Məhkəmə qərarları › İş №e-2(089)-350/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-350/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-350/2024 17.12.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 12947.84 manat əsas borc, 1376.49 manat faiz borcu olmaqla, cəmi 14324.33 manat borcun və 132.97 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh və İddiaçı ASC-i arasında elektron qaydada ( mobil tətbiqi vasitəsilə) 12 iyul 2023-cü il tarixli, GTZK2394970B299 saylı kredit müqaviləsi bağlanmış, 12 iyul 2023-cü il tarixli, GTZK2394970B299 saylı kredit müqaviləyə əsasən Cavabdeh illik 24.5 % dərəcəsi ilə 48 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Daha dəqiq, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Nəticədə Cavabdeh 21 oktyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 12947.84 manat əsas borcu, 1376.49 manat faiz borcu olmaqla cəmi 14324.33 manat borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Nümayəndə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ilə bağlı bütün zəruri sənədlərin məhkəməyə təqdim edildiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli, GTZK2394970B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-i və Cavabdeh arasında elekron qaydada (mobil tətbiq vasitəsilə) kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 24.5 % dərəcəsi ilə 48 ay müddətinə 14500 manat məbləğində gündəlik tələbat krediti verilmişdir. Tərəflər arasında bağlanmış 12 iyul 2023-cü il tarixli, GTZK2394970B299 saylı kredit müqaviləsindən görünür ki, 14500 manat H.X4 ASC-nin X2 tərəfindən ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. 25 oktyabr 2024-cü il tarixli, 15/00615 nömrəli maliyyə arayışından görünür ki, 21 oktyabr 2024-cü il tarixə Cavabdeh 12 iyul 2023-cü il tarixli, GTZK2394970B299 saylı kredit müqaviləsi üzrə 12947.84 manat əsas borc, 1376.49 manat faiz, cəmi 14324.33 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək, belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh və Kapital Bank ASC-in arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) 12 iyul 2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh illik 24.5 % dərəcəsi ilə 48 ay müddətinə 14500 manat kredit ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam ödəməmişdir. Cavabdeh 12 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 12947.84 manat əsas borc, 1376.49 manat faiz borcu vardır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə aralarında razılığa gəlmiş, əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit müqaviləsi üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 12 iyul 2023cü il tarixli kredit müqaviləsi üzrə 12947.84 manat əsas borc, 1376.49 manat faiz borcu alınaraq İddiaçı ASC-in hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 132.97 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə , qət etdi: İddia təmin edilsin. Cavabdeh 12 iyul 2023-cü il tarixli, GTZK2394970B299 saylı kredit müqaviləsi üzrə 12947.84 manat əsas borc, 1376.49 manat faiz, cəmi 14324.33 manat borc və 132.97 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar