Məhkəmə qərarları › İş №e-2(088)-149/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-149/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-149/2025 30.09.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı MMM QBKT-nın Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Sədərək Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMM QBKT-nın nümayəndəsi Nümayəndə2 elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc üzrə 803 manat, faiz borcuna görə 69 manat, cərimə borcuna görə 231.05 manat olmaqla cəmi 1103.05 manat məbləğində borcun və 31.04 manat məbləğində ödənilmiş dövlət rüsumu ilə birlikdə ümumilikdə 1134.09 manat pulun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********7885 nömrəli kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırlıması üçün illik 29 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1500 manat məbləğində kredit verildiyini, cavabdehin həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən hər ay 146 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi ilə razılaşdığını, kreditin məbləğini kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş kredit kartının təqdim edildiyini, kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borç məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəflərindən cavabdehə pretenziya məktubu göndərildiyini, lakin borcun ödənilmədiyini və nəticədə xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 803 manat, faiz borcuna görə 69 manat, cərimə borcuna görə 231.05 manat olmaqla cəmi 1103.05 manat pul borcu yaranmışdır. Ona görə də 31.04 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 1134.09 manat pul cavabdeh (borclu) Cavabdeh alınıb İddiaçı MMM QBKT-nın xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən çıxarılmış çıxarışdan müəyyən olunur ki, İddiaçı MMM QBKT-nın borcu tələb etmək hüququ vardır. Məhkəmə 28 avqust 2025-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazlarının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Lakin, cavabdeh bildirişi 02 sentyabr 2025-ci il tarixdə qəbul etsədə məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli **********7885 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MMM QBKT Cavabdeh ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırlıması üçün illik 29 faiz dərəcəsi ilə 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 12 ay müddətinə 1500 manat məbləğində pul vəsaitini (bundan sonra “Kredit”) verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtı vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1 %-i məbləğində dəbbə pulunu(cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqadarı tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödəilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin, bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təsvir edilə bilməz. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə İddiaçı MMM QBKT-na olan borcu 803 manat əsas borc, 69 manat faiz borcu və 231.05 manat cərimə borcu olmaqla cəmi 1103.05 manat təşkil edir. İş materiallarında olan tərəflər arasında xx.xx.2024-cü il tarixli **********7885 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə olan ödəniş cədvəli və xx.xx.2025-ci il tarixli maliyyə arayışı göstərilənləri bir daha təsdiq edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh içərisində 1500 manat məbləğində pul olan fincard kartını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçı cavabdehə qarşı iddia tələbində xx.xx.2024-cü il tarixli **********7885 nömrəli müqavilə üzrə 803 manat əsas borc, 69 manat faiz borcu və 231.05 manat cərimə borcu olmaqla cəmi 1103.05 manat tələb etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli **********7885 nömrəli müqavilə üzrə 231.05 manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2024-cü il tarixli **********7885 nömrəli müqavilə üzrə 231.05 manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 40.15 (qırx) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2024-cü il tarixli **********7885 nömrəli müqavilə üzrə 803 manat əsas borc, 69 manat faiz borcu və 40.15 manat cərimə borcu olmaqla cəmi 912.15 manat məbləğində borc tutularaq İddiaçı MMM QBKT-nın xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı MMM QBKT tərəfindən ödənilmiş 31.04 (otuz bir manat dörd qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 25.66 (iyirmi beş manat, altmış altı qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də borclu Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, öhdəliklərini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli **********7885 nömrəli müqavilə üzrə 803 manat əsas borc, 69 manat faiz borcu və 40.15 manat cərimə borcu olmaqla cəmi 912.15 (doqquz yüz on iki manat, on beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı MMM QBKT-nın xeyrinə ödənilsin. İddiaçı MMM QBKT tərəfindən ödənilmiş 31.04 (otuz bir manat dörd qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 25.66 (iyirmi beş manat, altmış altı qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar