Məhkəmə qərarları › İş №e-2(089)-128/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-128/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-128/2022 13.07.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İddiaçı ASC və cavabdeh arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, 330531-OVR-15550 saylı kredit xətti müqaviləsinə əsasən 26 may 2022-ci il tarixə borclu olduğu 512.51 manat əsas borc, 49.75 manat faiz borcu, 162 manat cərimə borcu olmaqla, ümumilikdə 724.26 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsu Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, 330531-OVR-15550 saylı kredit xətti müqaviləsinə əsasən, cavabdehə illik 25% hesablanmaqla 36 ay müddətinə 680 manat məbləğində kredit verilmiş və məbləğ onun kart hesabına köçürülmüşdür. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli, 330531-OVR-15550 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh bank hesabının açılması və 680 manat məbləğində bərpa olunan kredit xəttinin təqdim olunması üzrə öhdəlik götürmüş, Cavabdeh isə kredit xətti üzrə alının vəsaitin müqavilədə nəzərdə tutulmuş şərtlər və müddət ərzində qaytarılmasını və alınmış məbləğə illik 25% ödənilməsi üzrə öhdəlik götürmüşdür. İş materiallarında olan 26 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 512.51 manat əsas borc, 49.75 manat faiz borcu, 162.00 manat cərimə borcu, cəmi 724.26 manat borcu vardır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında kredit xətti müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini tam icra etmədiyi üçün onun iddiaçıya kredit xətti müqaviləsi üzrə cəmi 724.26 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçının cərmə borcu barədə tələbi ilə bağlı bildirir ki, həmin hissədə iddia qismən təmin edilməli, cərimə məbləği azaldılmalı, 16 manat məbləğində cərimə cavabdehdən alınıb, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun 23.97 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 6.03 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 284-6.2, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 02 sentyabr 2021-ci il tarixli, 330531-OVR-15550 saylı kredit xətti müqaviləsi üzrə 512.51 manat əsas borc, 49.75 manat faiz borcu, 16 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun 23.97 manat hissəsi, cəmi 602.23 manat alınıb İddiaçı ASCyə ödənilsin, dövlət rüsumunun 6.03 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar