Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-152/2022 28.09.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “13” iyul 2022-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 2.414,62 (iki min dörd yüz on dörd manat, altmış iki qəpik) manat gecikdirilmiş faiz borcu, 6.922,08 (altı min doqquz yüz iyirmi iki manat, sıfır səkkiz qəpik) manat gecikdirilmiş əsas borc, 6,86 (altı manat, səksən altı qəpik) manat faiz borcu, 1.041,86 (bir min qırx bir manat, səksən altı qəpik) manat əsas borc olmaqla, ümumilikdə 10,385,42 (on min üç yüz səksən beş manat, qırx iki qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121,16 (bir yüz iyirmi bir manat, on altı qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10.000 (on min) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 24 sentyabr 2019-cu il tarixli, ZM2409/08 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə 08 iyul 2022-ci il tarixə kredit reyestrində Cavabdeh2 adına 794 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən onlar tərəfindən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və borcalan və zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh2 tərəflər arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 2.414,62 (iki min dörd yüz on dörd manat, altmış iki qəpik) manat gecikdirilmiş faiz borcu, 6.922,08 (altı min doqquz yüz iyirmi iki manat, sıfır səkkiz qəpik) manat gecikdirilmiş əsas borc, 6,86 (altı manat, səksən altı qəpik) manat faiz borcu, 1.041,86 (bir min qırx bir manat, səksən altı qəpik) manat əsas borc olmaqla, ümumilikdə 10,385,42 (on min üç yüz səksən beş manat, qırx iki qəpik) manat kredit borcu öhdəliyi var. Bundan başqa iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 saylı kredit müqaviləsinə əsasən 08 iyul 2022-ci il tarixə olan 7.963,94 (yeddi min doqquz yüz altmış üç manat, doxsan dörd qəpik) manat əsas, 1.413,44 (bir min dörd yüz on üç manat, qırx dörd qəpik) manat faiz, 1.008,04 (bir min səkkiz manat, sıfır dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 10,385,42 (on min üç yüz səksən beş manat, qırx iki qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 121,16 (bir yüz iyirmi bir manat, on altı qəpik) manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə1 “28” sentyabr 2022-ci il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini, işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh2 ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı arasında 24 sentyabr 2019-cu il tarixdə İK 2409/08 nömrəli kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Kredit müqaviləsinə əsasən bu müqavilə bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının müdiri (sonradan Bank adlanacaq) X2 şəxsində, digər tərəfdən Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatda olan vətəndaş Cavabdeh2 (sonradan “Borcalan” adlanacaq) şəxsində tam razılıq əsasında Naxçıvan şəhərində bu Müqaviləni bağlamışlar. Müqavilənin predmeti adlanan 1-ci bəndinə əsasən bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 10.000 (on min) manat məbləğində illik 17% (on yeddi) dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. Öhdəliyin icrası borcalanın aylıq gəlirləri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı zamin, borcalan və bank arasında bağlanan zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.1, 2.3 və 2.4-cü bəndlərinə əsasən kreditin verilməsi borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir. Kredit məbləği borcalana illik 17 faiz dərəcəsi ilə verilir. Faizlər annuitet qaydada hesablanır. Müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq borcalan tərəfindən banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. Həmin Müqavilənin 2.8, 2.10 və 2.11-ci bəndlərindən görünür ki, kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən başlayır və bu borcun qaytarılması tarixində qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. Gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır. Həmin Müqavilənin 4.1-ci bəndində həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi borcalandan tələb etmək, borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək, müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.15-ci bəndinə əsasən bankın təsdiqlənmiş xərclərinin ödənilməsini borcalandan tələb etməyin bankın hüququ olması təsbit edilib. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək, qeydiyyat ünvanın, faktiki yaşadığı yerin, iş yerinin, adının və soyadının dəyişməsi və bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə bilən başqa öhdəliklərinin yaranması barədə 3 (üç) iş günü müddətində banka məlumat vermək, məlumatların gizlədilməsi zamanı məsuliyyət daşımaq borcalanın vəzifəsidir. Həmin Müqavilənin 5.2-ci bəndində bankın müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə biləcəyin halların dairəsi müəyyən edilib ki, həmin şərtə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin Müqavilənin 8.2-ci bəndlə müəyyən edilir ki, həmin bəndə görə müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. İş materiallarına əlavə edilmiş 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsinə Əlavənin surətindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarına əlavə olunmuş 24 sentyabr 2019-cu il tarixli, ZM2409/08 nömrəli zaminlik müqaviləsinin surətindən məlum olur ki, borcalanın hazırki müqavilə ilə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilməsi üçün qeyd olunan tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh1 (bundan sonra “Zamin” adlanacaq) arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə görə zamin bankla borcalan arasında bağlanılmış 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsi üzrə borcalan öhdəliklərini yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür; Həmin Müqavilənin 2.1-ci bəndinə görə zamin qeyd olunan kredit müqaviləsinin bütün şərtləri ilə tanış olmuş və borcalan tərəfindən öz öhdəliklərinin icra edilməsinə cavab verməyə, o cümlədən müqavilənin şərtlərinə əsasən bank tərəfindən borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 10.000 (on min beş) manat məbləğində illik 17 (on yeddi) faiz dərəcəsi ilə istehlak kreditinin verilməsini, krediti və ona hesablanmış faizləri hər ay ödəniş qrafikinə uyğun ödəməyi, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəməyi öz öhdəsinə götürür; Həmin Müqavilənin 2.3-cü bəndləri ilə müəyyən edilir ki, zamin və borcalan kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı bank qarşısında birgə məsuliyyət daşıyır; Həmin Müqavilənin 3.1 və 3.2-ci bəndlərin tələbinə görə bu müqavilə tərəflərin imzaladığı vaxtdan qüvvəyə minir. Müqavilə borcalanın bank qarşısında 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsi üzrə bütün öhdəliklərinin - kredit və ona hesablanmış faiz və cərimələrin tam ödənildiyi günə kimi qüvvədədir. Tərəflər arasında bağlanmış müqavilələrin mahiyyətindən aydın olur ki, Cavabdeh1 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 09 iyun 2022-ci il tarixli, 04/864 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclular kredit müqaviləsinin şərtlərini yerinə yetirməmişdir. İş materiallarına əlavə olunmuş 16 avqust 2022-ci il tarixli, 287 nömrəli arayışın surətindən məlum olur ki, 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 08 iyul 2022-ci il tarixə banka 7.963,94 (yeddi min doqquz yüz altmış üç manat, doxsan dörd qəpik) manat əsas, 1.413,44 (bir min dörd yüz on üç manat, qırx dörd qəpik) manat faiz, 1.008,04 (bir min səkkiz manat, sıfır dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 10,385,42 (on min üç yüz səksən beş manat, qırx iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. Əsas borc üzrə ödənilmiş məbləğ 2.036,06 (iki min otuz altı manat, sıfır altı qəpik) manat, faiz borcu üzrə ödənilmiş məbləğ 1.400,77 (bir min dörd yüz manat, yetmiş yeddi qəpik) manat, cərimə borcu üzrə ödənilmiş məbləğ 823,98 (səkkiz yüz iyirmi üç manat, doxsan səkkiz qəpik) manat, ödənişlərin cəmi isə 4.260,81 (dörd min iki yüz altmış manat, səksən bir qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh2 Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh1 Xaçmaz rayonu, Bayoba kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərilərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməsinə və müəyyən edilmiş məbləği Cavabdeh2 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. İddiaçı cavabdehlərə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq ümumilikdə 10,385,42 (on min üç yüz səksən beş manat, qırx iki qəpik) manat tələb etmişdir. İş materiallarına əlavə edilmiş 16 avqust 2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 banka 7.963,94 (yeddi min doqquz yüz altmış üç manat, doxsan dörd qəpik) manat əsas, 1.413,44 (bir min dörd yüz on üç manat, qırx dörd qəpik) manat faiz, 1.008,04 (bir min səkkiz manat, sıfır dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 10,385,42 (on min üç yüz səksən beş manat, qırx iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. Məhkəmə iddia tələbinin 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsi üzrə 1.008,04 (bir min səkkiz manat, sıfır dörd qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 1.008,04 (bir min səkkiz manat, sıfır dörd qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 470 (dörd yüz yetmiş) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsi üzrə 7.963,94 (yeddi min doqquz yüz altmış üç manat, doxsan dörd qəpik) manat əsas, 1.413,44 (bir min dörd yüz on üç manat, qırx dörd qəpik) manat faiz və 470 (dörd yüz yetmiş) manat cərimə borcu olmaqla, ümumilikdə 9.847,38 (doqquz min səkkiz yüz qırx yeddi manat, otuz səkkiz qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin edildiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 121,16 (bir yüz iyirmi bir manat, on altı qəpik) manat miqdarında dövlət rüsumu iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 116 (bir yüz on altı manat) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24 sentyabr 2019-cu il tarixli, İK 2409/08 nömrəli kredit müqaviləsi üzrə 7.963,94 (yeddi min doqquz yüz altmış üç manat, doxsan dörd qəpik) manat əsas, 1.413,44 (bir min dörd yüz on üç manat, qırx dörd qəpik) manat faiz və 470 (dörd yüz yetmiş) manat cərimə borcu olmaqla, ümumilikdə 9.847,38 (doqquz min səkkiz yüz qırx yeddi manat, otuz səkkiz qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 vasitəsilə 08 iyul 2022ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 121,16 (bir yüz iyirmi bir manat, on altı qəpik) manat miqdarında dövlət rüsumu iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 116 (bir yüz on altı manat) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-152/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-152/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver