Məhkəmə qərarları › İş №e-2(090)-14/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-14/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-14/2025 10.01.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 04 noyabr 2024-cü ildə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7 aprel 2022-ci il tarixli, NSNPU-07948 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5325,63 (beş min üç yüz iyirmi beş manat 63 qəpik) manat, faiz borcuna görə 208,8 (iki yüz səkkiz manat 80 qəpik) manat, dəbbə borcuna görə 351,81 (üç yüz əlli bir manat 81 qəpik) manat, cəmi 5886,24 (beş min səkkiz yüz səksən altı manat 24 qəpik) manat məbləğində pulun və 79 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 7 aprel 2022-ciiltarixli, NSNPU-07948 saylı kredit müqaviləsinə əsasən illik 14 %(on dörd) faiz dərəcəsi olmaqla 48 (qırx səkkiz) ay müddətinə 10500 (on min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 7 aprel 2022-ci il tarixli, NSNPU-07948 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 7 aprel 2022-ci il tarixli, NSNPU-07948 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 7-dan gec olmayaraq hər ay 286,93 (iki yüz səksən altı manat 93 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 7 aprel 2022-ci il tarixli, NSNPU- 07948 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə5325,63 (beş min üç yüz iyirmi beş manat 63 qəpik) manat, faiz borcuna görə 208,8 (iki yüz səkkiz manat 80 qəpik) manat, dəbbə borcuna görə 351,81 (üç yüz əlli bir manat 81 qəpik) manat, borcun cəmi məbləği 5886,24 (beş min səkkiz yüz səksən altı manat 24 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 7 aprel 2022-ci il tarixli, NSNPU-07948 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5325,63 (beş min üç yüz iyirmi beş manat 63 qəpik) manat, faiz borcuna görə 208,8 (iki yüz səkkiz manat 80 qəpik) manat, dəbbə borcuna görə 351,81 (üç yüz əlli bir manat 81 qəpik) manat, cəmi 5886,24 (beş min səkkiz yüz səksən altı manat 24 qəpik) manat pul tutulmalıdır. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq mülki iş üzrə hazırlıq iclasının iştirakları olmadan keçirilməsini və məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. İddiaçının nümayəndəsi 10 yanvar 2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. İddia tələbinin qanuni əsasını təşkil edən borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 07 aprel 2022-ci il tarixli, NSNPU-07948 saylı kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1-ci bəndinə əsasən kredit barədə məlumata əsasən şəxsi istehlak məqsədilə illik 14 (on dörd) faiz (FİFD 15.11%) ödəmək şərtilə, 210 Azn komisyon haqqı tutulmaqla 10500.00 manat (on min beş yüz) manat məbləğində krediti Borcalanın mülkiyyətinə verməsi müəyyən edilir. - müqavilənin 2.1-ci bəndinə əsasən E-Bankçılıq xidmətlərindən istifadə, Kredit Müqavilə (bu Əsas Şərtlər, X3 və Müqavilənin digər aynimaz tərkib hissələri də daxil olmaqla) ilə tənzimlənir. Müştəri İddiaçı ASC-də xx.xx.2022-ci il tarixində təsdiq edilmiş Müqavilənin hazırkı tarixə qüvvədə olan və X2 dərc olunan Ümumi Şərtlərini yüklədiyini, həmin Şərtlərlə diqqətlə tanış olduğunu, onlarla razılaşdığını və qəbul etdiyini bu Razılaşmanı imzalamaqla təsdiq edir və bu Razılaşmanın imzalanması nəticəsində həmin Ümumi Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Müştəri X3nə müvafiq QR-kod vasitəsilə də keçid əldə edə bilər. - müqavilənin 3.1-ci bəndinə əsasən müştəri Kredit üzrə ödənişləri bu Razılaşmaya əlavə edilən Kreditin Ödəniş Cədvəli əsasında və ya Bank tərəfindən Müştərinin Banka məlum olan Nömrəsinə göndərilən Təklif SMS-ində/Bildirişdə göstərilmiş qaydada (annuitet) aylıq olaraq ödəməyi öhdəsinə götürür. - müqavilənin 3.2-ci bəndinə əsasən kreditin müddəti ərzində kreditin qaytarılmasının gecikdirilməsinə görə Kreditin illik faiz dərəcəsindən əlavə qaydada dəbbə pulu hesablanır və Müştəri tərəfindən Banka ödənilir. - müqavilənin 3.3-cü bəndinə əsasən kreditin müddəti bitdikdən sonra kreditin qaytarılması gecikdirildiyi halda kreditin ödənilməyən əsas məbləği üçün faiz bu Razılaşmanın 1.3-cü bəndində göstərilən faiz dərəcəsinin ikiqatı həcmində, yəni illik 28 (iyirmi səkkiz) % dərəcəsi ilə olmaqla borc tam həcmdə ödənilən günədək hesablanır və Müştəri tərəfindən Banka ödənilir. Kreditin müddəti bitdikdən sonra Razılaşmanın bu bəndində nəzərdə tutulan faiz dərəcəsi hesablanmağa başlandığı gündən Razılaşmanın 3.2-ci bəndində göstərilən dəbbə pulunun hesablanması dayandırılır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. 07 aprel 2022-ci il tarixli, NSNPU-07948 saylı kredit müqaviləsinə əsasən cavabdehin "xxxx" ASC qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 286.95 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından cavabdehin müqavilə üzrə iddiaçıya 5325.63 manat əsas, 208.8 manat faiz, 351.81 manat cərimə olmaqla cəmi 5886.24 manat borcunun qaldığı məlum olur. Mülki iş materiallarını bir-birilə əlaqəli şəkildə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, müqavilə üzrə çıxarış və maliyyə arayışı borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilib nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən kreditin müddəti bitdikdən sonra kreditin qaytarılması gecikdirildiyi halda kreditin ödənilməyən əsas məbləği üçün faiz bu Razılaşmanın 1.3-cü bəndində göstərilən faiz dərəcəsinin ikiqatı həcmində, yəni illik 28 (iyirmi səkkiz) % dərəcəsi ilə olmaqla borc tam həcmdə ödənilən günədək hesablanır və Müştəri tərəfindən Banka ödənilir. Məhkəmə iddia tələbinin 07 aprel 2022-ci il tarixli, NSNPU-07948 saylı müqavilə üzrə 351.81 (üç yüz əlli bir manat, səksən bir qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 07 aprel 2022-ci il tarixli, NSNPU-07948 saylı müqavilə üzrə 351.81 (üç yüz əlli bir manat, səksən bir qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 266.28 (iki yüz altmış altı manat, iyirmi səkkiz qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5325.63 (beş min üç yüz iyirmi beş manat, altmış üç qəpik) manat əsas, 208.8 (iki yüz səkkiz manat, səksən qəpik) manat faiz, 266.28 (iki yüz altmış altı manat, iyirmi səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 5800.71 (beş min səkkiz yüz manat, yetmiş bir qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) İddiaçı ASC tərəfindən iddia qaldırılan zaman ödənilmiş 79 (yetmiş doqquz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, 77.85 (yetmiş yeddi manat, səksən beş qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5325.63 (beş min üç yüz iyirmi beş manat, altmış üç qəpik) manat əsas, 208.8 (iki yüz səkkiz manat, səksən qəpik) manat faiz, 266.28 (iki yüz altmış altı manat, iyirmi səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 5800.71 (beş min səkkiz yüz manat, yetmiş bir qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 79 (yetmiş doqquz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 77.85 (yetmiş yeddi manat, səksən beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar