Məhkəmə qərarları › İş №e-2(088)-106/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-106/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-106/2025 03.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə Sədərək Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4016.41 manat əsas borc, 564.42 manat faiz borcu olmaqla cəmi 4580.83 manat borcun və 65.80 manat dövlət rüsumu məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Naxçıvan filialı ilə Cavabdeh2 arasında 16 yanvar 2023cü il tarixli 5084 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 24 ay müddətinə illik 21 faizlə 5000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İddiaçı QSC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında 16 yanvar 2023-cü il tarixli 02/2023-KKK saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 əsas borcunun qrafikə uyğun olaraq ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh2 kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi barədə Cavabdeh2 və onun zamini Cavabdeh1 dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmış və nəticədə bağlanmış 16 yanvar 2023-cü il tarixli 5084 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı QSC-yə 4016.41 manat əsas borc, 564.42 manat faiz borcu olmaqla cəmi 4580.83 manat borcu yaranmışdır. Ona görə də 65.80 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 4646.63 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə 04 iyun 2025-ci il tarixdə cavabdehlərə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Lakin, cavabdehlər bildirişi 11 iyun 2025-ci il tarixdə qəbul etsədə məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 16 yanvar 2023-cü il tarixli 5084 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı, Cavabdeh2 iri buynuzlu malların alınması və saxlanılması məqsədi ilə 24 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli 5084 kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizin qaytarılması ilə bağlı borcverən qarşısında öz öhdəliyini yerinə yetirmədikdə, hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0.1%-i həcmində, cəmi 5%-dən çox olmamaq şərti ilə cərimə ödəməlidir. Həmin müqavilənin 8.3-cü bəndinə əsasən bu müqavilənin icrası gedişində yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə mövcud Qanunvericiliyə uyğun olaraq Məhkəmə qaydasında həll edilir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli 02/2023-KKK-03 nömrəli zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit təşkilatı ilə Cavabdeh2 (bundan sonra “borcalan”) arasında 16 yanvar 2023-cü il tarixdə bağlanmış 5084 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 5000 (beş min) manat kreditlə əlaqədar olaraq borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit borcunun xx.xx.2025-ci il tarixə ödənilməli vəziyyəti barədə məlumat cədvəlindən görünür ki, Cavabdeh2 həmin tarixə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına olan borcu 4016.41 manat əsas borc, 564.42 manat faiz borcu olmaqla cəmi 4580.83 manat təşkil edir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 5000 manat məbləğində pulu qəbul etmişdir. İş materiallarında olan tərəflər arasında 16 yanvar 2023-cü il tarixli 5084 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə olunan ödəniş cədvəli, 16 yanvar 2023-cü il tarixli 02/2023-KKK-03 nömrəli zaminlik müqaviləsi, xx.xx.2025-ci il tarixli hesab üzrə çıxarış və xx.xx.2025-ci il tarixə ödənilməli vəziyyəti barədə məlumat cədvəli göstərilənləri bir daha təsdiq edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 30 və 31 nömrəli bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mövcud olan borc və borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65.80 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 və Cavabdeh1 onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 16 yanvar 2023-cü il tarixli 5084 nömrəli kredit müqaviləsindən yaranmış 4016.41 manat əsas borc, 564.42 manat faiz borcu olmaqla cəmi 4580.83 manat məbləğində borc və ödənilmiş 65.80 manat dövlət rüsumu, ümumilikdə 4646.63 (dörd min altı yüz qırx altı manat, altmış üç qəpik) manat pul alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR. Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar