Məhkəmə qərarları › İş №e-2(089)-133/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-133/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-133/2024 14.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı X3 Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh ilə bağlanmış 28 sentyabr 2023-cü il tarixli, GTKR3887619B299 saylı kredit müqaviləsi üzrə 7487 manat əsas borc, 551.83 manat faiz borcu və 100.39 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh və İddiaçı ASC arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli, GTKR3887619B299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 % dərəcəsi ilə 48 ay müddətinə 7487 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərliməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Nəticədə 27 mart 2024-cü il tarixə Cavabdeh 7487 manat əsas borc, 551.83 manat faiz borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Nümayəndə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, sübutların məhkəməyə təqdim edildiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, İddiaçı ASC ilə aralarında 28 sentyabr 2023-cü il tarixli, GTKR3887619B299 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən ona illik 20 % dərəcəsi ilə 48 ay müddətinə 7487 manat məbləğində kredit verilmişdir. Kredit alan zaman polis əməkdaşı olmuşdur. Polis sıralarından tərxis olunmuş, maddi imkanı olmadığından kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş, ümumiyyətlə kredit müqaviləsi üzrə ödəniş etməmişdir. İddianı etiraf edir, iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli, GTKR3887619B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-i və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 20 % dərəcəsi ilə 48 ay müddətinə 7487 manat məbləğində gündəlik təlabat krediti verilmişdir. 27 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 27 mart 2024-cü il tarixə Cavabdeh 28 sentyabr 2023-cü il tarixli, GTKR3887619B299 saylı kredit müqaviləsi üzrə 7487 manat əsas borc, 551.83 manat faiz borcu vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28 sentyabr 2023-cü il tarixli, GTKR3887619B299 saylı kredit müqaviləsi üzrə 7487 manat əsas borc, 551.83 manat faiz borcu alınaraq İddiaçı ASC-in hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100.39 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə , qət etdi: İddia təmin edilsin. Cavabdeh 7487 manat əsas borc, 551.83 manat faiz borcu, cəmi 8038.83 manat borc və 100.39 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar