Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-157/2022 24.08.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “22” iyul 2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 12 iyul 2019-cu il tarixli kredit kartı müqaviləsi üzrə 428,49 (dörd yüz iyirmi səkkiz manat, qırx doqquz qəpik) manat əsas borc, 101,28 (bir yüz bir manat, iyirmi səkkiz qəpik) manat faiz borcu, 10 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 217,28 (iki yüz on yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 47,65 (qırx yeddi manat, altmış beş qəpik) manat faiz borcun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli Kredit kartına dair müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit xətti ayrılmış, 10 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən isə 24 ay müddətinə illik 25,2 faiz dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin 08 iyul 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12 iyul 2019-cu il tarixli kredit kartına dair müqavilə üzrə 428,49 (dörd yüz iyirmi səkkiz manat, qırx doqquz qəpik) manat əsas, 101,28 (bir yüz bir manat, iyirmi səkkiz qəpik) manat faiz, 10 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 217,28 (iki yüz on yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas, 47,65 (qırx yeddi manat, altmış beş qəpik) manat faiz borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) onun tərəfindən bu günədək borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. Cavabdehə məhkəmə sənədləri, yəni iddiaçının ərizəsinin surəti məhkəmənin 22 iyul 2022-ci il tarixli, e-2(090)-157/2022 nömrəli məhkəmə bildirişi ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvanına rəsmi qaydada göndərilmişdi. Cavabdehin qeydiyyatda olduğu ünvanına göndərilən məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması - köçməsi səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Şahbuz Şəhər Mənzil İstismar Sahəsinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdı. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, əsasən kredit müqavilələrindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 iyul 2019-cu il tarixli, BRED0270177A189 nömrəli kredit kartına dair müqavilə və 10 iyun 2020-ci il tarixli, GTKR2122149A134 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilələr üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -- 12 iyul 2019-cu il tarixli, BRED0270177A189 nömrəli kredit kartına dair müqaviləsinin; -- 1-ci bəndinə əsasən müqavilədə qeyd edilənlərə əsasən bank müştəriyə bu müqavilə, habelə müştəri və bank arasında bağlanan karta dair müqavilə əsasında “birkart" verir, həmin “birkart”a bağlı bu müqavilədə qeyd edilən bütün istisnalar nəzərə alınmaqla təyinatı şəxsi istehlak olan bərpa olunan kredit xətti ayırır, müştəri isə kredit xətti üzrə borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu) ödəyir, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Bu müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır; -- 2-ci bəndinə görə müştəri birkart ilə aparılan dələduzluq əməliyyatlarından qorunur. Buna görə müştəri kredit xəttindən ilkin olaraq istifadə edilə biləcəyi məbləğin (yəni bu müqavilənin 11-ci bəndinin ilk cümləsində nəzərdə tutulan məbləğin) 0,25 %-i məbləğində pul vəsaitini banka ödəməlidir; -- 3-cü bəndində qeyd edilir ki, “Birkart”dan son istifadə tarixi 30 iyun 2022-ci ildir. Müddət bitdikdən sonra bankın daxili qayda və şərtlərində qeyd edilənlər yol verərsə, müştəriyə bu müqavilə əsasında onun istəyi ilə yeni “Birkart” təqdim oluna bilər. Birkart fiziki zədələndiyi və ya itirildiyi hallarda müştərinin istəyinə əsasən bank tərəfindən yenisi ilə əvəz edib bilər. Buna görə müştəri banka 1 (bir) manat məbləğində pul vəsaiti ödəməlidir. Bu müqavilə müddəti ərzində birkart maksimum 3 dəfə yenilənə bilər; -- 6-cı bəndinə əsasən hər il üçün 15 manat xidmət haqqı hesablanır. Kartın kateqoriyasının dəyişdirilməsi, kartın yenisi ilə əvəz edilməsi hallarında müştəridən bankın tarif dərəcələri əsasında xidmət haqqı tutulur. Birkartın müştəriyə verilmə tarixindən başlayaraq 3 ay sonrakı tarixədək hər biri minimum 10 manat olmaqla 3 ədəd nağdsız əməliyyat aparıldıqda birinci il üçün xidmət haqqı məbləği bank tərəfindən hesablanmır, yəni tutulmur. Bu abzasda nəzərdə tutulan 3 ədəd nağdsız əməliyyat müştəri tərəfindən aparılmadığı təqdirdə illik xidmət haqqı məbləği qeyri-taksit əməliyyatı kimi əsas borc olaraq yaranır və həmin, borca qeyri-taksit əməliyyatı kimi 3 ay ərzində “Birkartdan istifadə olunmuşdursa 3-cü ayın son günündən, 3 ay ərzində istifadə olunmayıbsa, "Birkart”la ilk əməliyyat həyata keçirilən gündən faizlər hesablanır. Hər il üzrə xidmət haqqı məbləği müştərinin borcuna əlavə edilir və müvafiq məbləğə qeyri-taksit əməliyyatı kimi bu müqavilə ilə nəzərdə tutulmuş illik kredit faizi hesablanır; -- müqavilənin 7-ci bəndinə görə “Birkart üzrə hesaba ayrılmış kredit xəttinin nağdlaşdırılmasına görə minimum 2 manat olmaqla 1.5 (bir tam onda beş) faiz xidmət haqqı müəyyən olunur. Müştəri tərəfindən "Birkart’a mədaxil edilmiş pul vəsaitinin banka məxsus ATM-lərdən və banka məxsus pos-terminallar vasitəsilə müştəri tərəfindən nağdlaşdırılmasına görə bank tərəfindən xidmət haqqı tutulmur. Digər nağdlaşdırma və kart əməliyyatlarına, habelə bank əməliyyatlarına görə xidmət haqqı tarifləri bankın qüvvədə olan tarif dərəcələrinə əsasən müştəri tərəfindən ödənilir. Kredit xəttindən nağdlaşdırma komissiyasının “Birkart" hesabından tutulması halında müvafiq komissiya məbləğləri borc məbləğinin üzərinə əlavə olunur və güzəşt müddəti olmayan qeyri-taksit əməliyyatı kimi əsas borc olaraq nəzərə alınır (müvafiq məbləğə bu müqavilə ilə nəzərdə tutulmuş illik kredit faizi hesablanır); -- müqavilənin 8-ci bəndi ilə müəyyən edilir ki, “Birkart” üzrə hesaba bu müqaviləyə əsasən kredit xətti ayrılır. Müştəri ayrılmış kredit xətti ilə taksit və qeyri-taksit əməliyyatları həyata keçirə bilər; -- müqavilənin 11 və 11.1-ci bəndlərinə görə kredit xəttindən ilkin olaraq müştəri tərəfindən istifadə edilə biləcək məbləğ bank tərəfindən 500 manat müəyyən olunur. Bank birtərəfli qaydada bu hissədə əsasən müəyyən olunmuş istifadə edilə biləcək kredit xəttinin məbləğini 15000 (on beş min) manat həddində (yəni 15000 manatadək olan hər hansı məbləğ) artıra bilər. Bundan əlavə, bank kredit xəttinin məbləğini birtərəfli qaydada azalda bilər. Nağdsız ödənişlər üzrə (nağdsız kredit ödənişləri istisna olunur) istifadə edilmiş məbləğin istifadə edilmə tarixindən sonrakı ayın 10-dək (son tarix daxil, son tarix qeyri-iş gününə düşərsə, əvvəlki iş günü əsas götürülür) olan müddət güzəşt müddətidir. Güzəşt müddəti hər bir əməliyyata ayrıca tətbiq edilir; -- müqavilənin 11.17, 11.17.2 və 11.17.3-cü bəndlərinə əsasən bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə müştəri krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 5 (beş) iş günü müddətində qaytarmalıdır. Müştəri müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1 faizi miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu müştərinin bankda olan hesabından silinir); -- müqavilənin 11.18-ci bəndinə görə bank müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduğu halda kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər; -- müqavilənin 14-cü bəndinə görə bu müqavilə tərəflər onu imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. - 10 iyun 2020-ci il tarixli, GTKR2122149A134 nömrəli kredit müqaviləsinin; -- 1-ci bölməsinə görə borc verən borcalana gündəlik tələbat üçün illik 25,2 faizlə, 24 ay müddətində, 500 (beş yüz) manat məbləğində kredit verməyi, borcalan müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri və digər borcları borc verənə qaytarmağı öhdəsinə götürür; -- 2.2-ci bəndinə əsasən kredit müştərinin cari hesabına köçürmə üsulu ilə verilir. Carı hesaba köçürülən vəsait müştərinin istəyinə əsasən onun verdiyi ərizə əsasında xidmət haqqı (1.1.6-cı bənd üzrə) çıxılmaq şərti ilə müştərinin bankda olan müvafiq kart hesabına köçürülə bilər. Tərəflər razılaşır ki, müştərinin bu müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün müştəri tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcəkdir; -- 3.2-ci bəndində qeyd edilir ki, bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə müştəri krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 10 (on) iş günü müddətində banka qaytarmalı və müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,6 faizi miqdarında dəbbə pulu ödəyir; --5.4-cü bəndə əsasən bu müqavilə tərəflər onu imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Yuxarıda da qeyd edildiyi və tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi tərəflər arasında əsasən borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, 12 iyul 2019-cu il tarixli, BRED0270177A189 nömrəli kredit kartı müqaviləsi üzrə iddiaçının kredit kartını cavabdehə verilməsi, ona kredit xətti ayırması, cavabdehin isə kredit xətti üzrə borclarını İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməsi, 10 iyun 2020-ci il tarixli, GTKR2122149A134 nömrəli kredit müqaviləsi üzrə isə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, sair haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin yerinə yetirilməsinin sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 24 dekabr 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 12 iyul 2019-cu il tarixli, BRED0270177A189 nömrəli kredit kartı müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 12 iyul 2019-cu il tarixli, TT**********347500 nömrəli balansdankənar məxaric orderi və hesabdan çıxarışla öz təsdiqini tapır. 10 iyun 2020-ci il tarixli, GTKR2122149A134 nömrəli kredit müqaviləsi üzrə isə iddiaçının müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi 10 iyun 2020-ci il tarixli kassa məxaric orderi ilə sübuta yetirilir. Müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin müqavilələrdən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 21 yanvar 2022-ci il tarixli, 16/1354 nömrəli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 12 iyul 2019-cu il tarixli, BRED0270177A189 nömrəli kredit kartı müqaviləsinin 14-cü və 10 iyun 2020-ci il tarixli, GTKR2122149A134 nömrəli kredit müqaviləsinin 5-ci bəndlərindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 19 iyul 2022-ci il tarixli, 135000/2651 nömrəli maliyyə arayışından və hesabdan çıxarışlardan 08 iyul 2022ci il tarixə Cavabdeh 12 iyul 2019-cu il tarixli, BRED0270177A189 nömrəli kredit kartı müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 428,49 (dörd yüz iyirmi səkkiz manat, qırx doqquz qəpik) manat əsas, 101,28 (bir yüz bir manat, iyirmi səkkiz qəpik) manat faiz borcu və 10 iyun 2020-ci il tarixli, GTKR2122149A134 nömrəli kredit müqaviləsi üzrə 217,28 (iki yüz on yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas və 47,65 (qırx yeddi manat, altmış beş qəpik) manat faiz borcunun olması aydın olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, BRED0270177A189 nömrəli kredit kartı müqaviləsi üzrə 428,49 (dörd yüz iyirmi səkkiz manat, qırx doqquz qəpik) manat əsas, 101,28 (bir yüz bir manat, iyirmi səkkiz qəpik) manat faiz borcu və 10 iyun 2020-ci il tarixli, GTKR2122149A134 nömrəli kredit müqaviləsi üzrə 217,28 (iki yüz on yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas, 47,65 (qırx yeddi manat, altmış beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 794,7 (yeddi yüz doxsan dörd manat, yetmiş qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, BRED0270177A189 nömrəli kredit kartı müqaviləsi üzrə 428,49 (dörd yüz iyirmi səkkiz manat, qırx doqquz qəpik) manat əsas, 101,28 (bir yüz bir manat, iyirmi səkkiz qəpik) manat faiz borcu və 10 iyun 2020-ci il tarixli, GTKR2122149A134 nömrəli kredit müqaviləsi üzrə 217,28 (iki yüz on yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas, 47,65 (qırx yeddi manat, altmış beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 794,7 (yeddi yüz doxsan dörd manat, yetmiş qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim səlahiyyətlərini müvəqqəti icra edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(090)-157/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-157/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver