Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-177/2022 27.10.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Qəhrəmanov Şahin Şəmil oğlunun katibliyi ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 “25” avqust 2022-ci il tarixdə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsini, Cavabdeh 1.891,92 manat əsas, 51 manat faiz və 0.00 manat cərimə borcu olmaqla, ümumilikdə 1.942,92 (bir min doqquz yüz qırx iki manat, doxsan iki qəpik) manat məbləğində borcun və ödənilmiş 39,45 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin “15” sentyabr 2022-ci tarixli qərardadı ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş icraat kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə 14 oktyabr və 20 oktyabr 2022-ci il tarixli teleqram ilə məhkəməyə müraciət edərək baxış iclasının iştirakları olmadan keçirilərək, yekun qərar qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Qeyri- Bank Kredit Təşkilatı X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialları ilə həqiqətən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə cavabdeh X7 arasında 19 aprel 2021-ci il tarixli, **********9817 nömrəli kredit müqaviləsinin bağlanması və tərəflərin üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmələri müəyyən olunur. İş materiallarına əlavə olunmuş 19 aprel 2021-ci il tarixli, **********9***-******* nömrəli zaminlik müqaviləsindən aydın olur ki, həqiqətən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə zamin 19 aprel 2021-ci il tarixli, **********9817 nömrəli kredit müqaviləsinə əsasən (“Kredit müqaviləsi”), həmin müqavilə üzrə kredit alan olan X7 (“Kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 2300 manat məbləğində pul vəsaitini illik 29.00 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı təşkilat ilə X7 arasında 19 aprel 2021-ci il tarixli, **********9817 nömrəli kredit müqaviləsi bağlanmış, Cavabdeh ilə isə qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan isə əsas borclu X5 01 mart 2022-ci ildə ölməsi müəyyən edilir. Eyni zamanda "Elektron Məhkəmə" informasiya sistemində olan məlumata əsasən Şahbuz Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(090)-175/2022 saylı qərardadı ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli X1 və Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə cavabdehlərdən X5 01 mart 2022-ci ildə ölməsi müəyyən edildiyindən, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli X1 və Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər tələbin yönəldiyi şəxsin olmaması, ona münasibətdə isə ərizədə qeyd edilən məlumatların düzgün olması əsası ilə geri qaytarılmışdır. Bundan sonra 25 avqust 2022-ci il tarixdə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət edərək zamin Cavabdeh 1.891,92 manat əsas, 51 manat faiz və 0.00 manat cərimə borcu olmaqla, ümumilikdə 1.942,92 (bir min doqquz yüz qırx iki manat, doxsan iki qəpik) manat məbləğində borcun və ödənilmiş 39,45 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, iddiaçı təşkilat əsas borclu olan X7 vəfat etdiyindən, iddia tələbini əsas borcluya və ya onun vərəsələrinə qarşı deyil, zaminə qarşı yönəltmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edir ki, borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Göründüyü kimi borclunun ölümü halında mirası qəbul etmiş vərəsələr ilk növbədə miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıdığından kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, mirası qəbul etmiş vərəsələrdən öz vəzifələrini icra etməsi tələb olunur. Hazırki iş üzrə İddiaçı MMM QBKT ilk öncə məhkəmədən kənar əsas borclu X5 vərəsələrinə qarşı tələb irəli sürmədən zaminə qarşı məhkəmədə iddia qaldırmışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMM QBKT-nın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçıya izah olunsun ki, X5 vərəsələri əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə məhkəmədə zaminə qarşı iddia qaldıra bilər. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən ərizə və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından ərizə və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 Azərbaycan Respublikası Mərkəzi Bankı X8 vasitəsi ilə 25 avqust 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 39,45 (otuz doqquz manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, X5 vərəsələri əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə məhkəmədə zaminə qarşı iddia qaldıra bilər.. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 tərəfindən X8 vasitəsi ilə 25 avqust 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 39,45 (otuz doqquz manat, qırx beş qəpik) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-177/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-177/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver