Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-165/2025 25.08.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət etmiş, Cavabdeh 7000 manat borcun, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 92 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh şəxs Cavabdeh ilə ailə qurmaq məqsədi ilə tanış olmuşdur. Sözügedən şəxs özünü ona subay kimi təqdim ederək onunla evlenmək istədiyini bildirmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, Seyidov X2 Çevik Polis Alayının 11-ci bölüyündə hərbi xidmət edir. Onunla niyyətinin ciddi olduğunu bildirdiyi üçün onunla münasibəti yarandı və onlar görüşməyə başlamışlar. Daha sonra cavabdeh maddi vəziyyətinin pis olduğunu, ona təcili 15.000 manat məbləğində pul lazım olduğunu bildirdi. Cavabdeh şəxs girov kimi isə xidməti silahının sənədini ona vermişdir. O da Cavabdeh onunla evlənəcəyinə inanaraq, etibar edərək maddi durumunun pis olduğunu, eyni zamanda onun polis olduğuna, formaya hörmət etdiyinə görə ona inanıb Azərbaycan Beynəlxalq Bankından 14.400 manat pul götürüb ona vermişdir. (bununla bağlı sənədlər əlavə olunur). Həmin pulun üç ayının ödənişini etdikdən sonra, cavabdeh şəxs Cavabdeh pulu olmadığını, ödənişləri edə bilməyəcəyini bildirdi. O, cavabdehə dəfələrlə zəng vurmağına baxmayaraq şəxs telefonlarına cavab verməmişdir. Daha sonra dəfələrlə Cavabdeh özü və ailəsi ilə əlaqə saxlamağına baxmayaraq, onlar ona hədəqorxu gələrək, bacısı və anası tərəfindən qeyri-etik ifadələr işlədilərək, əxlaqsız qadın olmağı ilə bağlı şər-böhtan atılmaqla azyaşlı övladının onun himayəsindən alınacağı ilə bağlı mesajlar gəlmişdir. Dəfələrə yenidən cavabdeh şəxsə himayəsində yaşlı anası, azyaşlı övladı olmasını bildirərək, onun üçün götürdüyü krediti ödəməsi ilə bağlı müraciət etməyinə baxmayaraq müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra isə cavabdeh öz öhdəsinə götürdüyü vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəbdən və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının vəkili Vəkil məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxılmasını və yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı və iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 mart 2024-cü il tarixli, BPM**********15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC və İddiaçı arasında kredit müqaviləsi bağlanmış, İddiaçı illik 24.9 % dərəcəsi ilə 59 ay müddətinə 14400 manat məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlindən görünür ki, tərəflər kreditin hər ay 425.45 manat ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş ödəniş qəzblərindən görünür ki, 17 aprel 2025-ci il tarixli, 1-316529038 nömrəli qəbzlə 92 manat, 04 sentyabr 2024-cü il tarixli, **********0 nömrəli qəbzlə 2400 manat, 04 sentyabr 2024-cü il tarixli qəbzlə 400 manat, 04 sentyabr 2024-cü il tarixli 1-56955364 nömrəli qəbzlə 200 manat, 04 sentyabr **********0 nömrəli qəbzlə 400 manat, 04 sentyabr 2024-cü il tarixli, **********2 nömrəli qəbzlə 200 manat, 21 aprel 2024-cü il tarixli qəbzlə 430 manat, 31 may 2024-cü il tarixli qəbzlə 430 manat, 28 sentyabr 2024-cü il tarixli qəbzlə 4000 manat, 30 sentyabr 2024-cü il tarixli qəbzlə 725 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş X3 səs yazılarından aydın olur ki, İddiaçı "xxxx" ASC-dən götürdüyü kredit məbləğini Cavabdeh vermişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş “vhatsapp” sosial şəbəkəsindəki yazışmalardan aydın olur ki, Cavabdeh İddiaçı onun üçün götürdüyü kredit məbləğini hər ay ödəməyi barədə öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə ailə qurmaq məqsədi ilə tanış olmuş, daha sonra cavabdeh iddiaçını aldadaraq ondan 15000 manat məbləğində kredit götürüb ona verməsini xahiş etmiş, İddiaçı 01 mart 2024cü il tarixdə "xxxx" ASC ilə aralarında bağlanmış BPM**********15 saylı kredit müqaviləsi əsasında bankdan 14400 manat məbləğində istehlak krediti götürmüş və həmin pulu Cavabdeh vermişdir. Cavabdeh kredit məbləğini hər ay ödəmək barədə üzərinə məsuliyyət götürsə də, öhədliklərini yerinə yetirməmiş, iddiaçının onun üçün götürdüyü kredit məbləğini tam ödəməmiş, həmin məbləğ hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı tələbinin sübuta yetdiyi müəyyən olunur. Qeyd etmək lazımdır ki, İddiaçı "xxxx" ASC ilə bağladığı istehlak krediti müqaviləsinə əsasən borclu şəxs qismində çıxış etmiş, lakin həmin kreditdən əldə olunan vəsait faktiki olaraq cavabdehin istifadəsinə verilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş X3 səs yazılarından, həmçinin iddiaçı tərəfin təqdim etdiyi “vhatsapp” sosial şəbəkəsindəki mesajlaşmalardan müəyyən olunur ki, həqiqətən də İddiaçı "xxxx" ASC-dən götürdüyü kredit məbləğini Cavabdeh vermişdir. Belə ki, səs yazılarından tam şəkildə aydın olur ki, bankdan götürülmüş pul məbləği Cavabdeh tərəfindən sayılaraq təhvil alınmışdır. Həmçinin Cavabdeh İddiaçı kredit borcunu 7 aya tamamilə bağlayacağı barədə yalan vədlər vermiş, onu aldatmışdır. “Vhatsapp” yazışmalarından görünür ki, iddiaçı həmçinin cavabdehin bacısı ilə mesajlaşmış, bacısı borcu 2024-cü ilin sentyabr ayına kimi ödəyəcəklərini bildirmiş, o cümlədən cavabdehin anası iddiaçıya göndərdiyi səs yazılarında "niyə buna (Cavabdeh) pul vermisən, bizi bu günə qoymusan, ana-atanla məsləhətləşərdin, canı çıxacaq borcunu verəcək" tipli ifadələr işlətmişdir. Cavabdeh bir neçə ayı ödəsə də, tam borcunu ödəməmişdir (təqdim edilən qəbzlərə əsasən). Beləliklə sübut olundu ki, Cavabdeh İddiaçı onun üçün götürdüyü kredit məbləğindən faydalanmış, lakin öhdəliyini yerinə yetirməmişdir. Bu hərəkətləri nəticəsində cavabdeh əsasssız varlanmış, iddiaçı isə maddi ziyana uğramışdır. Qanunvericiliyə əsasən əsassız varlanma hallarının mövcudluğu sübut edildikdə cavabdeh həmin vəsaiti iddiaçıya qayatmağa borcludur. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7000 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 92 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7000 manat pul və ödənilmiş 92 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim əvəzi: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(089)-165/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-165/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver