Məhkəmə qərarları › İş №e-2(089)-178/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-178/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-178/2025 05.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 1594 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 160 manat məbləğində pulun, ümumilikdə 1754 manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 37.54 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun və Cavabdeh arasında 10 may 2024-cü il tarixli, 212 nömrəli “Nisyə mal satılması” müqaviləsi bağlanmışdır. 10 may 2024-cü il tarixli, 212 nömrəli nisyə mal satılması müqaviləsinə əsasən Cavabdeh “İphone 14” markalı telefonu 12 aylıq kreditlə, 2300 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən ilkin ödəniş də daxil olmaqla 706 manat ödəniş edilmişdir. Eyni zamanda bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Hazırda qalan 1594 manat borcunu ödəməkdən imtina edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Buna görə o, ciddi maddi itkilərlə qarşılaşmışdır. Cavabdehin yuxarıda qeyd olunan 10 may 2024-cü il tarixli, 212 nömrəli müqavilədən yaranan 1594 manat əsas borcu vardır. Bundan əlavə müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə, yəni ümumilikdə 160 manat penya və 37.54 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını xahiş edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 10 may 2024-cü il tarixli, 212 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Nisyə mal satınalması müqaviləsi” bağlanmış, müqaviləyə əsasən Cavabdeh “İphone 14” markalı telefon satılmışdır. 25 aprel 2025-ci il tarixli arayışdan və müqaviləyə 1 nömrəli əlavədən müəyyən olunur ki, 10 may 2024-cü il tarixli, 212 nömrəli “Nisyə mal satınalması” müqaviləsi üzrə alqı-satqı qiyməti 2300 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 175 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 706 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 1594 manat, dəbbə pulu 160 manat təşkil edir. Cavabdehə İddiaçı olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 30 aprel 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 37.54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 10 may 2024-cü il tarixli, 212 nömrəli “Nisyə mal satınalması” müqaviləsinin 1.1 və 3.1-ci maddəsinə əsasən İddiaçı 2300 manat dəyərində mobil telefonu satmağı, Cavabdeh mobil telefonun dəyərinin 200 manatını ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə, qalan məbləğin, 2100 manat ödənilməmiş hissəsini müqavilənin tərkib hissəsi olan əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2 faizi miqdarında dəbbə pulu ödəməlidir. Məhkəmə hesab edir ki, 10 may 2024-cü il tarixli, 212 nömrəli müqavilə üzrə 1594 manat əsas borca görə 160 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, məhkəmə 160 manat məbləğində hesablanmış cərimə məbləğinin 50 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Cərimə pulunun 50 manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun 50 manatdan yuxarı məbləğdə müəyyən edilməsi öhdəliyin həcmi nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Beləliklə, müəyyən olundu ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli, 212 nömrəli müqavilə üzrə Cavabdeh ümumilikdə 1644 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Azərbaycan Respubikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 37.54 manat məbləğində dövlət rüsumunun 35.18 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 10 may 2024-cü il tarixli, 212 nömrəli müqavilə üzrə 1594 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1644 manat borc alınaraq İddiaçı verilsin. Ödənilmiş 37.54 manat dövlət rüsumunun 35.18 manat hissəsi alınaraq İddiaçı verilsin, 2.36 manat hissəsi İddiaçı özünə aid edilsin . İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar