Məhkəmə qərarları › İş №e-2(089)-138/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-138/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-138/2024 14.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçın Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçın nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 30 avqust 2023-cü il tarixli, 22 nömrəli malların nisyə alqı-satqı müqaviləsi üzrə 1800 manat əsas borc, 180 manat gecikdirilmiş peniya pulu, ümumilikdə 1980 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 39.80 manat məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı "xxxx" MMC-in nümayəndəsi Nümayəndə tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında 30 avqust 2023-cü il tarixində 22 nömrəli malların nisyə alqısatqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh 3300 manat dəyərində “İphone 14 pro“markalı telefonu 6 aylıq kreditlə almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 1500 manat ödənilmiş, lakin hazırda qalan 1800 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin telefon satışı ilə maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Vaxtında ödənilməyən ödənişlər ona maddi zərər vurur. Hazırkı vəziyyətdə də cavabdeh tərəfindən vaxtında ödənişlərin edilməməsi maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin cavabdeh borcun ödənilməsindən imtina etmişdir. Hazırda cavabdehin 30 avqust 2023-cü il tarixli, 22 nömrəli müqavilə üzrə yaranan 1800 əsas borcu vardır. Müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə 180 manat peniya və 39.80 manat dövlət rüsumunun da cavabdehdən alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş- 30 avqust 2023-cü il tarixli, 22 nömrəli malların nisyə alqı-satqı müqaviləsi, müqaviləyə 1 saylı və 2 saylı əlavələrdən müəyyən olunur ki, iddiaçı 3300 manat dəyərində “İphone 14 pro“ markalı telefonu 6 aylıq kreditlə cavabdehin istifadəsinə vermiş, cavabdeh 500 manat ilkin ödəniş etmiş və 6 ay müddətində, 5 ay 500 manat, 1 ay 300 manat olmaqla mobil telefonun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, 2 ay 1000 manat ödəniş etmişdir. Tərəflər arasında bağlanmış malların nisyə alqı-satqı müqavilələrinin 1.1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də qeyd olunmuş satıcı tərəfindən alıcının mülkiyyətinə verilən və adı, sayı, çeşidi əlavə 1-də qeyd edilən əmtəədir. Mal satıcının mülkiyyətindədir və üçüncü şəxsin hüquqları ilə yüklü deyildir. Müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilən malı verməyi, alıcı isə müvafiq olaraq həmin malı qəbul etdikdən sonra müqavilədə göstərilən malın ümumi məbləğini müqavilənin ayrılmaq tərkib hissəsi olan əlavə 2-də göstərilən qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə qeyd edilmişdir ki, müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Müqavilənin 4.3-cü bəndində qeyd edilmişdir ki, alıcı tərəfindən müqavilədə göstərilən ilkin ödəniş ödənilməzsə mal satıcı tərəfindən alıcının mülkiyyətinə-ixtiyarına verilmir. Müqavilənin 4.4-cü bəndində qeyd edilmişdir ki, alıcı tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 2-ödəniş cədvəlində müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə, alıcı müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5 faiz məbləğində ödənişi satıcıya ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsində qeyd edilənlərdən, mülki işin materiallarından müəyyən edilir ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 30 avqust 2023-cü il tarixli, 22 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 3300 manat dəyərində “İphone 14 pro“ markalı telefonu 500 manat ilkin ödəniş etməklə 6 aylıq kreditlə almış və hazırkı vaxtadək onun tərəfindən 1000 manat əlavə ödəniş edilməmiş, 1800 manat borcunu ödməkdən imtina edir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə rəsmi xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Beləliklə, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanunidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin_ 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddiaçının təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 39.80 manat dövlət rüsumu cabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-5- 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-in xeyrinə 30 avqust 2023-cü il tarixli, 22 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 1800 manat əsas borc, 180 manat gecikdirilmiş peniya və 39.80 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2019.80 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar