Məhkəmə qərarları › İş №e-2(089)-159/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-159/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-159/2022 19.10.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Culfa rayon Məhkəməsinə müraciət etmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, 059SBFFM nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və Zamin 4360.31 manat əsas borc, 84.77 manat faiz borcu, 64.45 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmaasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 059SBFFM saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli, 2135SBFFK saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 09 avqust 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6-cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1- ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 dəfədən və ya 90 gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********1061 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 4445.08 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-nə (Ləğv prosesindədir) rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında üzrlü səbədən iştirak edə bilmədiyini bildirmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh və Zamin məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh və Zamin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 09 avqust 2019-cu il tarixli, 059SBFFM saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir. 09 avqust 2019-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh öhdəliyi zaminliklə təmin olunmuş, Zamin 09 avqust 2019-cu il tarixl kredit müqaviləsi üzrə X3 bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh 09 avqust 2019-cu il tarixli 059SBFFM nömrəli kredit müqaviləsi üzrə 08 aprel 2022-ci il tarixə əsas borcu 4360.31 manat əsas borc, faiz borcu 84.77 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Kredit müqaviləsinin 1.1-ci bəndində əsasən iddiaçı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, cavabdeh isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 24 aprel 2022-ci il tarixli məktubdan görünür ki, cavabdehlər Cavabdeh və Zamin kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəliyi lazımınca icra etmədiklərindən xəbərdarlıq edilmiş, edilmiş xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin borcalan Cavabdeh kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsi ilə bağlı bocalanla bərlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu X2 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməkdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Tərəflər arasında bağlanmış müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 dəfədən və ya 90 gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh hər ay əsas və faiz borc kimi 95.68 manat ödəniş etməlidir. Göründüyü kimi, cavabdeh ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə ödəməmiş, ödənişləri ardıcıl olaraq 2 aydan çox gecikdirmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olduğundan kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən 4445.08 manat pul tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 09 avqust 2019-cu il tarixli, 059SBFFM nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh və Zamin 09 avqust 2019-cu il tarixli 059SBFFM nömrəli kredit müqaviləsi üzrə əsas borc 4360.31 manat, faiz borcu 84.77 manat kredit borcu alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 64.45 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 09 avqust 2019cu il tarixli, 059SBFFM nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh və Zamin 4360.31 manat əsas borc, 84.77 manat faiz borcu, cəmi 4445.08 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi 64.45 manat alınaraq İddiaçı ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar