Məhkəmə qərarları › İş №e-2(089)-205/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-205/2025

08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-205/2025 08.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı nümayəndəsi, vəkili Vəkil iddia ərizəsi ilə məhkməyə müraciət etmiş, Cavabdeh iddiaçının "Mitsubishi Attrage markalı, ** RX *** qeydiyyat nişanlı avtomobilinə vurduğu ziyanla bağlı təmir xərci olan 4090 manat, "Mersedes Benz C200" markalı, ** VZ *** qeydiyyat nişanlı avtomobilinə vurduğu ziyanla bağlı təmir xərci olan 3100 manat, hər 2 nəqliyyat vasitələrinin təmir xərcinin qiymətləndirilməsi barədə ekspertiza rəyi üçün ödənilmiş 600 manat, avtomobillərinin təmirinə başlamaq və təmiri davam etdirmək üçün ödədiyi 1120 manat, iddia qaldırmaq və hüquqi yardıma görə qonorar olaraq vəkilə ödədiyi 250 manat və dövlət rüsumu olaraq ödəmiş olduğu 109.1 manat olmaqla, ümumilikdə 9269 manat pulun məhkəmə tərəfindən İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi, vəkili Vəkil iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı 01 iyun 2024-cü il tarixdə özünə məxsus "Mersedes Benz C200" markalı, ** VZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini rənglətmək üçün Naxçıvan MR Culfa şəhər sakini olan, lakin Bakı şəhərində dəmirçi-rəngsaz işləyən Cavabdeh Zahid oğlu ilə danışıb. Danışıqları belə olub ki, nəqliyyat vasitəsinin ümumi işlərinə 1300 manat ödəyəcək. Bundan sonra İddiaçı qısa aralıqlarla cavabdehə zəhmət haqqı olaraq 1120 manat pul ödəyib. Cavabdeh avtomobili təmir etmək üçün müxtəlif detallarını söksə də, 1 ilə yaxın müddət ərzində heç bir iş görməyib. Cavabdeh təmir etmək üçün təhvil götürdüyü avtomobili işlədiyi sexin həyətində yarı sökülü vəziyyətdə saxlayaraq iş yerini dəyişərək iddiaçı ilə telefon əlaqələrini kəsib. Eyni zamanda iddiaçı 2024-cü ilin iyun ayının 3-də özünə məxsus "Mitsubishi Attrage" markalı, ** RX *** qeydiyyat nişanlı digər nəqliyyat vasitəsinin arxa qanadını (krlosunu) da boyamaq üçün Cavabdeh verib. O, iddiaçının hər iki avtomobilini təmir etməli (boyamalı) idi. Cavabdeh işlədiyi sex Maştağa qəsəbəsində, özü isə Binə qəsəbəsində qaldığından işə vaxtında gedib-gəlməyi üçün "Mitsubishi Attrage" markalı, ** RX *** qeydiyyat nişanlı avtomobili, həmçinin "Mersedes Benz C200" markalı, ** VZ *** qeydiyyat nişanlı avtomobilləri idarə etməyi üçün ona etibarnamələr də verib. Cavabdeh nəqliyyat vasitəsini qısa müddətdə təmir edəcəyinə söz verməsinə baxmayaraq, həmin nəqliyyat vasitəsini öz şəxsi məqsədlərinə istifadə etmək üçün təmirini uzadıb və nəticədə xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində "Mitsubishi Attrage" markalı, ** RX *** qeydiyyat nişanlı avtomobillə qəza törədib və həmin avtomobili yararsız hala salıb. Həmin qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə əhəmiyyətli miqdarda ziyan dəyib. Həmin qəzada təqsirli olduğundan Nərimanov RPİ-in Yol Patrul Xidməti tərəfindən Cavabdeh İXP6426694 nömrəli protokol da tərtib edilib. Həmin qəza nəticəsində avtomobilin ** RX *** qeydiyyat nişanı itdiyinə görə, ona yeni ** NZ *** qeydiyyat nişanı alınıb. İddiaçı yol nəqliyyat hadisəsi ilə və Cavabdeh ona vurduğu zərərlə bağlı 25- 171xx-xx-007761 nömrəli müraciətlə Bakı şəhər Prokurorluğuna və 3-13/1-M262xx/xx/2025 nömrəli müraciətlə DİN-nin Sabunçu rayon 14-cü polis bölməsinə müraciət etmiş və həmin qurumlardan müraciəti mülki məsələ olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. O da, Bakı şəhər Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(011)-3953/2025 nömrəli qərardadı ilə Cavabdeh rəsmi qeydiyyat yeri ünvan 1 ünvanı olduğu müəyyən edildiyindən, iddia və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bu səbəbdən də iddiaçı Culfa rayon Məhkəməsinə müraciət edir Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkili iştirak etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərlə eyni məzmunda izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh Bakı şəhərində yaşayır. Vurduğu maddi ziyanı ödəməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilmişdir. Məhkəməyə müraciət edildiyini bilir. Cavabdeh Maştağa Qartal servisdə işləyirdi. Nəqliyyat vasitələrini ustaya aparmaq lazım olar deyə iddiaçıdan hər iki nəqliyyat vasitəsi üçün etibarnamə verməsini istəmiş, iddiaçı da vermişdir. Daha sonra cavabdeh işi yubatmağa başlamış, həmçinin gündəlik “Mitsubishi Attrage minik” markalı avtonəqliyyat vasitəsini istifadə etmişdir. Həmin müddətdə cavabdeh iddiaçıdan ləvazimatlar üçün pul ödəməsini tələb etmiş, iddiaçı 1120 manat ödəmişdir. İddiaçı sonda görmüşdür ki, Cavabdeh heç bir avtomobili təhvil vermir. Bundan sonra maraqlanmış və aydın olmuşdur ki, Cavabdeh icarə pulunu ödəmədiyi üçün işlədiyi sexdən çıxarılmışdır. Cavabdeh nəqliyyat vasitəsi ilə qəza törətdikdən sonra aparıb öz həyətində saxlamış, nəqliyyat vasitəsi yağışın altında qalmışdır. İddiaçı nəqliyyat vasitələrinə dəymiş zərərin qiymətləndirilməsi üçün öz hesabına ekspertiza keçirmiş, rəylər alınmış, bunun üçün 600 manat ödəmişdir. İddiaçı məsələ ilə bağlı prokurorluğa, polisə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı verilmiş 30 aprel 2025-ci il tarixli, MB 18/0414 nömrəli ekspert rəyindən görünür ki, ** VZ *** dövlət nömrə nişanlı, “Mercedes Benz C200” minik avtonəqliyyat vasitəsinin təmir xərcinin dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə işi həyata keçirilmiş, ** VZ *** dövlət nömrə nişanlı, “Mercedes Bnez C200” markalı minik avtonəqliyyat vasitəsinin (Sedan tip, 2000-ci il buraxılış ili) təmir xərcinin 30 aprel 2025-ci il tarixə hesablanmış dəyəri 3100 manat müəyyən edilmişdir. (Təmir xərci- qabaq fara sbor- 2 ədəd- 300 manat; arxa stop sbor- 2 ədəd- 200 manat; kapot hava yeni- 1 ədəd- 50 manat, qabaq bufer sbor- 1 ədəd- 250 manat; bufer alt işıqları- 2 ədəd- 140 manat; qabaq bufer salarka- 2ədəd- 60 manat; arxa bufer- 1 ədəd- 200 manat; arxa bufer salarka- 2 ədəd- 40 manat; akkumulyator 90A- 1 ədəd- 170 manat; qabaq oturacaq- 1 ədəd- 100 manat; qapı obivkası- 4 ədəd- 200 manat; cəmi 1750 manat; zəhmət haqqı- rəngsaz- 1000 manat; armatur-300 manat; elektrik-50 manat- cəmi 1350 manat; yekun cəmi- 3100 manat) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı verilmiş 30 aprel 2025-ci il tarixli, MB 18/0413 nömrəli ekspert rəyindən görünür ki, ** NZ *** dövlət nömrə nişanlı, “Mitsubishi Attrage” minik avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin təmir xərci dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə işi həyata keçirilmiş, ** NZ *** dövlət nömrə nişanlı, “Mitsubishi Attrage minik” markalı avtonəqliyyat vasitəsinin (Sedan tip, 2014-cü il buraxış ili) təmir xərcinin 30 aprel 2025-ci il tarixə hesablanmış dəyəri 4090 manat müəyyən edilmişdir. (Təmir xərci- antifriz- 1 litr- 20 manat; frion-1 kq- 45 manat; kapot- 1 ədəd- 400 manat; kondisioner radiatoru- 1 ədəd- 220 manat; ön bamper- 1 ədəd- 280 manat; ön barmaqlıq- 1 ədəd- 280 manat; ön sağ fara- 0, 50 ədəd- 200 manat; ön sağ qanaq- 1 ədəd- 160 manat; ön sol fara- 1 ədəd- 400 manat; ön son qanad- 1 ədəd- 160 manat; su radiatoru- 1 ədəd- 220 manat; qabaq ekran- 1 ədəd- 300 manat; qabaq buferin salaskası- 2 ədəd- 40 manat; rulun paduşkası-1 ədəd- 200 manat; dövlət qeydiyyat nişanının, dövlət qeydiyyat haqqında şəhadətnamənin alınması və dəyişdirilməsi- 60 manat, cəmi 2830 manat; zəhmət haqqı- armatur işi- 110 manat; çilingər- 50 manat; dəmirçi- 500 manat; rəngsaz- 600 manat, cəmi 1260 manat; yekun cəmi- 4090 manat) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında bağlanmış 30 aprel 2025ci il tarixli, MB 069/2025 nömrəli müqavilədən görünür ki, icra edilmiş iş üzrə xidmət haqqı ƏDV daxil cəmi 600 manat təşkil edir. 415546 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi üçün 600 manat ödənilmişdir. Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair 03 may 2024-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, İddiaçı “Mercedes Benz C200 minik” markalı (ban nömrəsi- WDB2030041AD58013, buraxılış ili-2000-ci il) nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibarnamə vermişdir. Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair 11 iyun 2024-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, İddiaçı “Mitsubishi Attrage minik” markalı (ban nömrəsi- MMBSTA13AEH01946, buraxılış ili-2014-cü il) nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibarnamə vermişdir. 30 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 20, mənzil 60, korpus 1, giriş A-da yaşayan İddiaçı məxsus olan “Mitsubishi Attrage” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobili dövlət qeydiyyat nişanının birinin naməlum şəraitdə itirilməsi barədə DYP-nin şəxsi heyəti təlimatlandırılmış, arayış göstərilən avtomobilin sahibinə yeni dövlət qeydiyyat nişanlarının verilməsi məqsədilə AR DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinə təqdim edilmək üçün verilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh avtomobillərin təmirinə başlamaq və təmiri davam etdirmək üçün 1-17896863 nömrəli qəbzlə 300 manat, 1-5610220 nömrəli qəbzlə 60 manat, 1-216508073 nömrəli qəbzlə 100 manat, ********* nömrəli qəbzlə 90 manat, ********* nömrəli qəbzlə 50 manat, 1-43648772 nömrəli qəbzlə 100 manat, 1-207420344 nömrəli qəbzlə 50 manat, 1-34147678 nömrəli qəbzlə 40 manat, 1-81917593 nömrəli qəbzlə 330 manat ödənilmişdir. 23 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 20 iyul 2024-cü il tarixdə saat 02:00-da “Mitsubishi Attrage minik” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 40 manat məbləğində cərimə edilmişdir. 02 iyun 2025-ci il tarixli, EM-06/66VK-29125/25 nömrəli müqavilə ilə İddiaçı və Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqi yardım göstərilməsi barədə müqavilə bağlamışlar və hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 270 manat müəyyən edilmişdir. 04 iyun 2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün 109.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, vəkilinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan iddia təmin olunmalıdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmənin qənaəti bundan ibarətdir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları sübut edə bilmişdir. Belə ki, məhkəmədə müəyyən olundu ki, İddiaçı və Cavabdeh ilk öncə İddiaçı mülkiyyətində olan “Mercedes Benz C200” markalı, ** VZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini rənglətmək üçün razılığa gəlmişlər və 1300 manat ödənilməsini razılaşdırmışlar və İddiaçı 1120 manat ödəmişdir. Cavabdeh avtomibili təmir etmək üçün sökmüş, lakin işini görməmiş, nəqliyyat vasitəsi 1 ilə yaxın müddət ərzində yarı sökülü vəziyyətdə qalmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, ** VZ *** dövlət nömrə nişanlı, “Mercedes Bnez C200” markalı minik avtonəqliyyat vasitəsinin təmir xərcinin 30 aprel 2025-ci il tarixə hesablanmış dəyəri 3100 manat təşkil edir. Həmçinin iddiaçı 2024-cü ilin iyun ayında mülkiyyətində olan “Mitsubishi Attrage” markalı, ** RX *** qeydiyyat nişanlı digər avtomobilinin də arxa qanadını boyamaq üçün Cavabdeh vermiş, lakin həmin nəqliyyat vasitəsini də cavabdeh boyamamışdır. Həmçinin İddiaçı cavabdehin işi daha tez görməsi üçün hər iki nəqliyyat vasitəsi üçün Cavabdeh nəqliyyat vasitələrindən istifadə etməsi üçün etibarnamələr vermişdir. Həmin müddətdə Cavabdeh “Mitsubishi Attrage” markalı, ** RX *** qeydiyyat nişanlı avtomobillə qəza törətmiş, avtomobili yararsız hala salmış, barəsində Nərimanov RPİ-nin Yol Patrul Xidməti tərəfindən barəsində protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, ** NZ *** dövlət nömrə nişanlı, “Mitsubishi Attrage minik” markalı avtonəqliyyat vasitəsinin (Sedan tip, 2014-cü il buraxış ili) təmir xərcinin 30 aprel 2025-ci il tarixə hesablanmış dəyəri 4090 manat müəyyən edilmişdir. Kassa mədaxil orderinin qəbzindən görünür ki, ekspert rəyləri üçün 600 manat ödəniş edilmişdir. Həmçinin iddiaçı Cavabdeh hər iki avtomobilin təmirinə başlamaq və təmiri davam etdirmək üçün ödədiyi 1120 manat məbləğində pulu ödəməsi ilə bağlı qəbzləri iş materiallarına əlavə edərək bu halı da sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 109.1 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "Mitsubishi Attrage" markalı, ** RX *** qeydiyyat nişanlı və "Mercedes Benz C200" markalı, ** VZ *** qeydiyyat nişanlı avtomobillərin təmir xərci üçün ödənilən 7190 manat, ekspertiza rəyi üçün ödənilmiş 600 manat, avtomobillərin təmirinə başlamaq və təmiri davam etdirmək üçün ödənilmiş 1120 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 250 manat olmaqla, cəmi 9160 manat məbləğində pul və ödənilmiş 109.1 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim əvəzi: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar