Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-62/2023 16.03.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh1 və Cavabdeh2 10 noyabr 2020-ci il tarixli, İK1011/01 saylı kredit müqaviləsi üzrə 8201.88 manat əsas borcu, 2426.20 manat faiz borcu olmaqla, ümumilikdə 10628.08 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 121.88 manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 10 noyabr 2020-ci il tarixli, İK1011/01 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X2 ilə 10 noyabr 2020-ci il tarixli, ZM1011/01 saylı zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməmiş, müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılaraq şifahi, xəbərdarlıq məktubları ünvanlanmış, borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə 8201.88 manat əsas borcu, 2426.20 manat faiz borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" ASC-nə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilmiş, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 10 noyabr 2020-ci il tarixli, İK1011/01 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC və Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh1 10.000 manat məbləğində kredit verilmiş, kreditin müddəti 36 ay, illik faiz isə 17% müəyyən edilmişdir. 10 noyabr 2020-ci il tarixli, ZM1011/01 saylı Zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyi zaminliklə təmin olunmuş, zamin Cavabdeh2 10 noyabr 2020-ci il tarixli, İK1011/01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür 10 noyabr 2020-ci il tarixli, 733 nömrəli məxaric orderinin surətindən görünür ki, 9.910 manat məbləğində pul nəğd olaraq Cavabdeh1 verilmişdir. 19 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 19 yanvar 2023-cü il tarixə 8201.88 manat əsas borcu, 2426.20 manat faiz borcu olmaqla, ümumilikdə 10628.08 manat kredit borcu vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Kredit müqaviləsinin 1.1-ci bəndində əsasən kreditin növü istehlak krediti olaraq "xxxx" ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə, 17%-lə 10.000 manat məbləğində kredit vermiş, Cavabdeh1 kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüş, lakin öhdəliklərini lazımi qaydada icra etməmiş, 8201.88 manat əsas borc, 2426.20 manat faiz borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 04 avqust 2022-ci il tarixli məktublardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəliyi lazımınca icra etmədiklərindən xəbərdarlıq edilmiş, edilmiş xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsi ilə bağlı borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanunidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh1 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş, əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməkdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh1 hər ay əsas və faiz borc kimi 356.53 manat ödəniş etməlidir. Göründüyü kimi, cavabdeh ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə ödəməmiş, ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz hallarıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 noyabr 2020-ci il tarixli, İK1011/01 saylı kredit müqaviləsi üzrə 8201.88 manat əsas borcu, 2426.20 manat faiz borcu olmaqla, ümumilikdə 10628.08 manat kredit borcu alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 121.88 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-in xeyrinə 10 noyabr 2020-ci il tarixli, İK1011/01 saylı kredit müqaviləsi üzrə 8201.88 manat əsas borc, 2426.20 manat faiz borcu olmaqla, ümumilikdə 10628.08 manat borc və 121.88 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-62/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-62/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver