Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-75/2022 11.05.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MM QBKT-in nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" MM QBKT-nin xeyrinə əsas borc 13471 manat, faiz borcu 3075 manat, cərimə borcu 24.60 manat, cəmi 16570.60 manat borcun, həmçinin ödənilmiş 140 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MM QBKT-in nümayəndəsi Nümayəndə iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MM QBKT və Cavabdeh1 arasında 08 dekabr 2020-ci il tarixli, **********302 nömrəli kredit müqaviləsi imzalanmış, Cavabdeh1 istehlak məqsədilə illik 23 faiz dərəcəsi ilə, 24 ay müddətə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə 08 dekabr 2020-ci il tarixli, *************-******* saylı, *************-******* saylı, *************-******* saylı, Zaminlik Müqavilələrinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ona zamin durmuşlar, zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, zaminlər borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Cavabdeh1 17 fevral 2022-ci il tarixinə əsas borcu 13471 manat, faiz borcu 3075 manat, cərimə borcu 24.60 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Nümayəndə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, iştirakı olmadan mülki işə baxılmasını, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh4,Cavabdeh3 və Cavabdeh2 məlumat verilmiş, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 08 dekabr 2020-ci il tarixli, **********302 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MM QBKT və Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh1 15000 manat məbləğində kredit verilmiş, kreditin müddəti 24 ay, illik faiz isə 23% müəyyən edilmişdir. 08 dekabr 20209-ci il tarixli, *************-******* saylı, *************-******* saylı və *************-******* saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyi zaminliklə təmin olunmuş, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 08 dekabr 2020-ci il tarixli, **********302 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 17 fevral 2022-ci il tarixinə əsas borcu 13471 manat, faiz borcu 3075 manat, cərimə borcu 24.60 manatdır. 08 dekabr 2020-ci il tarixli kredit kartının mədaxil (qəbul) aktından müəyyən olunur ki, Cavabdeh1 kredit məbləği nağdsız qaydada, üzərində “Fincard” adı ilə qeyd edilmiş, **********852534 saylı kredit kartında verilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Kredit müqaviləsinin 1.1-ci bəndində əsasən 15000 manat kredit məbləği Cavabdeh1 istehlak məqsədilə 24 ay müddətinə, 23%-lə verilmiş, Cavabdeh1 kreditin müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6-cı maddəsinə görə kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 gündən çox yubanması və yaxud öhdəliklərin yerinə yetirilməməsi və ya kreditin geri ödənişini şübhə altına qiyan digər şəraitin yaranması zamanı kreditor tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit alan kreditin ödənilməsi üzrə öhdəlikləri vaxtı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1% məbləğində dəbbə pulunu (cərimə) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri hər hansı səbəbdən yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsi ilə bağlı borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqavilələrinin 2.1-ci bəndinə əsasən Zaminlər bank qarşısında borcalanın bütün öhdəlikləri ilə bağlı məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh1 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməkdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh1 hər ay əsas və faiz borc kimi 788 manat ödəniş etməlidir. Göründüyü kimi, cavabdeh ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə ödəməmiş, ödənişləri ardıcıl olaraq 2 aydan çox gecikdirmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olduğundan cavabdehlərdən 16570.60 manat pul tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 08 dekabr 2020-ci il tarixli, **********302 saylı kredit müqaviləsi üzrə 13471 manat əsas borc, 3075 manat faiz borcu, 24.60 manat cərimə alınaraq "xxxx" MMM QBKT-nin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 140 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 13471 manat əsas borc, 3075 manat faiz borcu, 24.60 manat cərimə, 140 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 16710.60 manat alınaraq "xxxx" MM QBKT-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-75/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-75/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver