Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-247/2025 03.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, ********* saylı, 15 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cəmi borcu 5288.60 ABŞ dolları-bundan 2.059.58 ABŞ dolları əsas, 635.05 ABŞ dolları faiz, 2297.01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 296.96 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 109.91 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, İddiaçı X3 Mərkəz filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Əsas vəsaitin artırılması məqsədi ilə 18 ay müddətinə, illik 32% dərəcəsi ilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında ********* saylı, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məluat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh3” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən kreditin müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmiş kreditin məbləği 4140.68 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Nümayəndə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbini müdafiə etdiklərini, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh1 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 “Əsas vəsaitin qaytarılması” məqsədi ilə bank tərəfindən illik 32% dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM-130007762 saylı zaminlik müqaviləsinin və xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə 1 nömrəli 04 sentyabr 2015-ci il tarixli və 2 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 zamin qismində kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 2 nömrəli Əlavə Sazişin surətindən görünür ki, bank tərəfindən xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borc məbləği restrukturizasiya edilmiş və retrukturizasiyası edilmiş kreditin müddəti xx.xx.2022ci il tarixədək müəyyən edilmişdir. Restruktruzasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilir. Restruktruzasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 % təşkil edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 2.059.58 ABŞ dolları əsas, 635.05 ABŞ dolları faiz, 2.297.01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 296.96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5288.60 ABŞ dolları borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərmiş, kredit sazişi üzrə öhdəliklərin icra edilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. 15 iyul 2025-ci il tarixdə **********07 nömrəli dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 109.91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının 10-cu bəndində qeyd olunur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göründüyü kimi, Cavabdeh3 yuxarıda qeyd olunan kredit sazişi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Odur ki, iddia tələbi borcalan tərəfindən öhdəliklərin icrasının pozulması baxımından əsaslı hesab edilməlidir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi digər cavabdehlər olan zaminlərə qarşı əsaslı olsa da, qanunla müəyyən edilmiş müddət ötürüldüyündən zaminlərə münasibətdə iddia rədd edilməlidir. Belə ki, əsas öhdəliyin son icra müddəti xx.xx.2022-ci il tarix müəyyən edilmiş, iddiaçı tərəfindən isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi öhdəliyin icrası üçün müəyyən edilmiş müddət xx.xx.2022-ci ildə başa çatsa da, qanunla müəyyən edilmiş bir illik kəsici müddət ərzində zaminlərə qarşı kreditor tərəfindən iddia tələbi irəli sürülməmişdir. Odur ki, iddia tələbi yalnız əsas borcluya münasibətdə əsaslı hesab edilə bilər. Beləliklə, sadalanan qanunvericilik aktlarına və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh3 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 2059.08 ABŞ dolları əsas borc, 635.05 ABŞ dolları faiz borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 296.96 ABŞ dolları faiz borcu tutulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, 2297.01 ABŞ dolları məbləğində cərimənin alınması tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, tələb olunan 2297.01 ABŞ dolları məbləğində cərimənin azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 109.91 manat məbləğində dövlət rüsumunun 64.25 manat hissəsi Cavabdeh3 iddiaçının xeyrinə tutulmalı, 45.66 manat hissəsi Ləğv Prosesində olan İddiaçı ASC-nin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220- ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 2059.58 ABŞ dolları əsas borc, 635.05 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 296.96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3091.59 (üç min doxsan bir dollar 59 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və cərimə pulunun qalan hissəsinə münasibətdə təmin edilməsin. Ödənilmiş 109.91 manat məbləğində dövlət rüsumunun 64.25 manat hissəsi Cavabdeh3 tutularaq Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilsin, 45.66 manat hissəsi Ləğv Prosesində olan İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-247/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-247/2025
03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver