Məhkəmə qərarları › İş №e-2(088)-13/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-13/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-13/2023 03.03.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin, nümayəndəsi Nümayəndə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli İK1009686 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 7262.08 manat əsas borc və 793.46 manat faiz borcu olmaqla cəmi 8055.54 manat pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100.55 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şərur filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK1009686 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün illik 17 faiz dərəcəsi ilə 48 ay müddətinə 7500 manat kredit vermşdir. Verilmiş kredit üzrə öhdəliyin təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli xx.xx.2022-ci il tarixli İK1009686/26532 saylı zaminlik müqaviləsi bağlandığını, borcalan bank tərəfindən verilmiş kredit müqaviləsinin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğundan borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış, borcalan və zaminə xəbərdarlıq məktubu ünvanlanaraq borc məbləği dəqiq göstərilərək icrasının tələb edildiyini bildirmiş və nəticədə xx.xx.2023-cü il tarixə 7262.08 manat əsas borc və 793.46 manat faiz borcu olmaqla cəmi 8055.54 manat məbləğində pul borcunun tutulması və 100.55 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə iddiaçıya və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə iddiaçı məhkəmə iclaslarına gəlməmiş lakin, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi 03 mart 2023-cü il tarixində məhkəməyə ərizə göndərərək, "xxxx" ASC-nin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair mülki iş üzrə iddia tələbini müdafiə etdiyini, işlərin çoxluğunu nəzərə alınması, məhkəmə proseslərinin onların iştirakı olmadan keçirilməsini və işə cavabdehin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirərək müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, iddianı tam qəbul etdiyini, həqiqətən də xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Şərur filialına müraciət edərək 48 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 7500 manat kredit götürdüyünü, bir neçə ay ödədikdən sora ödəyə bilmədiyini, maddi imkanının aşağı olduğunu, hal hazırda özünə məxsus olan torpaq sahəsində taxıl əkdiyini, taxıl biçimi vaxtı borcunu ödəyəcəyini bildirdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, 2022-ci ilin fevral ayında Cavabdeh2 "xxxx" ASC-dən kredit götürəcəyini və zaminə ehtiyacı olduğunu, buna görə də ondan zamini olmağını xahiş etdiyini, ödəniş qrafikinə uyğun vaxtı vaxtında ödənişlərini edəcəyini bildirdiyini, etiraz etməyərək zamin durduğunu, lakin bir müddət ödədikdən sonra ödəyə bilmədiyini, 10 oktyabr 2022-ci il tarixdə bank tərəfindən xəbərdarlıq məktubunun gəldiyini və 5 gün müddətində borcun ödənilməsini təmin etmələrinin bildirildiyini, tez bir zamanda borcu ödəyəcəklərini bildirdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh2 arasında bağlamış xx.xx.2022-ci il tarixli İK1009686 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" ASC tərəfindən 48 ay müddətinə illik 17 faiz olmaqla 7500 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə edilən kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank borcalana şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə 7500 manat məbləğində illik 17 faiz dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş krediti bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə üzərinə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirənədək qüvvədə qalır. İddia ərizəsinə əlavə edilən zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK1009686 nömrəli kredit müqaviləsi əsasında borcalana veriləcək illik 17 faiz dərəcəsi ilə 48 ay müddətinə 7500 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliyi yerinə yetirənədək zamin Cavabdeh1 borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli İK1009686 nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2023-cü il tarixə 7262.08 manat əsas borc və 793.46 manat faiz borcu olmaqla cəmi 8055.54 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəzinə məxaric orderlərindən aydın olur ki, cavabdehin 7500 manat pulu qəbul etmişdir. Əlavə olaraq mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli İK1009686 nömrəli kredit müqaviləsindən, həmin müqaviləyə əlavə olunan ödəniş cədvəlindən, xx.xx.2022-ci il tarixli İK1009686/26532 nömrəli zaminlik müqaviləsindən, xx.xx.2023-cüil tarixli çıxarışdan və xx.xx.2023-cü il tarixli maliyyə arayışından da məlum olur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC-nə kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 7262.08 manat əsas borc və 793.46 manat faiz borcu olmaqla cəmi 8055.54 manat pul borcu yaranmışdır. Mülki işə əlavə olunmuş Cavabdeh2 və Cavabdeh1 göndərilmiş xx.xx.2022-ci il tarixli 817/001 nömrəli xəbərdarlıq borcluların vaxtında məlumatlandırılmasından xəbər verir. İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, borcun tutulması barədə tələbi əsaslıdır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə xx.xx.2022-ci il tarixli İK1009686 nömrəli kredit müqaviləsi üzrə 7262.08 manat əsas borc və 793.46 manat faiz borcu olmaqla cəmi 8055.54 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100.55 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli İK1009686 saylı kredit müqaviləsi üzrə 7262.08 manat əsas borc və 793.46 manat faiz borcu olmaqla cəmi 8055.54 (səkkiz min əlli beş manat, əlli dörd qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100.55 (bir yüz manat, əlli beş qəpik) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar