Məhkəmə qərarları › İş №e-2(089)-184/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-184/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-184/2025 04.07.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7920.64 manat əsas borc, 497.50 manat faiz borcu, cəmi 8418.14 manat borcun və 104.18 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2024-cü il tarixli, RGTK1704108C500 saylı kredit müqaviləsinə əsasən ona 83 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 7920.64 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin 12 may 2025-ci il tarixə İddiaçı ASC-yə 7920.64 manat əsas, 497.50 manat faiz, cəmi 8418.14 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Nümayəndə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, bütün zəruri sənədlərin məhkəməyə təqdim edildiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, İddiaçı ASC ilə aralarında 09 dekabr 2024-cü il tarixli, RGTK1704108C500 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən ona illik 17 % dərəcəsi ilə 83 ay müddətinə 7920.64 manat məbləğində kredit verilmişdir. 09 dekabr 2024-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş, ümumiyyətlə kredit müqaviləsi üzrə ödəniş etməmişdir. Borcunu ödəyə bilməməsinin səbəbi analıq məzuniyyətinə çıxması, həmçinin yoldaşının da işləməməsi olmuşdur. İddianı etiraf edir, iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixli, RGTK1704108C500 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 17 % dərəcəsi ilə 83 ay müddətinə 7920.64 manat məbləğində gündəlik tələbat krediti verilmişdir. Kassa məxaric orderinin surətindən görünür ki, 7920.64 manat Cavabdeh İddiaçı ASC-nin Naxçıvan filialı tərəfindən nağd olaraq verilmişdir. 12 may 2025-ci il tarixli, 15/01025 nömrəli Maliyyə arayışından görünür ki, 09 dekabr 2024-cü il tarixli, RGTK1704108C500 saylı kredit müqaviləsi üzrə Cavabdeh 12 may 2025-ci il tarixə 7920.64 manat əsas, 497.50 manat faiz, cəmi 8418.14 manat borcu vardır. 09 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. 12 may 2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 104.18 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 09 dekabr 2024-cü il tarixli, RGTK1704108C500 saylı kredit müqaviləsi üzrə 7920.64 manat əsas borc, 497.50 manat faiz borcu alınaraq İddiaçı ASCin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 104.18 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə , qət etdi: İddia təmin edilsin. Cavabdeh 09 dekabr 2024-cü il tarixli, RGTK1704108C500 saylı kredit müqaviləsi üzrə 7920.64 manat əsas borc, 497.50 manat faiz borcu, cəmi 8418.14 manat borc və 104.18 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar