Məhkəmə qərarları › İş №e-2(089)-132/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-132/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-132/2023 20.04.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi X4 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14388.96 manat əsas borc, 451.81 manat faiz borcu, cəmi 14840.77 manat borcun, həmçinin ödənilmiş 134.92 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə, illik 16% dərəcəsi ilə nağd şəkildə 14500 manat məbləğində kredit verilmiş, İddiaçı ASC ilə Cavabdeh2 arasında 13 iyun 2022-ci il tarixli, ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 13 iyun 2022-ci il tarixli, 1084326/28586 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 06 mart 2023-cü il tarixinə əsas borcu 14388.96 manat, faiz borcu 451.81 manat təşkil edir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə müraciət olunmasına, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, borcun ödənilməsi ilə bağlı Cavabdeh2 heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-nə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məlumat verilmiş, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməyin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 13 iyun 2022-ci il tarixli ,1084326 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh2 14500 manat məbləğində kredit verilmiş, kreditin müddəti 48 ay, illik faiz 16 % müəyyən edilmişdir. 13 iyun 2022-ci il tarixli, 1084326/28586 saylı Zaminlik Müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyi zaminliklə təmin olunmuş, zamin Cavabdeh1 13 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 13 iyun 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 06 mart 2023-cü il tarixə əsas borcu 14388.96 manat, faiz borcu 451,81 manat təşkil edir. 13 iyun 2022-ci il tarixli, kreditin nağdlaşdırılması barədə qəbzdən görünür ki, Cavabdeh2 14210 manat məbləğində pul nağd olaraq verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azər-Türk Bank ASC və Cavabdeh2 arasında 13 iyun 2022-ci il tarixli, ******* saylı Kredit Müqaviləsi bağlanmış, Cavabdeh2 istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 16% dərəcəsi ilə nağd şəkildə 14500 manat məbləğində kredit verilmiş, həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və bank arasında 13 iyun 2022-ci il tarixli, 1084326/28586 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Cavabdeh2 fiziki şəxlərə bank xidmətlərinin göstərilməsi üzrə xidmət müqavilələrinin standar şərtlərinə əsasən kredit məbləğini, kreditdən istifadəyə görə hesablanmış faizləri müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını, həmçinin zamin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun öhdəliyi tam yerinə yetirənədək borcalanla birlikdə bank qarşısında eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 17 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəliyi lazımınca icra etmədiklərindən xəbərdarlıq edilmiş, edilmiş xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh2 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş, əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməkdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh2 hər ay əsas və faiz borc kimi 410.93 manat ödəniş etməlidir. Göründüyü kimi, cavabdeh ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə ödəməmiş, ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olduğundan, cavabdehlərdən 14840.77 manat məbləğində pul tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdehlər kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14840.77 manat borc alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 134.92 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 14388.96 manat əsas borc, 451.81 manat faiz borcu, cəmi 14840.77 manat borc və 134.92 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar