beş manat 69 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 34.06 (otuz dörd manat 06 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X1 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-85/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-85/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver