Məhkəmə qərarları › İş №e-2(090)-121/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-121/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-121/2022 20.06.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “03” iyun 2022-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2.468 (iki min dörd yüz altmış səkkiz) manat məbləğində əsas borc, 247 (iki yüz qırx yeddi) manat məbləğində cərimə, 47,15 (qırx yeddi manat, on beş qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 2.762,15 (iki min yeddi yüz altmış iki manat, on beş qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış R0020436 nömrəli 09 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 4.068 manat dəyərində olan MacBook Pro Z11D0003B 13” Touchbar markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə 1.600 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 2.468 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissəhissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2022-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilənin 1.3-cü bəndinə əsasən tələb hüquqlarını güzəşt edən - "xxxx" MMC borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını, tələb hüquqlarını əldə edən - İddiaçı MMC-yə ötürməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixə 247 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 avqust 2021-ci il tarixli, 00/0000 nömrəli tələbin güzəşti haqqında müqavilə ilə müəyyən olunur ki, bir tərəfdən öz nizamnaməsi əsasında fəaliyyət göstərən, xx.xx.2019-cu il tarixdə hüquqi şəxs olaraq Azərbaycan Respublikasında qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********; bundan sonra “Tələb hüquqlarını güzəşt edən” adlandırılacaq), öz direktoru X2 şəxsində, digər tərəfdən öz nizamnaməsi əsasında fəaliyyət göstərən, 17 avqust 2021-ci il tarixdə hüquqi şəxs olaraq Azərbaycan Respublikasında qeydiyyata alınmış İddiaçı (VÖEN: **********; bundan sonra “Tələb hüquqlarını əldə edən” adlandırılacaq), öz icraçı direktoru X1 arasında qeyd olunan tələbin güzəşti haqqında müqavilə bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci fəslinə görə tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsi ilə müəyyən olunan hüquqlardan irəli gələrək “Tələb hüquqlarını güzəşt edən” ilə borclular və digər şəxslər arasında bağlanmış bütün müqavilələr (əşyanın nisyə-alqı satqısı, zaminlik, girov və s.) üzrə (Bundan sonra “Bütün müqavilələr”) bu müqaviləyə əlavə edilən təhvil-təslim aktı əsasında tələb hüquqlarının “Tələb hüquqlarını əldə edən”ə ötürülməsi barədə razılığa gəlirlər. Bütün müqavilələr üzrə borcluya qarşı tələb etmək hüququ, əmlak tələbi, əsas borc məbləği daxil olmaqla, faizləri, komissiyaları, o cümlədən müqavilə öhdəliyinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə dəbbə pulu (cərimə) və digər tələblər də daxil olmaqla sanksiyaların hesablanmasını da əhatə edir. Bu müqaviləyə əsasən “Tələb hüquqlarını güzəşt edən” borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını “Tələb hüquqlarını əldə edən”ə ötürməyi öhdəsinə götürür. Bütün müqavilələr üzrə tələb hüququnun ötürülməsi bu müqaviləyə əlavə edilən təhvil-təslim aktının imzalanması ilə bitmiş hesab edilir. Həmin müqavilənin 2.1-ci bəndinə görə “Tələb hüquqlarını güzəşt edən” təsdiq və bəyan edir ki, hazırki müqavilə imzalanan tarixə qədər onunla borclular və digər şəxslər arasında bağlanmış bütün müqavilələr üzrə mövcud olan hüquqi münasibətlərə xitam verilir və bütün hüquq və vəzifələr “Tələb hüquqlarını əldə edən”ə keçir. Həmin müqavilənin 3.2-ci bəndinə görə “Tələb hüquqlarını əldə edən” “Tələb hüquqlarını güzəşt edən” ilə borclular və digər şəxslər arasında bağlanmış bütün müqavilələr ilə tanış olduğunu, onun şərtlərini tam oxuduğunu və tələb hüquqları ilə bağlı şərtlərini qəbul etdiyini bu müqavilə ilə təsdiqləyir. Həmin müqavilənin 10.1-ci bəndinə görə bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb möhürləndiyi andan qüvvəyə minir. İş materiallarına əlavə olunmuş 09 sentyabr 2021-ci il tarixli, R0020436 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsindən aydın olur ki, həqiqətən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1-ci fəslinə görə satıcı alıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 4.068 manat dəyərində olan əmtəəni (əşyanı) (“Macbook Pro Z11D0003B 13” Touchbar) nisyə alqı-satqı şərtləri əsasında verir, alıcı aldığı əşyaya görə 1.600 manat məbləğində ilkin ödəniş edir və borclu olduğu qalıq 2.468 manat məbləğində pulu müqaviləyə əlavə edilən “Ödəniş cədvəli”nə əsasən hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Əmtəə (əşya) alıcıya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Həmin müqavilənin 2.1-ci bəndinə görə əgər alıcının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bu hal borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, satıcı razılaşma və ya xəbərdarlıqla, həmçinin məhkəmə qaydasında borcun dərhal qaytarılmasını və zərərin ödənilməsini tələb edə bilər. İş materiallarına əlavə edilmiş “Ödəniş cədvəli”ndən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. 06 fevral 2022-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 25 yanvar 2022-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh R0020436/21 nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 2.468 manat əsas borcundan maliyyə arayışı tərtib edilən tarixədək 0.00 manat ödəniş etmiş, 2.468 manat əsas borc, 247 manat cərimə borcu mövcuddur. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Şahbuz rayonu Badamlı kəndində qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh aldığı əşya üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1.-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh 2.468 (iki min dörd yüz altmış səkkiz) manat əsas və 247 (iki yüz qırx yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə 2.715 (iki min yeddi yüz on beş) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən X5 vasitəsilə 30 may 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 47,15 (qırx yeddi manat, on beş qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 2.468 (iki min dörd yüz altmış səkkiz) manat əsas və 247 (iki yüz qırx yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə 2.715 (iki min yeddi yüz on beş) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən X5 vasitəsilə 30 may 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 47,15 (qırx yeddi manat, on beş qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar