Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-49/2025 10.03.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu İddiaçı "xxxx" KB ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC-nin hüquq şöbəsinin hüquqşunası Nümayəndə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 269.06 manat əsas borcu, 43.63 manat faiz borcu və 10.10 manat cərimə borcu olmaqla cəmi 322.79 manat pul borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəni-anketi imzalamaqla “fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununlada həmin şərtlərlə müqavilə bağlanılmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə 300 manat məbləğində kredit xətti açılmışdır. Bu standart şərtlər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş 73 saylı lisenziya, Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Kommersiya Bankı ASC tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyətini bildirdikləri və ya istifadə etdikləri halda onların bankla münasibətlərini tənzimləyir. Bu standart şərtlər bankın “Leobank” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və standart şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 269.06 manat əsas borcu, 43.63 manat faiz borcu və 10.10 manat cərimə borcu olmaqla cəmi 322.79 manat borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 352.79 manat pul Cavabdeh alınıb "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, "xxxx" KB ASC-nin borcu tələb etmək hüququ vardır. Məhkəmə 07 fevral 2025-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə elektron kabinetinə bildiriş yerləşdirilmişdir. Cavabdeh bildirişi 07 fevral 2025-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə olunmuş xx.xx.2024-cü il tarixli sms bildirişindən görünür ki, "xxxx" ASC cavabdehə 29%-lə 300 AZN-lik xətti açmağı təklif etmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh bu təklifi qəbul etmiş və həmin tarixdə cavabdehə 300 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 60sBKXb/24 saylı kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli 02U/23 saylı fiziki şəxslərə kredt (kredit xəttinin) verilməsi üzrə standart şərtlərinə əsasən 35 ay müddətinə 29% ödəmək şərtilə 300 manat məbləğində pul ödəməsini cavabdeh öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onunla iddiaçı qarşısında 269.06 manat əsas borcu, 43.63 manat faiz borcu və 10.10 manat cərimə borcu olmaqla cəmi 322.79 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli 02U/23 saylı fiziki şəxslərə kredt (kredit xəttinin) verilməsi üzrə standart şərtlərinin 3.1-ci bəndinə əsasən bank, aşağıdakı hallarda kreditin (o cümlədən kreditin vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı Banka ödənilməli olan faiz və/və ya digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını Müştəridən tələb edə bilər: Həmin şərtlərin 3.1.2-ci bəndinə vaxtı çatmış borcun (faizlər və/və ya haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və/və ya haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). Həmin şərtlərin 3.3-cü bəndinə əsasən Bank, bu Standart Şərtlərin 3.1.1-3.1.4-cü bəndlərində nəzərdə tutulmuş halların baş verməsini və ya mövcudluğunu müəyyən etdikdən sonra Müştəriyə kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin, həmçinin standart məlumatlandırma formasında nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsinə dair yazılı bildiriş göndərir və Müştəri bu bildirişi aldığı andan 10 (on) təqvim günü müddətində tələb olunan məbləği Banka ödəməlidir. Həmin şərtlərin 4.1.1-ci bəndinə əsasən müştəri, kreditin və/və ya ona hesablanmış faizlərin, o cümlədən standart məlumatlandırma formasında göstərilən digər ödənişlərin ödənilməsini gecikdirdikdə, Bank Müştəridən dəbbə pulu tələb edə bilər. Ödənişlərin gecikdirilməsinə görə dəbbə pulunun məbləği standart məlumatlandırma formasında göstərilir. Həmin şərtlərin 4.1.2-ci bəndinə əsasən Müştəri, bu Standart Şərtlərin 4.3.2-ci bəndində göstərilən hüququndan istifadə edərək kredit öhdəliyini vaxtından əvvəl icra etdiyi halda Bank, Müştəridən kompensasiya tələb edə bilər. Kompensasiyanın məbləği bu Standart Şərtlərin 4.3.1-ci bəndi nəzərə alınmaqla müqavilə müddətinin bitməsinə bir ildən çox müddət qaldıqda, vaxtından əvvəl ödənilmiş məbləğin 1 (bir) faizindən, bir il və daha az müddət qaldıqda isə 0,5 faizindən çox olmamalıdır. Ərizəyə əlavə olunmuş tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli ərizə-anket, həmin tarixli SMS xəbərdarlıq barədə çıxarış, xx.xx.2023-cü il tarixli 02U/23 saylı fiziki şəxslərə kredit (kredit xəttinin) verilməsi üzrə standart şərtləri, xx.xx.2025-ci il tarixli hesab üzrə çıxarış və xx.xx.2025-ci il tarixli maliyyə arayışı göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildiriş, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini sərtləsdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 358.0.3, 360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli 60sBKXb/24 saylı kredit müqaviləsi üzrə 269.06 manat əsas borcu, 43.63 manat faiz borcu və 10.10 manat cərimə borcu olmaqla cəmi 322.79 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 352.79 (üç yüz əlli iki manat, yetmiş doqquz qəpik) manat pul Cavabdeh alınaraq iddiacı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-49/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-49/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver