Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-159/2025 12.03.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 492/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cəmi borcu 19.336,76 (on doqquz min üç yüz otuz altı dollar, 76 sent) ABŞ dolları- bundan 8.177,92 (səkkiz min yüz yetmiş yeddi dollar, 92 sent) ABŞ dolları əsas, 3117,37 (üç min yüz on yeddi dollar, 37 yeddi sent) ABŞ dolları faiz, 6855.87 (altı min səkkiz yüz əlli beş dollar, 87 sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusia Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1185,60 (bir min yüz səksən beş dollar, 60 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 188.62 (yüz səksən səkkiz manat, 62 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh2 arasında bağlanmış 492/14-USD saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 18 ay müddətinə, illik 28% dərəcəsi ilə 12.700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-492/14-USD saylı, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 14.315,97 (on dörd min üç yüz on beş dollar, 97 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən X9 imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış 492/14-USD saylı, xx.xx.2014-cü il tarixli Kredit və Zaminlik müqavilələri, həmin müqavilələr üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər, cavabdeh tərəfindən məbləğin təhvil alınmasını təsdiq edən kassa sənədi (№8/2/72641230 USD), ödəniş cədvəlləri, 12-5/2-Q-23-9391/2025 nömrəli xx.xx.2025-ci il tarixli maliyyə arayışı və hesabdan çıxarışlardır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bank ilə Cavabdeh2 arasında bağlanmış 492/14-USD saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 19.336,76 (on doqquz min üç yüz otuz altı dollar, 76 sent) ABŞ dolları təşkil edir. Bundan 8.177,92 (səkkiz min yüz yetmiş yeddi dollar, 92 sent) ABŞ dolları əsas, 3.117,37 (üç min yüz on yeddi dollar, 37 sent) ABŞ dolları faiz, 6.855,87 (altı min səkkiz yüz əlli beş dollar, 87 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.185,60 (bir min yüz səksən beş dollar, 60 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin İddiaçı ASC-nin nümayəndəsi «Elektron Məhkəmə» sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasını iştirakları olmadan keçirib iddia tələblərinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul etməyinizi Sizdən xahiş etmişdir Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 teleqram ilə müraciət edərək iddia tələbinə etiraz etdiyini, borc və cərimə faizləri heç birinin düzgün hesablanmadığını, onlar vaxtında ödənişləri etdiklərini, borclarının qalmadıqlarını, neçə il ərzində bank onlarla əlaqə saxlamadığını, indi isə qanunsuz olaraq onları məhkəməyə verdiyini göstərərək, məhkəmədən işin araşdırılmasını, ekspertiza təyin olunmasını və zəruri olan bütün tədbirlərin keçirilməsi üçün köməkli göstərilməsini xahiş etmişdir. İddia tələbi ilə bağlı etirazı nəzərə alan məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2025-ci il tarixli, 924 saylı ekspert rəyi Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı LPO İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə ekspert rəyi ilə razılaşmayaraq, onu əsassız hesab edərək xx.xx.2025-ci tarixdə məhkəməyə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət ünvanlamış, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(090)-159/2025 nömrəli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək 1. Cavabdeh2 ilə LPO İddiaçı ASC arasında bağlanmış 492-14 USD saylı, xx.xx.2014-cü il tarixli, Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə Saziş № 02 (iş cild İ, vərəq 10) əsasən xx.xx.2025-ci il tarixinə borc mövcuddurmu? 2. Cavabdeh2 ilə LPO İddiaçı ASC arasında bağlanmış 492-14 USD saylı, xx.xx.2014-cü il tarixli, Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə Saziş № 02 (iş cild İ, vərəq 10) əsasən kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə borc mövcud olduğu halda, həmin borcun məbləği (əsas borc, faiz və cərimə ayrı-ayrılıqda göstərilməklə) nə qədərdir? 3. Cavabdeh2 ilə LPO İddiaçı ASC arasında bağlanmış 492-14 USD saylı, xx.xx.2014-cü il tarixli, Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə Saziş № 02 (iş cild İ, vərəq 10) əsasən əsas borcu gecikdirilmiş xx.xx.2022ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində illik beş faizi nə qədər təşkil edir? 4. Cavabdeh2 ilə LPO İddiaçı ASC arasında bağlanmış 492-14 USD saylı, xx.xx.2014-cü il tarixli, Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlər arasında ödəniş qrafiki üzrə aylıq ödənişlərdə gecikdirilmə olubmu, əgər olubsa həmin tarixlər arasında gecikdirilmə neçə gün olubdur? Sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2026-cı il tarixli, 9/5273 nömrəli ekspert rəyi və ona əlavə edilmiş sənədlər 27 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuş, Şahbuz Rayon Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli, e-2(090)-159/2025 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Sözügedən ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanılmış 29 iyun 2017-ci il tarixli, 01 saylı əlavə sazişdə qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə: 7920,02 ABŞ dolları; 2804,95 ABŞ dolları, xx.xx.2025-ci il tarixə illik 5% hesablanmaqla: 7920,02 ABŞ dolları əsas borc, 2804,95 ABŞ dolları faiz borcu, 1129,70 ABŞ dolları faiz borcu 5% olmaqla müəyyən edilmiş, qeyd hissədə hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 29 iyun 2017-ci il tarixli, 01 N-li əlavə sazişdə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh2 cərimə borcu hesablanmadığı qeyd edilmişdir. Məhkəmə ekspertin rəyini iş materialları ilə birlikdə hərtərəfli tədqiq edərək hərtərəfli araşdırmanın nəticəsi hesab edir və borcun miqdarına münasibətdə sübut kimi nəzərə alır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli, 492/14 saylı kredit müqaviləsindən görünür ki, onlar iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir; -2.1 - 2.5-ci bəndlərinə görə müqaviləyə əsasən kreditor borcalana 12700 (on iki yeddi yüz) ABŞ dolları məbləğində kredit verir. Müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitinin artırılması məqsədi ilə 18 (on səkkiz) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 28 (iyirmi səkkiz) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30.84 faiz təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 (əlli altı) faiz dərəcəsi ilə, faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir; -3.1 və 3.3-cü bəndlər ilə müəyyən edilir ki, müqavilədə göstərilmiş qaydada borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin vəsaitin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur. -4.1-ci və 4.1.5-ci bəndlərə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər ilə birlikdə qaytarılmasını tələb etmək kreditorun hüququdur; -4.4, 4.4.2 və 4.4.3-cü bəndlərin tələbinə görə ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək, kreditor tələb etdikdə krediti hesablanmış faizlər və cərimə faizləri ilə birlikdə qaytarmaq borcalanın vəzifəsidir; -7.3 və 7.5-ci bəndlərlə müəyyən edilir ki, müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Borcalan kreditin verildiyi valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan rəsmi məzənnəsinin bu müqavilənin imzalandığı günlə müqayisədə əhəmiyyətli dəyişməsi ilə bağlı məsuliyyəti öz üzərinə qəbul edir və bununla bağlı kreditora qarşı gələcəkdə heç bir iddia irəli sürmədən müqavilə üzrə öhdəliklərini yerinə yetirir; - 8.2-ci bəndə əsasən müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. 492-14 USD saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əlavə 02 nömrəli sazişə əsasən bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.1992-ci il tarixli 24 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş "xxxx" ASC, bundan sonra "Kreditor" adlanacaq və digər tərəfdən Cavabdeh2, bundan sonra "Borcalan" adlanacaq, 492-14 USD saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə (bundan sonra - Əsas müqavilə) dəyişikliklərin edilməsi barədə aşağıdakı razılığa gəlmişlər: 1.1. Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") 14315.97 (on dörd min üç yüz on beş abş dolları doxsan yeddi sent) USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. • Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8986.11 (səkkiz min doqquz yüz səksən altı abş dolları on bir sent) USD əsas borc, 4590.09 (dörd min beş yüz doxsan abş dolları doqquz sent) USD faiz borcu və 739.77 (yeddi yüz otuz doqquz abş dolları yetmiş yeddi sent) USDcərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə X9 qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və 12(on iki) aydan sonra ilk 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə ilk 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. • Restrukturizasiya edilmiş kredit 12 (on iki) aydan öncə tam bağlanarsa, ödənilmiş məbləğ 12 (on iki) ayın yerdə qalan ayları üzrə bu Sazişə əlavə edilmiş ödəniş qrafikinə əsasən hesablanacaq faizlər həcmində dondurulmuş faizlərdən silinir və dondurulmuş faizlərin qalan hissəsi Kreditor tərəfindən güzəşt edilir. • Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. 1.2. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən X9 imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir. 1.3. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikinde nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 1.4. Borcalan Kreditora kreditin restrukturizasiyasının rəsmiləşdirilməsi üçün (ssuda hesabı açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərclər) bu Müqavilənin 0 (sıfır) məbləğində komissiya haqqı ödəyir. 1.5. Bu Saziş imzalandığı tarixdən etibarən Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu Sazişə əlavə edilir. 1.6. Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı ilk 12 (on iki) ay ərzinde gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda, Kreditorun təşəbbüsü ilə X9e birtərəfli gaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X8 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış 492-14 USD saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir. 2.1. X9 imzalandığı tarixdən qüvvəyə minir. 2.2. Bu Saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, Müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. 2.3. X7 492-14 USD saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinin hər hansı bir bəndi arasında ziddiyyət yaranarsa, X9in şərtləri tətbiq olunur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 və Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli, ZM-492/14 USD saylı kredit müqaviləsindən görünür ki, onlar iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: 1.1. Bu Müqavilənin predmeti xx/xx/2014-ci il tarixli.492-14 USD saylı Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan tərafindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə va ya hissa-hissə iera etməsi üçün məsuliyyəti Zaminlərin öz üzərinə götürməsidir. 1.2. Bu Müqaviləyə əsasən Borcalana verilən kreditin kreditləşmə mənbəyi "xxxx" ASC tərətindən ayırıldığı vəsaitdir. 2.1. 12700 (on iki min yeddi yüz Amerika dolları 00 sent) təşkil edən kredit məbləği; 2.2. 18 (on səkkiz) ay təşkil edən kreditin qaytarılma müddəti; 2.3. 28 (iyirmi səkkiz) % təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi; 2.4. 56 (əlli altı) % təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik, 4.67 (dörd tam yüzdə altmış yeddi) % təşkil edən aylıq cərimə faiz dərəcəsi. 4.1. Zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2. Faizlərin, borc tutulmasi üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımımca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ZM-492-14 USD saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə əlavə 02 nömrəli sazişə əsasən bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.1992-ci il tarixli 24 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş "xxxx" ASC, bundan sonra "Kreditor" adlanacaq və digər tərəfdən Cavabdeh1, bundan sonra "Zamin" adlanacaq, və üçüncü tərəfdən Cavabdeh2, bundan sonra "Borcalan" adlanacaq, aşağıdakı şərtlər əsasında ZM-492-14 USD saylı, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsinə (bundan sonra - Müqavilə) dəyişikliklərin edilməsi barədə aşağıdakı razılığa gəlmişlər: 1.1. Borcalanın Kreditor qarşısındakı 14315.97 (on dörd min üç yüz on beş abş dolları doxsan yeddi sent) USD təşkil edən kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") təşkil edir. 1.1.1. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8986.11 (səkkiz min doqquz yüz səksən altı abş dolları on bir sent) USD əsas borc, 4590.09 (dörd min beş yüz doxsan abş dolları doqquż sent) USD ayrıca hesabda dondurulmuş faiz borcu və 739.77 (yeddi yüz otuz doqquz abş dolları yetmiş yeddi sent) USD cərimə borcu təşkil edir. 1.2. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədəkdir. 1.3. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən X9 imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir. 1.4. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 2.1. X9 imzalandığı tarixdən qüvvəyə minir. 2.2. Zamin(lər) X9i imzalamaqla 492-14 USD saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. 2.3. X9 üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, Müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 12-5/2-Ş-41- 6835/2025 nömrəli xəbərdarlıq məktubunda "xxxx" ASC ilə Sizin aranızda xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 582001 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Sizə illik 8 (səkkiz) faiz ödənilməsi şərti ilə 92 ay müddətinə ilkin məbləğ 9844.10 (doqquz min səkkiz yüz qırx dörd abş dolları 10 sent) USD məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq, Cavabdeh1 və X4 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Sizin tərəfinizdən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, bunun nəticəsində Sizin 25 Aprel 2025-ci il tarixine LPO Banka 8177.92 (səkkiz min bir yüz yetmiş yeddi abş dolları 92 sent) USD məbləğində əsas borc, 3117.37 (üç min bir yüz on yeddi abş dolları 37 sent) USD məbləğində faiz borcu, 6855.87 (altı min səkkiz yüz əlli beş abş dolları 87 sent) USD məbləğində cərimə borcu, AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 1185.6 (bir min bir yüz səksən beş abş dolları 60 sent) USD faiz məbləği, ümumilikdə isə 19336.76 (on doqquz min üç yüz otuz altı abş dolları 76 sent) USD məbləğində borcunuz qalmışdır. Eyni zamanda, nəzərinizə çatdırırıq ki, kreditor borclarını ödəməkdən qəsdən yayınmağınız son nəticədə Sizin cinayət məsuliyyətinə cəlbedilməyinizlə nəticələnə bilər. Beləki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196-cı maddəsinə əsasən kreditor borclarını ödəməkdən qəsdən yayınma cinayət məsuliyyəti yaradan ictimai təhlükəli əməldir. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, Sizdən tələb olunur 19336.76 (on doqquz min üç yüz otuz altı abş dolları 76 sent) USD məbləğində borcun ödənilməsini 3 (üç) gün ərzində təmin edəsiniz. Əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır” göstərilmişdir. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, döngə 5, 5-ci dalan, ev 3c ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 449.1-ci maddəsinin məzmununa əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə işin mübahisəsiz halı olaraq qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 20 oktyabr 2014-cü il tarixli, 492/14 saylı kredit müqaviləsinin bağlanmış, cavabdehə 18 ay müddətinə illik 28% dərəcəsi ilə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan tərəfər arasında bağlanmış 02 saylı Əlavə Sazişlə cavabdehin əsas qalıq krediti 8986.11 ABŞ dolları, faiz borcu 4590.09 ABŞ dolları, 739.77 ABŞ dolları müəyyən edilməklə, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən, kredit restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği konvertasiya edilmiş 14315.97 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin Cavabdeh2 müqavilə şərlərini pozmaqla, öhdəlyini tam icra etməmişdir. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh Bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış pulun və faiz borcunun həcminə münasibətdə qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının 05 yanvar 2026-cı il tarixli, 9/5273 nömrəli ekspert rəyinə əsasən cavabdehin xx.xx.2025-ci il tarixə iddiaçıya əsas borc üzrə 7920,02 (yeddi min doqquz yüz iyirmi dollar, 02 sent) ABŞ dolları, faiz borcu 2804,95 (iki min səkkiz yüz dörd dollar, 95 sent) ABŞ dolları, 1129.70 (bir min bir yüz iyirmi doqquz dollar, 70 sent) ABŞ dolları məbləğində beş faiz borcu vardır. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə, iddia tələbi 6855.87 (altı min səkkiz yüz əlli beş dollar, 87 sent) dollar məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 6855.87 (altı min səkkiz yüz əlli beş dollar, 87 sent) dolları həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 400 (dörd yüz) ABŞ dolları məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi zaminə münasibətdə də təmin edilə bilməz. Mülki məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddəyə əsasən zaminliyə digər əsaslarla bərabər zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bankla zamin Cavabdeh1 ilə arasında bağlanmış zaminlik müqaviləsinin qüvvədə olduğu müddət göstərilmişdir. Belə ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndində göstərilir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Mülki Məcəllənin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsaslarını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh (borc alan) iddiaçı (kreditor) ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, kreditorun həmin şəxsə qarşı öhdəliklərin icrasının təmin olunmasından ibarət tələbi qanuni və əsaslı olmuşdur. Borc alan həmçinin zaminliklə təmin olunmuş kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəmələrə göndərilmiş “Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair” İcmal məktubda qeyd olunur ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda, zaminə qarşı yönəlmiş tələb məhkəmənin ayrıca akt şəklində qərardadı ilə deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir. İşin müəyyən olunan hallarına əsasən kredit müqaviləsinin müddəti 20 iyun 2022-ci il tarixində bitməsinə baxmayaraq, iddiaçı hazırki iddia ərizəsi ilə 19 iyun 2025-ci ildə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Belə olan halda müqavilə müddətinin 20 iyun 2022-ci ildə bitməsinə baxmayaraq, kreditor zaminə qarşı, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni 21 iyun 2023-cü il tarixinədək iddia verməli olduğu halda, həmin müddəti ötürməklə 19 iyun 2025-ci ildə məhkəməyə müraciət etmişdir. Bundan başqa zaminlik müqaviləsi etibarlı müqavilədir, çünki cavabdeh məhkəmədə həmin müqavilədəki imzanın ona məxsus olduğunu bildirmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı zaminə qarşı tələb hüququnu itirdiyindən, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 əsas borc 7920,02 (yeddi min doqquz yüz iyirmi dollar, 02 sent) ABŞ dolları, faiz borcu 2804,95 (iki min səkkiz yüz dörd dollar, 95 sent) ABŞ dolları, 1129.70 (bir min bir yüz iyirmi doqquz dollar, 70 sent) ABŞ dolları məbləğində beş faiz borcu, cərimə borcu 400 (dörd yüz) ABŞ dolları olmaqla, ümumilikdə 12254, 67 (on iki min iki yüz əlli dörd dollar, altmış yeddi sent) ABŞ dolları (öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə) məbləğində kredit borcu tutularaq iddiaçı LPO İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı LPO İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 188.62 (bir yüz səksən iki manat, altmış iki qəpik) manat miqdarında dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 119.54 (bir yüz on doqquz manat, əlli dörd qəpik) manat Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də daxildir. MPM-in 119.1-ci maddəsinə görə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat miqdarında məhkəmə xərci Cavabdeh2 alınaraq X1 AZ34CTRE******************** nömrəli hesabına ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 əsas borc 7920,02 (yeddi min doqquz yüz iyirmi dollar, 02 sent) ABŞ dolları, faiz borcu 2804,95 (iki min səkkiz yüz dörd dollar, 95 sent) ABŞ dolları, 1129.70 (bir min bir yüz iyirmi doqquz dollar, 70 sent) ABŞ dolları məbləğində beş faiz borcu, cərimə borcu 400 (dörd yüz) ABŞ dolları olmaqla, ümumilikdə 12254, 67 (on iki min iki yüz əlli dörd dollar, altmış yeddi sent) ABŞ dolları (öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə) məbləğində kredit borcu tutularaq iddiaçı LPO İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı LPO İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 188.62 (bir yüz səksən iki manat, altmış iki qəpik) manat miqdarında dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 119.54 (bir yüz on doqquz manat, əlli dörd qəpik) manat Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat miqdarında məhkəmə xərci Cavabdeh2 alınaraq X1 AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-159/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-159/2025
12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver