Məhkəmə qərarları › İş №e-2(090)-153/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-153/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-153/2022 17.08.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X1, “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: “X2” Açıq Səhmdar Cəmiyyəti “13” iyul 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 184,65 (bir yüz səksən dörd manat, altmış beş qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh arasında 29 iyul 2019-cu il tarixli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən bank müştəriyə cari hesab açılmağı və hesab üzrə plastik kart vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci bəndinə əsasən müştəri tərəfindən Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək müştərinin vəzifəsidir. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. İddiaçı bank tərəfindən açılmış hesab üzrə Cavabdeh tərəfindən 16 fevral 2022-ci il tarixinə ümumilikdə 184,65 (bir yüz səksən dörd manat, altmış beş qəpik) manat məbləğində texniki overdrafta yol verilmiş, lakin sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bu günkü günə cavabdehin iddiaçı qarşısında 184,65 (bir yüz səksən dörd manat, altmış beş qəpik) manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və “X2” Açıq Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının tələbinin hüquqi həllinə keçməzdən öncə məhkəmə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmənin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 13 iyul 2021-ci il tarixli, 2(090)- 153/2022 nömrəli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 14 iyul 2022-ci ildə təqdim edilməsi aydın olunur. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh tərəfindən ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdı. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, əsasən əsassız varlanmadan əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 29 iyul 2019-cu il tarixli, ******* nömrəli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1, 1.2 və 1.3-cü bəndlərinə görə bu müqaviləyə görə bank müştəriyə cari hesab (bundan sonra “Hesab” adlanacaq) açmağı və hesab üzrə ödəniş kartı (bundan sonra “Kart” adlanacaq) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən müştəriyə kredit rəsmiləşdirməsi mümkündür. Bank kredit ayrılması və köçürülməsi haqqında məlumatı müştəriyə SMS bildiriş vasitəsilə göndərir. Müştərinin SMS aldıqdan sonra hesabına köçürülmüş vəsaitdən və ya kartına ayrılan limitdən istifadə etməsi, bankın kredit təklifinə razılıq əlaməti kimi qəbul edilir. Bu zaman kartdan 1 (bir) faiz nağdlaşdırılma komissiyası tutulur. Karta köçürülmüş kredit xəttindən istifadə edildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində borc ödənilməsə illik 180 faiz (gündəlik 0.5) hesablanacaq. Kartın cari hesabındakı gündəlik qalığa illik min 0%, max 6% faiz dərəcəsi ilə faiz hesablanır və hər təqvim ayının sonuncu iş günü müştərinin istifadəsindəki kartın cari hesabına köçürülür; -2.4 - 2.7-ci bəndlərinə əsasən kartın üzərində müştərinin eyniləşdirilməsinə imkan verən məlumat qismində ya müştərinin soyadı və adı, yaxud da bank tərəfindən ona verilən müştəri kodu göstərilir. Müştərinin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən bank tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİN-kod müştəri tərəfindən bankda olan POS-terminal vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə göndərilə bilə. PİN-kod müştərinin imzasının analoqu hesab olunur. Müştəri tərəfindən kartın və onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar müştəri tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. Kart və PİN-kod olan qapalı zərfi bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidmət ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir. Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyət daşıyır. -2.9-cu bəndinə görə müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 (otuz) faiz məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda bank, müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər; -3.4.2-ci bəndini ilə müəyyən edilir ki, müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək onun vəzifəsidir. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən görünür ki, texniki overdraftın yaranması cavabdehin bank qarşısında öhdəliyinin yaramasına səbəb olur. Texniki overdraftın yaranmasının sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı-cavabdeh iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh-iddiaçı tərəfindən iddiaçı-cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 122-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 24 dekabr 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. “X2” Açıq Səhmdar Cəmiyyətinin öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı məhkəməyə Cavabdeh məxsus AZ47UBAZ**********1020USD003 nömrəli hesabdan 01 yanvar 2021-ci ildən 16 fevral 2022-ci ilədək olan dövrü əhatə edən hesabdan çıxarışı və buna müvafiq hazırlanmış çaliyyə arayışını təqdim etmişdi. Həmin sənədlərdən həqiqətən də Cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə borcunun olması aydın olur. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş və “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş 11 may 2022-ci il tarixli bildirişdən onun banka 184.65 (bir yüz səksən dörd manat, altmış beş qəpik) manat məbləğində borcunun olması və bu barədə ona “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilməsi məlum olur. İddia tələbinin təkzib edilməsi isə cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsində nəzərdə tutulur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2 və 14.2.7-ci maddələrinin mahiyyətin görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslardan biri əsassız varlanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə isə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdeh öz hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş 16 fevral 2022-ci il tarixli, UB-NRM/ƏB/427 nömrəli arayışda Cavabdeh 21 may 2021-ci il tarixdə 88.81 (səksən səkkiz ABŞ dolları, səksən bir sent) məbləğində ona məxsus olmayan vəsaiti kartından istifadə etməsi, plastik kart üzrə ümumi əsas overdraft borcunun 150,98 (bir yüz əlli manat, doxsan səkkiz qəpik) manat, faiz borcunun isə 33,67 (otuz üç manat, altmış yeddi qəpik) manat olması göstərilir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranması məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 29 iyul 2019-cu il tarixli, ******* nömrəli müqavilənin 2.9 və 3.4.2-ci bəndlərindən isə aydın olur ki, cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyəti qarşısında məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - Cavabdeh texniki overdraft nəticəsində yaranmış 150,98 (bir yüz əlli manat, doxsan səkkiz qəpik) manat məbləğində əsas, 33,67 (otuz üç manat, altmış yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 184,65 (bir yüz səksən dörd manat, altmış beş qəpik) manat miqdarında pul tutularaq “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddia verilməsi ilə bağlı “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh texniki overdraft nəticəsində yaranmış 150,98 (bir yüz əlli manat, doxsan səkkiz qəpik) manat məbləğində əsas, 33,67 (otuz üç manat, altmış yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 184,65 (bir yüz səksən dörd manat, altmış beş qəpik) manat miqdarında pul tutularaq “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddia verilməsi ilə bağlı “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim səlahiyyətlərini müvəqqəti icra edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar