Məhkəmə qərarları › İş №e-2(089)-203/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-203/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-203/2022 01.11.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 07 avqust 2020-ci il tarixli, 1292nkNAR/20 saylı kredit müqaviləsi üzrə 270.27 manat əsas borc, 28.04 manat faiz borcu, 9.31 manat cərimə borcu olmaqla, cəmi 307.62 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində pulun "xxxx" KB ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-in nümayəndəsi Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehlə "xxxx" KB ASC-i arasında 07 avqust 2020-ci il tarixli, 1292nkNAR/20 saylı kredit müqaviləsi imzalanmış, Cavabdeh "xxxx" KB ASC-ən istehlak məqsədləri üçün 18 ay müddətinə illik 27.5 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bü müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.Lakin kredit alan müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. 07 avqust 2020-ci il tarixli, 1292nkNAR/20 saylı kredit müqaviləsinə əsasən 21 fevral 2022-ci il tarixinə Cavabdeh banka 270.27 manat əsas borcu, 28.04 manat faiz borcu və 9.31 manat cərimə borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən "xxxx" KB ASC-in tələbinin sübuta yetdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər yekun məhkəmə qərarının çıxarılması üçün kifayətdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, "xxxx" KB ASC-i və cavabdeh arasında 07 avqust 2020-ci il tarixli, 1292nkNAR/20 saylı kredit müqaviləsi imzalanmış, Cavabdeh "xxxx" KB ASC-ən 18 ay müddətinə illik 27.5 % ödəmək şərtilə 500 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, bunun üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən 18 ay müddətinə illik 27.5 faiz ödəmək şərtilə 500 manat məbləğindəkredit alnın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən kredit alan kredit və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin təqvim günüdən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borc məbləğinin illik 40 faizi həddində cərimə tətbiq edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-5- 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" KB ASC-in xeyrinə 270.27 manat əsas borc, 28.04 manat faiz borcu, 9.31 manat cərimə borcu və 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 338.02 (üç yüz otuz səkkiz manat sıfır iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X1 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar