Məhkəmə qərarları › İş №e-2(088)-131/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-131/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-131/2024 18.12.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı "xxxx" MMM QBKT-nın, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMM QBKT-nın, məhkəmə işləri üzrə hüquqşünası Nümayəndə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3765.00 manat, faiz borcuna görə 1102.00 manat, cərimə borcuna görə 243.55 manat olmaqla cəmi 5110.55 manat məbləğində borcun və 71.11 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə "xxxx" MMM QBKT-nın arasında xx.xx.2023-cü il tarixli **********3332 nömrəli kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 222 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023-cü il tarixli **********3332 - ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq icra etməmiş, kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Beləliklə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə yaranmış Cavabdeh2 əsas borc üzrə 3765.00 manat, faiz borcuna görə 1102.00 manat, cərimə borcuna görə 243.55 manat olmaqla cəmi 5110.55 borcunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 71.11 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıya və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə iddiaçı məhkəmə iclaslarına gəlməmiş lakin, iddiaçı "xxxx" MMM QBKT-nın nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və 12 dekabr 2024-cü il tarixlərində məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakları olmadan mahiyyəti üzrə baxılıb qətnamə qəbu edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Bu baxımdan məhkəmə belə hesab edir ki, mülki işə iddiaçı və nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Məhkəmə prosesində iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, işləmədiyini, ailəli olduğunu, himayəsində 4 yetkinlik yaşına çatmayan övladının olduğunu, həqiqətən də 24 noyabr 2023-cü il tarixdə "xxxx" MMM QBKT-dan 4000 manat məbləğində kredit götürdüyünü, qardaşı Cavabdeh1 həmin kreditin götürülməsində zamin kimi iştirak etdiyini, maddi imkanı aşağı olduğundan kreditdə geçişmələrinin olduğunu, götürdüyü kredit məbləğini faizi ilə birlikdə banka qaytara bilmədiyini, ən qısa müddətə ödəyəcəyini bildirdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, ali təhsilli olduğunu, hazırda Sədərək Rayon 1 nömrəli məktəbdə müəllim işlədiyini, həqiqətən də 24 noyabr 2023-cü il tarixdə qardaşı Cavabdeh2 "xxxx" MMM QBKT-dan 4000 manat məbləğində kredit götürdüyünü və həmin kreditin götürülməsində zamin kimi iştirak etdiyini, qardaşı işləmədiyi üçün götürdüyü krediti geri qaytara bilmədiyini, və nəticədə bankın borcun qaytarılması üçün məhkəməyə müraciət etdiyini bildirdi. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********3332 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" MMM QBKT tərəfindən 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 4000 manat məbləğində nağd pul krediti verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMM QBKT-nın xx.xx.2023-cü il tarixli Fincard kredit vermə qəbzi və həmin tarixli “kredit kartının mədaxil aktına” əsasən Cavabdeh2 bankdan balansında 4000 manat pul vəsaiti olan **********220257 saylı kredit kartını qəbul etməsini təsdiq edir. İddiaçı "xxxx" MMM QBKT müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********3332 kredit müqaviləsi 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödəilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin, bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təsvir edilə bilməz. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli **********3332 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə hazırki vaxtadək onun iddiaçı qarşısında 3765 manat əsas borc, 1102 manat faiz borcu və 243.55 manat cərimə borcu olmaqla cəmi 5110.55 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından da məlum olur ki, Cavabdeh2 "xxxx" MMM QBKT-na cəmi 5110.55 manat məbləğində qalıq borcu yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********3332 nömrəli kredit müqaviləsinə əlavə edilmiş "xxxx" MMM QBKT tərəfindən verilmiş ödəniş qrafiki göstərilənləri bir daha təsdiq edir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0**********3332 - ******* nömrəli zaminlik müqaviləsindən də aydın olur ki, Cavabdeh1 kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda , əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu baxımdan, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, cavabdehlər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı cavabdehlərə qarşı iddia tələbində xx.xx.2023-cü il tarixli **********3332 nömrəli kredit müqaviləsi üzrə 3765 manat əsas borc, 1102 manat faiz borcu və 243.55 manat cərimə borcu olmaqla cəmi 5110.55 manat tələb etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli **********3332 nömrəli kredit müqaviləsi üzrə 243.55 manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2023-cü il tarixli **********3332 nömrəli kredit müqaviləsi üzrə 243.55 manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 100 (bir yüz) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh (zamin) Cavabdeh1 isə müqavilə ilə öz üzərinə düşən məsuliyyəti yerinə yetirməmişdir. Buna görə də Cavabdeh2 və Cavabdeh1 onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidirlər. Beləliklə, təqdim edilən sənədlərin və cavabdehlərin izahatlarının iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırma zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli **********3332 nömrəli kredit müqavilə üzrə 3765 manat əsas borc, 1102 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla cəmi 4967 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMM QBKT-nın xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı "xxxx" MMM QBKT tərəfindən ödənilmiş 71.11 manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 69.11 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli **********3332 nömrəli kredit müqaviləsi üzrə 3765 manat əsas borc, 1102 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla cəmi 4967 (dörd min doqquz yüz altmış yeddi manat) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMM QBKT-nın xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69.11 (altmış doqquz manat, on bir) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMM QBKT-nın hesabına köçürülsün. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar