Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-108/2023 15.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9.200 (doqquz min iki yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(101)-1433/2022 nömrəli cinayət işi üzrə çıxardığı Hökmə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.2-ci, 29,178.2.4-cü, 310-cu, 32.4,312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin Hökmü ilə Azərbaycan Respublikasının vətəndaşı, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və məhkəmə cinayət əməli nəticəsində zərərçəkmişə vurulmuş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Cinayət işinin materiallarına görə məhkum Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X5 və X3 vasitəsi ilə zərərçəkmiş İddiaçı özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yüksək məsul vəzifədə çalısan, polkovnik rütbəli əməkdaşı kimi təqdim edib, eyni zamanda özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu bildirərək özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə zərərçəkənin oğlu Asim Həsənovun zabit kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, maddi nemət olan 9.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin avqust ayında yalandan bildirməklə, görəcəyi işlə bağlı özünə inam yaradaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2021-ci ilin avqust ayının sonlarında Bakı səhəri, Nizami rayonu, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında özünün idarə etdiyi "Chevrolet" markalı avtomobilində Şöhrət Nuriyev vasitəsi ilə İddiaçı inandırmaq üçün Asim Həsənovun şəxsiyyət vəsiqəsi və hərbi biletinin sürətlərini, habelə 9.000 manat məbləğində pul vəsaitini, habelə 2021-ci ilin sentyabr ayında X6 Hallar Nazirliyinin xidməti geyim formasının veriləcəyi adı ilə Bakı şəhəri, Nizami rayonu ərazisində özünün idarə etdiyi "Chevrolet" markalı avtomobilində cinayətdən xəbərsiz X4 vasitəsi ilə İddiaçı xidməti forma pulu üçün 200 manat pul vəsaitini alıb, ümumilikdə İddiaçı məxsus cəmi 9.200 manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı göstərmişdir ki, 2021-ci ilin təxminən avqust ayında oğlu Asim İmişli rayon mərkəzində fəaliyyət göstərən avtomobil təmiri məntəqəsində olan zaman taksi sürücüsü işləyən tanışı X3 ilə işsizliyi barədə söhbət etdiyini demişdir. Söhbət zamanı Fuad X1 adlı tanışının olduğunu, Şöhrətin Cavabdeh adlı şəxsi tanıdığını və sonuncunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə adam düzəldə bildiyini demişdir. Oğlu ona bu məsələni danışdıqdan sonra Şöhrət Nuriyev və Fuad Məhərrəmov adlı şəxslərlə görüşmək qərarina gəlmişdir. Həmin günün səhərisi İmişli rayonu, Şahverdili kəndinin yaxınlığında fəaliyyət göstərən kafedə Şöhrət və Fuadla görüşmüşlər. Görüş zamanı Şöhrət və Fuad qonşu olduqlarını bilmişdir. Oğlu Asimin iş məsələsi ilə bağli söhbət açanda X15 Hümbətov adlı tanışının Azərbaycan Respublikasının Fövqəladə hallar Nazirliyində yüksək vəzifədə çalışdığını, hətta nazirlə qohumluq əlaqələrinin, eləcə də Raminin arvadının nazirin əmisi qızı olduğunu demişdir. O, söhbət əsnasında Şöhrətə oğlu X8 Nazirliyinə işə götürülməsini istədiyini, Şöhrət də Raminlə bu barədə danışıb məlumat verəcəyini demişdir. Fuad da söhbət zamanı Şöhrəti tanıdığını oğlunun iş məsələsində köməklik edə biləcəyini bildirmişdir. Növbəti gün Şöhrət onunla eyni yerdə görüşmüş, görüşdə Fuad da iştirak etmişdir. Görüş zamanı Şöhrət Cavabdehla oğlu Asimin iş məsələsi ilə bağlı danışdığını, X9 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İmişli rayon şöbəsinə siravi işçi kimi işə düzəldə biləcəyini demişdir. O da bununla razılaşmamış, oğlunun ali təhsilli olduğunu və zabit kimi işə götürülməsini xahiş etmişdir. Şöhrət də Raminlə danışmış və Ramin oğlunun zabit kimi isə götürüləcəyini, oğlu Asimin həmin işə düzəlməsindən ötrü 10.000 manat pul verilməli olduğunu, həmin pulun Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifədə işləyən əməkdaşlarına çatacağını bildirmişdir. O, Şöhrətə 9.000 manat pulu olduğunu demişdir. Şöhrət də Raminlə bu barədə danışdıqdan sonra Raminin həmin məbləğə razılaşdığını demişdir. Bundan bir neçə gün sonra, 2021-ci ilin avqust ayının sonlarında oğlu Asim Bakı şəhərində metronun "Koroğlu" stansiyasının yaxınlığında 9.000 manat pulu, eyni zamanda əvvəlcədən Raminin istədiyi şəxsiyyət vəsiqəsi, hərbi biletin sürətlərini Fuad Məhərrəmovun iştirakı ilə Şöhrət Nuriyeva vermiş, sonuncu da həmin pulu Raminə çatdıracağına söz vermişdir. Daha sonra Şöhrət 9.000 manat pulu Raminə verdiyini, Raminin da təxminən 15-20 gün ərzində Asimin işə qəbul edilməsi ilə bağli nazirliyin əmri olacağını dediyini bildirmişdir. Zərərçəkmiş nəhayət 2021-ci ilin yanvar ayının təxminən ortalarında Raminlə Bakı şəhərində görüşmüş və məlum olmuşdur ki, Ramin onunla bərabər digər şəxsləri də işə düzəltmək adı altında pullarını alaraq aldatmışdır. Zərərçəkmiş ona dəymiş ziyanın tam həcmdə ödənilməsini, pulunun geri qaytarılmasını tələb etmişdir. Məhkəmədə məhkum Cavabdeh özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək bildirmişdir ki, X5 onun Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğuna inandığından onun barəsində bildiklərini tanışlarına da danışmışdır. Nəticədə Şöhrətin tanışı İmişli rayon sakini İddiaçı da oğlunu həmin İdarəyə işə düzəltdirmək istədiyini Şöhrətə demiş, o da onunla əlaqə saxlamışdır. O da yalandan Şöhrətə Arifin oğlunu işə düzəldə biləcəyini bildirmiş və bunun üçün 10.000 manat pul istəmişdir. Arif isə Şöhrət vasitəsi ilə 9.000 manat pulu olduğunu bildirmişdir. O həmin məbləğlə razılaşmış və Şöhrətlə görüşərək Arifin verdiyi 9.000 manat pulu ondan almışdır. O Arif kişinin oğlunu işə düzəltməmiş, məbləği öz ehtiyacları üçün istifadə etmiş və həmin şəxsi aldatmışdır. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli Hökmü ilə məhkum Cavabdeh cinayət işi üzrə zərərçəkmiş İddiaçı 9.200 manat məbləğində pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli Hökmü ilə məhkum Cavabdeh cinayət işi üzrə zərərçəkmiş İddiaçı 9.200 (doqquz min iki yüz) manat məbləğində pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki məhkəmə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Sonda İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə istinad etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə tərəflərə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının vəkili və nümayəndəsi Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar mülki işə onun və iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahbuz Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(090)-108/2023 nömrəli qərardadı ilə hazırki mülki iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə Cavabdeh şahid qismində ifadəsinin alınması barədə məhkəmə tapşırığı verilmiş, Cavabdeh Bakı şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən məhkmə iclasında ifadə verərək- “İddiaçı mülki tələblərinə cavab olaraq, o, iddiaçıdan və başqa şəxsdən pul almayıb və onun bu işlə əlaqədar hər hansı vasitəçiliyi olmayıbdır. Qərardadda qeyd edildiyi kimi həmin məbləğdə olan pulu Fuad Məhərrəmovun iştirakı ilə Şöhrət Nuriyev almış və onun Şöhrət Nuriyevin dələduzluq əməllərində hər hansı formada iştirakı olmayıb. Onun azadlığının əlindən alınmasına səbəb İddiaçı həmkəndlisi Şöhrət Nuriyevin böhtan xarakterli ifadələri olmuşdur. O, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir”. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Güney Qışlaq kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh Xəzər Rayon Məhkəməsində ifadəsində “onun, iddiaçıdan və başqa şəxsdən pul almaması və onun bu işlə əlaqədar hər hansı vasitəçiliyi olmaması, qərardadda qeyd edildiyi kimi həmin məbləğdə olan pulu Fuad Məhərrəmovun iştirakı ilə Şöhrət Nuriyevdən alması və onun Şöhrət Nuriyevin dələduzluq əməllərində hər hansı formada iştirakı olmaması, onun azadlığının əlindən alınmasına səbəb İddiaçı həmkəndlisi Şöhrət Nuriyevin böhtan xarakterli ifadələri olmasını göstərsə də, həmin halları sübut edəcək hər hansı bir mötəbər sübut təqdim etməmiş, İddiaçı isə iddia tələbində Cavabdeh 9200 manat pulu almasını təsdiq edəcək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(101)-1433/2022 saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunmuş hallara istinad etmişdir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(101)-1433/2022 saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.2-ci, 29,178.2.4-cü, 310-cu, 32.4, 312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Həmin hökmlə Cavabdeh, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakı ələ keçirmək məqsədilə İddiaçı məxsus cəmi 9200 manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi müəyyən olunur. Eyni zamanda həmin hökmlə Cavabdeh izahatında- “2021-ci ilin avqust ayının sonralarında Şöhrətlə metronun “qara Qarayev” stansiyasının yaxınlığında görüşmüş, Şöhrətdən İddiaçı verdiyi 9000 manat pulu və əvvəlcədən inandırmaq üçün üçün istədyi Asimin şəxsiyyət vəsiqəsi, hərbi biletin surətlərini götürməsini, pulu qurtardığı üçün təxminən bir neçə gün sonra İddiaçı və Zülfüqar Həsənova zəng edərək hər birinin 200 manat pul verməli olduğunu demiş, ondan səbəbini soruşanda isə guya Fövqaladə Hallar nazirliyinin xidməti geyim formasının veriləcəyini, həmin pulun da guya ona lazım olduğunu demişdir. Zülfüqar və Arif də ona inanaraq Bakı şəhərinə gəlmişlər və cəmi 400 manat pulu “YAP”-ın Nizami rayon şöbəsinin inzibati binasının qarşısında avtomobilində ona vermələrini” göstərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı aldığı 9.200 manat pulu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Buna görə də iddiaçının tələbi əsaslıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 9.200 (doqquz min iki yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 112 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbzdə məhkəmənin növü kimi Şahbuz Rayon Məhkəməsi deyil, məhkəmələr göstərilibdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 112 (bir yüz on iki) manat dövlət rüsumu İddiaçı qaytarılmalı, həmin məbləğdə dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 9.200 (doqquz min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 112 (bir yüz on iki) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Cavabdeh 112 (bir yüz on iki) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-108/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-108/2023
15.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver