Məhkəmə qərarları › İş №e-2(089)-96/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-96/2022

20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-96/2022 20.06.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 140.25 mаnаt maddi zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün ödənilmiş 100 manatın və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 270.65 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddianı onunla əsaslandırmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin müxtəlif rayonlarında, o cümlədən Yasamal rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Yasamal rayonu ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi barədə” xx.xx.2015-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə görə Bu Müqavilə “İcraçı” tərəfindən “Sifarişçi”yə hüquqi və digər xidmətlərin göstərilməsinə dair münasibətləri tənzimləyir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin çoxmərtəbəli yaşayış binasını inşa etməsi haqqında xx.xx.2019-cu il tarixli Müqavilənin surətindən görünür ki, ünvan 1 ünvandakı 3159-cu məhəllədə inşa edilən yaşayış binasının 4-cü blok, 14-cü mərtəbədə yerləşən 1 otaqlı, ümumi sahəsi 45.5 kv.m olan 409 saylı mənzili "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında cavabdehə məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvandakı 3159-cu məhəllədə inşa edilən yaşayış binasının 4 girişində 14-cü mərtəbəsindən yerləşən ümumi sahəsi 45.5 kv.m olan 1 otaqlı 409 saylı mənzilə dair borc məbləği qalmamışdır. Cavabdeh onun adına olan "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 196, məhəllə 3159-da inşa edilən yaşayış binasında 4-cü blok, 14-cü mərtəbədə, 1 otaqlı ümumi sahəsi 45.5 kv.m olan 409 saylı mənzilə dair MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləni ləğv etmiş, həmin mənzildən imtina etmiş və gələcəkdə iddia və tələbinin olmayacağını bildirmişdir. İddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmuş Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 196, məhəllə 3159-da inşa edilən yaşayış binasında 4cü blok, 14-cü mərtəbə mənzil 409 qanunsuz qoşulma icra edilən zaman cavabdehə məxsus olmuşdur. Mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş, xx.xx.2017-ci il tarixədək son ödənişini etmiş və xx.xx.2017-ci il tarixdə borcsuz olaraq şəbəkədən ayrılmışdır. xx.xx.2018-ci il tarixdə “Ədalət-A” hüquq firması, Rabitə Nazirliyi və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilmiş, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 7234 N saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin mənzilin iddiaçıya məxsus şəbəkədən ayrıldığı xx.xx.2017ci il tarixdən, qanunsuz qoşulma barədə 7234 N aktın tərtib olunduğu xx.xx.2018-ci ilədək olan müddət 425 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 140.25 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə məktub göndərilmiş lakin məktub geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən işə mahiyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. bəndinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” qanununun 35-ci maddəsinə əsasən, Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən “Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir”. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Lakin iddiaçının nümayəndəsi S.Qasımov ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsində qeyd edilmiş məbləğ, 270.65 manat məbləğində pulun Cavabdeh tərəfindən ödənildiyini bildirmiş, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə belə hesab edir ki, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir. Lakin iddia ərizəsində qeyd edilmiş borc məbləği cavabdeh tərəfindən ödəildiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284.5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar