Məhkəmə qərarları › İş №e-2(089)-69/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-69/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-69/2021 23.04.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 901 manat əsas borc, 270 manat cərimə, ümumilikdə 1171 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1201 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, cavabdeh və “xxxx” MMC arasında xx xxxxxx 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi bağlamış, müqaviləyə əsasən cavabdeh “Samsung” markalı paltaryuyan maşını almış, 18 ay ödəniş cədvəli üzrə, hər ay 59 manat olmaqla, cəmi 1049 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə 62 manat ödəniş etmiş, 901 manat borcu var. Dəfələrlə xəbərdarlıq edilmiş, cavabdeh borcu ödəməkdən yayınır. Nisyə alqı-satqı müqavilısinin 1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizi əşyanın dəyərinin qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddəti üçün hesablanır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış məbləğinə gündəlik 1 faizlə hesablanmış cərimə məbləği 270 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsinə məlumat verilmiş, iddiaçının nümayəndəsi İsmayıl İsmayılbəyli məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəməyə gəlmə imkanı məhdud olduğundan, iştirakı olmadan mülki işə baxılmasını, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi xx xxxxx 2021-ci il tarixli etiraz ərizəsində üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, iddia ilə razılaşmadığını bildirmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC və Cavabdeh arasında müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh 1049 manat dəyərində “Samsung” markalı paltaryuyan maşını satılmışdır. İş materiallarında olan maliyyə arayışından və xx xxxxxx 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən qiyməti 1049 manat olan “Samsung” paltaryuyan maşını üçün ödəniş müddəti 18 ay, aylıq ödəniş 59 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdehdən “xxxx” MMC-yə olan 901 manat əsas borc və müqavilə şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 270 manat cərimə borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən qeyd edilmişdir ki, gecikdirlən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən ödənilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, İddiaçı “xxxx” MMC və Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsindən müəyyən olur ki, cavabdeh iddiaçıdan “Samsung WW-65K52E69SDLP” markalı paltaryuyan maşını almış, lakin müqavilə şərtlərini pozaraq ödənişi tam həyata keçirməmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində müqavilə üzrə cavabdehin 901 manat əsas borcunun olmasını qeyd etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 404 manat əsas borcu var. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli **********28 nömrəli (150 manat), xx xxxxxx 2019-cu il tarixli **********9 nömrəli (75 manat), xx xxxxxx 2020-ci il tarixli, **********8 nömrəli (75 manat), xx xxxxxx 2020-ci il tarixli, **********1 nömrəli (75 manat), xx xxxx 2021-ci il tarixli, **********3 nömrəli (70 manat) mədaxil qəbzlərindən, xx xxxxxx 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, cavabdeh tərəfindən ********* nömrəli müqavilə üzrə 645 manat ödəmə aparılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 111311 nömrəli qəbzdən müəyyən edilir ki, həm qəbzdə qeyd edilmiş 200 manat xx xxxxxx 2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə aparılmış ödəmə deyil, X2 tərəfindən karta köçürülən pul məbləğidir ki, həmin məbləğ də alqı-satqı müqaviləsi üzrə ödənilən pul məbləği kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından da göründüyü kimi iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borcun, cərimənin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən gecikdirilmiş vaxt üçün hər növbəti təqvim gününə hesablanmış 1 faiz penya tələbi qanunvericiliyə uyğundur. Belə ki, iddiaçı cavabdehə ümumilikdə 1049 manat məbləğində əmlak vermiş, cavabdeh isə ümumi məbləğin 645 manatını ödəmişdır. İddiaçının tələb etdiyi 1201 manat pulun 901 manatını əsas borc, 270 manatını cərimə pulu təşkil etsə də, məhkəmə hesab edir ki, əsas borc tələbi 404 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Ağayev Elnur Nurəddin oğlundan “xxxx” MMC-nin xeyrinə 404 manat əsas borc, 270 manat cərimə pulu, cəmi 674 manat pul tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin xeyrinə 404 manat əsas borc, 270 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 704 (yeddi yüz dörd) manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar