Məhkəmə qərarları › İş №e-2(090)-104/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-104/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-104/2025 02.05.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2943.14 AZN əsas; 630.84 AZN faiz; cəmi 3573.98 AZN AZN məbləğində vəsaitin və 55.74 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2103405B500 saylı “Birbank Cashbank Kredit Xətti” müqaviləsinə əsasən ona 4000 AZN məbləğində kredit xətti açılmışdır. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq kart filialdan əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, balansdankənar məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 2943.14 AZN əsas; 630.84 AZN faiz; cəmi 3573.98 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli BRCB2103405B500 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - 2-ci bəndinə əsasən Bu Müqaviləyə görə Bank Müştəriyə “Birbank Cashback” ödəniş kartı (bundan sonra - “Birbank Cashback” və ya “Kart) verir, həmin Karta bağlı bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. - 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 4000 manat müəyyən olunur. - 4.3-cü bəndinə görə son kredit xəttindən son istifadə tarixi xx.xx.2026-cı ildir. - 4.5 və 4.5.1-ci bəndlərə görə kredit xəttinin illik faiz dərəcəsi qeyri-taksit əməliyyatları üzrə 27% (maksimal FİFD 29.26 %), taksit əməliyyatları üzrə 0% təşkil edir. - 4.6-cı bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə gündəlik olaraq əsas borcun qalıq məbləğinə hesablanır. - 4.7-ci bəndinə görə ödəniş intervalı hər ayın 1-10 arasıdır. - 7.1-ci bəndinə görə bankın hüquq və vəzifələri aşağıdakılardır: - 7.1.1 Bu Müqavilə üzrə hüquqlarını üçüncü şəxslərə ötürə bilər; - 7.1.2. Gələcəkdə birtərəfli qaydada Kart üzrə verilmiş kredit xətti üzrə nağdlaşdırma əməliyyatı, həmçinin Kartla həyata keçirilən hər bir əməliyyat üçün limitlər müəyyən edə bilər; - 7.1.3. Müştərinin şəxsiyyətini təsdiq edən sənədlərin vaxtı bitdikdə və Müştəri şəxsiyyətini təsdiq edən yeni sənədləri Banka təqdim etmədikdə, hesabı bloklaşdırıla bilər; - 7.1.4. Kredit xətti üzrə kreditlərin verilməsini dayandıra, habelə kredit xətti üzrə ayrılmış məbləği bu Müqavilədə nəzərdə tutulmuş qaydada azalda və yaxud çoxalda, habelə birtərəfli qaydada hesab, kart və kredit xətti üzrə tarif və şərtləri dəyişdirə bilər; - 7.2. Müştərinin hüquq və vəzifələri aşağıdakılardır: - 7.2.1. Kredit öhdəliyini vaxtından əvvəl icra edə bilər; - 7.2.2. Bank bu Müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 5 (beş) iş günü müddətində qaytarmalıdır; - 7.2.3. Kart hesabına bağlı əsas və əlavə Kartlara görə bu Müqavilə çərçivəsində eyni dərəcədə məsuliyyət daşıyır; - 7.2.4. Kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir və onları dərhal Banka geri qaytarır; - 7.2.6. Kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır); - 7.2.7. Kartdan onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu Müqavilənin şərtlərinə, Bankın müəyyən etdiyi və gələcəkdə müəyyən edəcəyi qaydalarına əsasən istifadə edir; - 7.2.9. Bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. Müştəri bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir); - 9.1 və 9.1.1-ci bəndinə görə müştəri tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda və s hallarda bank kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. - 10.1-ci bəndinə görə bank müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarına əlavə edilmiş “Birbank Kartı” Yaddaş Vərəqinə əsasən kredit limitinin məbləği: 4000 manat; kartdan son istifadə tarixi: xx.xx.2026-cı il; gecikməyə görə cərimə: gecikən məbləğə gündəlik 1% olaraq müəyyən edilmiş BRCB2103405B500 saylı kredit müqaviləsinin bağlandığı müəyyən olunur. İş materiallarına əlavə olunmuş kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinə əsasən 27 faiz dərəcəsi ilə, 59 ay müddətinə, 4000 Azn məbləğində kreditin Cavabdeh aid 410100F**********500 cari hesaba köçürmə yolu ilə verildiyi müəyyən edilir. Cavabdeh banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 12 fevral 2025-ci il tarixli sonuncu bildiriş məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 11 mart 2025-ci il tarixli, 15/01695 nömrəli maliyyə arayışından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB2103405B500 saylı “Birbank Cashbank Kredit Xətti” müqaviləsinə əsasən 4000 AZN məbləğində kredit xətti açılmış, kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq kart filialdan əldə edilmiş, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli BRCB2103405B500 saylı kredit müqaviləsi üzrə 2943.14 AZN əsas, 630.84 AZN faiz, cəmi 3573.98 AZN borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinə əsasən 27 faiz dərəcəsi ilə, 59 ay müddətinə, 400 Azn məbləğində kreditin Cavabdeh aid 410100F**********500 cari hesaba köçürmə yolu ilə verildiyi müəyyən edilir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh İddiaçı ASC-ə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədə müvafiq olaraq gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 4000 manat məbləğində, BRCB2103405B500 nömrəli müqavilə ilə gündəlik tələbat kreditinin verilməsini, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini, kreditə dair müqavilə bağlanarsa, İddiaçı ASCyə ödəməli olduğu borcların (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) özünün İddiaçı ASC, habelə "xxxx" ASC və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada (heç bir əlavə sənəd və razılıq olmadan) silinərək ödənilməsinə etiraz etmədiyini, bununla bağlı olaraq, özünün İddiaçı ASC-yə olan borcları barədə, habelə kreditlə bağlı imzaladığı müqavilə və digər sənədlər üzrə məlumatların "xxxx" ASC-yə, o cümlədən hesabları olan digər banklara ötürülməsinə dair razılığını bildirməsi, bundan əlavə, bu Ərizəni imzalamaqla özünün "xxxx" ASC və digər banklar tərəfindən onlarda olan hesablarını, o cümlədən hesablarında olan pul vəsaitləri barədə məlumatın İddiaçı ASC-yə ötürülməsinə dair razılığını təsdiq etməsi, ərizəsinə nağdsız hesablaşmaların aparılması üçün hesablarını və pul vəsaitləri üzrə sərəncam (ödəniş tapşırığı) hesab edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli BRCB2103405B500 saylı kredit müqaviləsi bağlanmış, müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit verilmiş və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər Cavabdeh tərəfindən edilməmiş, o, yaranmış pul borcunun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2023-cü il tarixli BRCB2103405B500 saylı kredit müqaviləsinə əsasən 2943.14 (iki min doqquz yüz qırx üç manat, on dörd qəpik) manat əsas, 630.84 (altı yüz otuz manat, səksən dörd qəpik) manat faiz, cəmi 3573.98 (üç min beş yüz yetmiş üç manat, doxsan səkkiz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər arasında sənədlər mübadiləsi yolu ilə borc müqaviləsi bağlanmışdır. Belə ki, MM-in müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, MM-in 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, müqavilənin bağlanması təklifi razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını özündə ehtiva etmişdir. Müqavilə sənədlər mübadiləsi yolu ilə imzalanmışdır. Lazımi qaydada məlumatlandırılmış cavabdeh bununla bağlı hər hansı bir etiraz irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB2103405B500 saylı kredit müqaviləsinə əsasən 2943.14 (iki min doqquz yüz qırx üç manat, on dörd qəpik) manat əsas, 630.84 (altı yüz otuz manat, səksən dörd qəpik) manat faiz, cəmi 3573.98 (üç min beş yüz yetmiş üç manat, doxsan səkkiz qəpik) manat borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 55.74 (əlli beş manat, yetmiş dörd qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB2103405B500 saylı kredit müqaviləsinə əsasən 2943.14 (iki min doqquz yüz qırx üç manat, on dörd qəpik) manat əsas, 630.84 (altı yüz otuz manat, səksən dörd qəpik) manat faiz, cəmi 3573.98 (üç min beş yüz yetmiş üç manat, doxsan səkkiz qəpik) manat borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 55.74 (əlli beş manat, yetmiş dörd qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar