Məhkəmə qərarları › İş №e-2(088)-56/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-56/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-56/2023 04.07.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi ilə. İddiaçı QBKT MMM-nin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı QBKT MMM-nin, məhkəmə işləri üzrə hüquqşünası Nümayəndə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6300 manat əsas borc, 2078 manat faiz borcu və 327.08 manat cərimə borcu olmaqla cəmi 8705.08 manat borcun və 107.06 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı QBKT MMM-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı QBKT MMM-nin arasında xx.xx.2022-ci il tarixli **********0067 nömrəli kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6300 manat məbləğində kredit verilmişdir.Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 350 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2022-ci il tarixli **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq icra etmədiyinə görə, kredit müqaviləsi üzrə 6300 manat əsas borc, 2078 manat faiz borcu və 327.08 manat cərimə borcu olmaqla cəmi 8705.08 manat məbləğində borcunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 107.06 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı şəxsin nümayəndəsi Nümayəndə tərəfindən isə məhkəməyə xx.xx.2023-cü il tarixində teleqram ünvanlanmış və teleqramda iddia tələblərini müdafiə edərək təyin edilmiş məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0067 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı QBKT MMM tərəfindən 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6300 manat məbləğində nağd pul krediti verilmişdir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı QBKT MMM-nin xx.xx.2022-ci il tarixli Fincard kredit vermə qəbzi və həmin tarixli “kredit kartının mədaxil aktına” əsasən Cavabdeh1 bankdan balansında 6300 manat pul vəsaiti olan **********720728 saylı kredit kartını qəbul etməsini təsdiq edir. İddiaçı QBKT MMM müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli **********0067 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə hazırki vaxtadək onun iddiaçı qarşısında 6300 manat əsas borc, 2078 manat faiz borcu və 327.08 manat cərimə borcu olmaqla cəmi 8705.08 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da məlum olur ki, Cavabdeh1 İddiaçı QBKT MMM-nə cəmi qalıq borcu 8705.08 manat yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********0067 nömrəli kredit müqaviləsinə əlavə edilmiş İddiaçı QBKT MMM tərəfindən verilmiş ödəniş qrafiki göstərilənləri bir daha təsdiq edir. Mülki işə əlavə olunmuş 21 noyabr 2022-ci il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsindən də aydın olur ki, Cavabdeh2 kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda , əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu baxımdan, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, cavabdehlər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-ci maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh (zamin) Cavabdeh2 isə müqavilə ilə öz üzərinə düşən məsuliyyəti yerinə yetirməmişdir. Buna görə də Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidirlər. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 107.06 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli **********0067 nömrəli kredit müqaviləsi üzrə əsas borc olaraq 6300 manat, faiz borcu olaraq 2078 manat, cərimə borcu olaraq 327.08 manat cəmi 8705.08 (səkkiz min yeddi yüz beş manat, səkkiz qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı QBKT MMM-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 107.06 (bir yüz yüddi manat, altı qəpik) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı QBKT MMM-nin hesabına köçürülsün. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar