Məhkəmə qərarları › İş №e-2(088)-171/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-171/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-171/2024 25.12.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin, nümayəndəsi Nümayəndə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 350 manat əsas borcu, 18 manat faiz borcu, 50 manat komissiya və 212 manat cərimə borcu olmaqla cəmi 630 manat kredit borcunun və 30.40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********003 saylı mikrokredit müqaviləsinə əsasən borcalanın sorğusu əsasında və onun verilmiş mikro kredit məbləğini ödəmə qabiliyyətini nəzərə alaraq, mümkün kredit limiti çərçivəsində cavabdehə şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60.85 % ödəmək şərtilə 350 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci yarımbəndinə əsasən borcalan müqavilənin şərtlərinə uyğun olaraq verilmiş mikro kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həmin müqavilənin 1.13-cü bəndinə görə, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,7%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 212 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2023-cü il tarixli **********003 saylı müqavilə üzrə 350 manat əsas borcu, 18 manat faiz, 50 manat komissiya və 212 manat cərimə borcu olmaqla, cəmi 630 manat borcu yaranmışdır. Ona görə də 30.40 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 660.40 manat pul Cavabdeh alınıb İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan, müəyyən olunur ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin borcu tələb etmək hüququ vardır. Məhkəmə 28 noyabr 2024-cü il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi 05 dekabr 2024-cü il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********003 saylı kredit müqaviləsinə əsasən, cavabdeh illik 60.85 faiz dərəcəsi ilə 30 gün müddətinə 350 manat məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, Cavabdeh 350 manat məbləğində pul köçürülmüşdür. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********003 saylı kredit müqaviləsinə əsasən 350 manat əsas borcu, 18 manat faiz borcu, 50 manat komissiya və 212 manat cərimə borcu olmaqla cəmi 630 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında xx.xx.2023-cü il tarixli **********003 saylı kredit müqaviləsi və xx.xx.2024-cü il tarixli maliyyə arayışı göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildiriş, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini sərtləsdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçı cavabdehə qarşı iddia tələbində xx.xx.2023-cü il tarixli **********003 nömrəli müqavilə üzrə 350 manat əsas borcu, 18 manat faiz borcu, 50 manat komissiya və 212 manat cərimə borcu olmaqla cəmi 630 manat tələb etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli **********003 nömrəli müqavilə üzrə 212 manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2023-cü il tarixli **********003 nömrəli müqavilə üzrə 212 manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 17.50 (on yeddi manat, əlli qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli **********003 nömrəli müqavilə üzrə 350 manat əsas borcu, 18 manat faiz borcu, 50 manat komissiya və 17.50 manat cərimə borcu olmaqla cəmi 435.50 manat məbləğində borc tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 21.01 (iyirmi bir manat, bir qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 216-220-ci və 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli **********003 nömrəli müqavilə üzrə 350 manat əsas borcu, 18 manat faiz borcu, 50 manat komissiya və 17.50 manat cərimə borcu olmaqla cəmi 435.50 manat (dörd yüz otuz beş manat, əlli qəpik) manat məbləğində borc tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 21.01 (iyirmi bir manat, bir qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “ Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar