Məhkəmə qərarları › İş №e-2(090)-101/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-101/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-101/2024 29.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6.036,4 (altı min otuz altı manat, qırx qəpik) manat əsas, 644,11 (altı yüz qırx dörd manat, on bir qəpik) manat faiz, 61,16 (altmış bir manat, on altı qəpik) manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6.741,67 (altı min yeddi yüz qırx bir manat, altmış yeddi qəpik) manat borcun, həmçinin ödənilmiş 87,42 (səksən yeddi manat, qırx iki qəpik) manat dövlət rüsumunun iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “X3” ASC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 04 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 59 ay müddətinə illik 21% ödəmək şərti ilə 6.433 (altı min dörd yüz otuz üç) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 mart 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 6.036,4 (altı min otuz altı manat, qırx qəpik) manat əsas, 644,11 (altı yüz qırx dörd manat, on bir qəpik) manat faiz, 61,16 (altmış bir manat, on altı qəpik) manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6.741,67 (altı min yeddi yüz qırx bir manat, altmış yeddi qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nubar Hüseynli “29” may 2024cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mülki işə baxış iclasının onların iştirakı olmadan baxaraq tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti arasında 04 fevral 2023-cü il tarixdə 67nkBKX/23 nömrəli kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu müqaviləyə görə bank xx.xx.2028-ci il tarixinədək, illik 21 (iyirmi bir) faiz ödəmək şərtilə 6.433 (altı min dörd yüz otuz üç) manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12%, maksimum 40% təşkil edir. Borcalan kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına görə 0 manat məbləğdə, nağd pulun çıxarılmasına görə 0 manat məbləğdə komisyon haqlarını banka ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə görə borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. Həmin Müqavilənin 2.7-ci və 2.7.1-ci bəndlərinin tələbinə görə borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Həmin Müqavilənin 3.1-ci bəndinə görə borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya borcalan tərəfindən bankı aldatmağa yönəlmiş hər hansı hərəkətin edildiyi, o cümlədən borcalan özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatları və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda bank kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. İş materiallarına əlavə edilmiş 67nkBKX/23 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavənin surətindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Cavabdeh 15 dekabr 2023-cü il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 28 mart 2024-cü il tarixli maliyyə arayışından Cavabdeh həmin tarixə iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə 6.036,4 (altı min otuz altı manat, qırx qəpik) manat əsas, 644,11 (altı yüz qırx dörd manat, on bir qəpik) manat faiz, 61,16 (altmış bir manat, on altı qəpik) manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6.741,67 (altı min yeddi yüz qırx bir manat, altmış yeddi qəpik) manat kredit borcunun olması aydın olur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh Şahbuz rayonu, Külüs kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməməmişdir. Belə ki, iddiaçı borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməsinə və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. İddiaçı cavabdehə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq 6.036,4 (altı min otuz altı manat, qırx qəpik) manat əsas, 644,11 (altı yüz qırx dörd manat, on bir qəpik) manat faiz, 61,16 (altmış bir manat, on altı qəpik) manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 6.741,67 (altı min yeddi yüz qırx bir manat, altmış yeddi qəpik) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, Cavabdeh 6.036,4 (altı min otuz altı manat, qırx qəpik) manat əsas, 644,11 (altı yüz qırx dörd manat, on bir qəpik) manat faiz, 61,16 (altmış bir manat, on altı qəpik) cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 6.741,67 (altı min yeddi yüz qırx bir manat, altmış yeddi qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 87,42 (səksən yeddi manat, qırx iki qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6.036,4 (altı min otuz altı manat, qırx qəpik) manat əsas, 644,11 (altı yüz qırx dörd manat, on bir qəpik) manat faiz, 61,16 (altmış bir manat, on altı qəpik) manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 6.741,67 (altı min yeddi yüz qırx bir manat, altmış yeddi qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 87,42 (səksən yeddi manat, qırx iki qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar