Məhkəmə qərarları › İş №e-2(089)-271/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-271/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-271/2023 15.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının nümayəndəsi Y.İsgəndərova iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 20 sentyabr 2022-ci il tarixli, SRNPU-04256 saylı kredit müqaviləsi üzrə 4183.80 manat əsas borc, 188.09 manat faiz borcu, 265.62 manat dəbbə borcu olmaqla, cəmi 4637.51 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 66.38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Y.İsgəndərova tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli, SRNPU-04256 saylı kredit müqaviləsinə əsasən illik 14% dərəcəsi olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. 20 sentyabr 2022-ci il tarixli, SRNPU-04256 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, peniya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir.Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli,SRNPU-04256 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab oğlunan ödəniş cədvəli əsasında, hər ayın 20-dən gec olmayaraq hər ay 170.89 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmiş, nəticədə cavabdehin Banka 16 avqust 2023-cü il tarixinə 4183.80 manat əsas borc, 188.09 manat faiz borcu, 265.62 manat cərimə borcu olmaqla, cəmi 4637.51 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli, SRNPU-04256 saylı müqaviləyə əsasən İddiaçı ASC-i Cavabdeh 5000 manat məbləğində kredit vermiş, kreditin müddəti 36 ay, illik faiz dərəcəsi 14 faiz müəyyən edilmişdir. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli arayışından görünür ki, cavabdehin iddiaçıya 4183.80 manat əsas borcu, 188.09 manat faiz borcu, 265.62 manat cərimə borcu, cəmi 4637.51 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı ASC-nin tələbinin sübuta yetdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər yekun məhkəmə qərarının çıxarılması üçün kifayətdir. Odur ki, iddiaçının əsas və faiz borcu tələbinin tam, cərimə borcu tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 20 sentyabr 2022-ci il tarixli, SRNPU-04256 saylı krediti müqaviləsi bağlanmış, bank Cavabdeh illik 14 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə Banka 4183.80 manat məbləğində əsas borc, 188.09 manat məbləğində faiz borcu qalmışdır. “Bank Xidmətlərinin Göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Müştərinin, yəni “Kredit alan”ın vəzifəsidir (3.1-ci bənd). Məhkəmə hesab edir ki, iddianın əsas və faiz borcu tələbinin təmin edilməsi aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanunidir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilənin ümumi şərtlərinə əsasən müştəri qrafik üzrə ödənişi gecikdirdikdə, birinci gecikmə günündən başlayaraq bank müştəridən kredit götürülməsinə dair müvafiq razılaşma və ya sms-lə təsdiq olunmuş razılaşma üzrə gecikdirilmiş məbləğin 1 faizi həcmində dəbbə pulu ödənilməsini tələb edə bilər. Məhkəmə iddiaçının cərmə borcu barədə tələbi ilə bağlı bildirir ki, həmin hissədə iddia qismən təmin edilməli, cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kreditorun əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini nəzərə alır və belə nəticəyə gəlir ki, dəbbə borcu azaldılmalı, 26 manat dəbbə pulu cavabdehdən alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Beləliklə, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 66.38 manat dövlət rüsumunun 62.95 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 3.43 manat hissəsi iddaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 284-5- 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20 sentyabr 2022-ci il tarixli, SRNPU-04256 saylı kredit müqaviləsi üzrə 4183.80 manat əsas borc, 188.09 manat faiz borcu, 26 manat cərimə borcu, 66.38 manat ödənilmiş dövlət rüsumunun 62.95 manat hissəsi, cəmi 4.460.84 manat alınıb İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş 66.38 manat dövlət rüsumunun 3.43 manat hissəsi iddaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimMehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar