Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-117/2024 24.04.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2651,26 manat əsas, 188.37 manat faiz borcu olmaqla, cəmi 2.839,63 (iki min səkkiz yüz otuz doqquz manat, 63 qəpik) manat məbləğində borcun və ödənilmiş 48.39 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, aşağıda göstərilənlərə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 04 may 2023-cü il tarixli, 5254 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş kredit məbləği kredit alana Cavabdeh1 maldarlıq məqsədilə, iribuynuzlu malların alınması və saxlanması təyinatı üzrə, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmişdir. İş materialında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, sahibkar olan Cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyatdadır. (VÖEN **********) İş materialında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, kommersiya qurumu olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı vergi ödəyicisi kimi qeydiyyatdadır. (VÖEN **********) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 12-14-cü bəndlərində qeyd olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə nəticə etibarilə kommersiya mübahisəsidir, ona görə də hazırki mülki işə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud həmin Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin iddiaçıya izah olunmalıdır ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, qanuvericiliyin yuxarıda göstərilən normalarına əsasən iddiaçı hazırki iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 49 (qırx doqquz) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Şərh olunanları əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267, 268 və 284-3.5-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 49 (qırx doqquz) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına izah olunsun ki, hazırki iddia ərizəsi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-117/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-117/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver