Məhkəmə qərarları › İş №e-2(089)-179/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-179/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-179/2023 24.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh2 və Cavabdeh1 10 avqust 2021-ci il tarixli, İK1005760 saylı kredit müqaviləsi üzrə 18311.07 manat əsas borcu, 1162.46 manat faiz borcu olmaqla, ümumilikdə 19472.53 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 148.42 manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh2 tərəflər arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, İK1005760 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 10 avqust 2021-ci il tarixli, 1005760/24526 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürmüş, lakin bu öhdəliyi lazımınca icra etməmiş, müqavilə şərtlərini pozmuşdur. Borcalan tərəfindən kredit üzrə ödənişlər ödəniş qrafikinə uyğun həyata keçirilmədiyindən, borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış, borcalan və zamnə xəbərdarlıq məktubları ünvanlanmış, borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsəsən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş öhdəliklərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faiz üzərinə 10 faiz əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1-ci bəndində isə Zamin Borcalanın kreditor qarşısında Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıması müəyyənləşdirilir. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə 18311.07 manat əsas borcu, 1162.46 manat faiz borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" ASC-nə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasınının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, 09 iyun 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddianə qəbul etdiklərini, iddianı etiraf etdiklərini, iddianın təmin edilməsinə etirazlarının olmamadığını, xidmətlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 10 avqust 2021-ci il tarixli, İK1005760 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC və Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh2 25.000 manat məbləğində kredit verilmiş, kreditin müddəti 36 ay, illik faiz isə 17% müəyyən edilmişdir. 10 avqust 2021-ci il tarixli, 1005760/24526 saylı Zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyi zaminliklə təmin olunmuş, zamin Cavabdeh1 10 avqust 2021-ci il tarixli, İK1005760 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 10 avqust 2021-ci il tarixli, 2503 nömrəli məxaric orderinin surətindən görünür ki, 24.775.00 manat məbləğində pul nəğd olaraq Cavabdeh2 verilmişdir. 27 aprel 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 27 aprel 2023-cü il tarixə 18311.07 manat əsas borcu, 1162.47 manat faiz borcu olmaqla, ümumilikdə 19472.53 manat kredit borcu vardır. Məhkəmə cavabdehlərin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək, belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, cavabdehlər məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10 avqust 2021-ci il tarixli, İK1005760 saylı kredit müqaviləsi üzrə 18311.07 manat əsas borcu, 1162.46 manat faiz borcu alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 148.42 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC-in xeyrinə 10 avqust 2021-ci il tarixli, İK1005760 saylı kredit müqaviləsi üzrə 18311.07 manat əsas borc, 1162.46 manat faiz borcu olmaqla, ümumilikdə 19472.53 manat borc və 148.42 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar