Məhkəmə qərarları › İş №e-2(090)-180/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-180/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-180/2021 14.12.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “24” sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4.496,73 (dörd min dörd yüz doxsan altı manat, yetmiş üç qəpik) manat əsas, 789,53 (yeddi yüz səksən doqquz manat, əlli üç qəpik) manat faiz, cəmi 5.286,26 (beş min iki yüz səksən altı manat, iyirmi altı qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 03.11.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 72 ay müddətinə 4496,73 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 13.09.2021-ci il tarixə İddiaçı ASC-yə 4496,73 manat əsas, 789,53 manat faiz, cəmi 5286,26 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin 24 noyabr 2021-ci il tarixdə elektron ərizə ilə müraciət edərək İddiaçı ASC-i cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, mülki işin məhkəmə iclasının 14.12.2021-ci il tarixə, saat 15:00-a təyin edildiyini, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizələrinin tam və qanuni olduğunu, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Eyni zamanda iş materiallarına əlavə olunmuş 03 noyabr 2020-ci il tarixli, RGTK3218616A134 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci fəslinə görə kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq, borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə 4.496,73 (dörd min dörd yüz doxsan altı manat, yetmiş üç qəpik) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Borcalan kredit əldə edən zaman birdəfəlik 44,52 (qırx dörd manat, əlli iki qəpik) xidmət haqqı ödəyir və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalana gündəlik tələbat məqsədilə və borcalanın cari hesabına köçürmə üsulu ilə verilir. Kredit 72 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. Həmin müqavilənin 2.1-ci maddəsinə görə kreditdən istifadəyə görə borcalan illik 20% (Faktiki illik faiz dərəcəsi 20.4%) ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən ödəniş qrafiki üzrə ödənişlər gecikdirildikdə, gecikən əsas borca gündəlik 0.6% dəbbə pulu hesablanır. Həmin müqavilənin 5.2-ci maddəsinə görə bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 03.11.2020-ci il tarixli, RGTK3218616A134 nömrəli ödəniş qrafikindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 03.11.2020-ci il tarixli kassa məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh 4496.73 manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 24 aprel 2021-ci il tarixdə axırıncı bildiriş göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş maliyyə arayışından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.11.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 72 ay müddətinə 4496,73 manat məbləğində kredit verilmişdir. Cavabdeh 13.09.2021-ci il tarixə İddiaçı ASC-yə 4496,73 manat əsas, 789,53 manat faiz; cəmi 5286,26 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 03 noyabr 2020-ci il tarixli, RGTK3218616A134 nömrəli kredit müqaviləsinə əsasən 4.496,73 (dörd min dörd yüz doxsan altı manat, yetmiş üç qəpik) manat əsas, 789,53 (yeddi yüz səksən doqquz manat, əlli üç qəpik) manat faiz, cəmi 5.286,26 (beş min iki yüz səksən altı manat, iyirmi altı qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 vasitəsilə 20 sentyabr 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 03 noyabr 2020-ci il tarixli, RGTK3218616A134 nömrəli kredit müqaviləsinə əsasən 4.496,73 (dörd min dörd yüz doxsan altı manat, yetmiş üç qəpik) manat əsas, 789,53 (yeddi yüz səksən doqquz manat, əlli üç qəpik) manat faiz, cəmi 5.286,26 (beş min iki yüz səksən altı manat, iyirmi altı qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 vasitəsilə 20 sentyabr 2021ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar