Məhkəmə qərarları › İş №e-2(090)-212/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-212/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-212/2022 07.12.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı İsayad qızı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Dadaşov Ramız Vaqıf oğlundan 15.000 (on beş min) manat borc pulun və 136 (bir yüz otuz altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsayad qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Sumqayıt şəhəri “Yaşıl Dərə” bağlar massivində uzun illər qonşu olmuşlar. Ailəvi gediş-gəlişləri olub, bir ailə kimi dolanmışlar. xx.xx.2014-cü ildə Cavabdeh ondan 15.000 (on beş min) manat borc pul alıbdır. Ayda 200 (iki yüz) manat olmaqla hissə-hissə borcunu qaytarmalı idi. Bu barədə öz xətti ilə qəbz yazıb ona təhvil veribdir. Cavabdeh dəfələrlə təkid etməyinə baxmayaraq borcunu qaytarmadığı üçün o da məcbur olub xx.xx.2020-ci ildə ərizə ilə Sumqayıt şəhər Pİ-nin 5-ci Polis Bölməsinə müraciət edibdir. Polisdə göstərilən fakt əsasında araşdırma aparılıbdır. Polisdə verdiyi izahatda Cavabdeh ondan 15.000 (on beş) min manat borc aldığını təsdiqləyiblər. Pulu hissə-hissə qaytaracağına söz veribdir. Beləliklə, Cavabdeh həm özü yazdığı qəbzdə, həm də Sumqayıt şəhər Pİ-nin 5-ci PB-də aparılan araşdırma zamanı ondan 15.000 (on beş) min manat borc pul almasını etiraf etmişdir. Polis ona rəsmi surətdə bildirdi ki, aralarında pul üstündə olan mübahisə mülki xarakterlidir. Yaranmış mübahisənin həlli üçün tərəflər məhkəməyə müraciət edə bilərlər. Lakin bu günə qədər Cavabdeh öhdəliyini yerinə yetirmir, götürdüyü borc pulu qaytarmır. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. O, humanistlik edərək və cavabdehlə vaxtilə normal münasibətlərinin olduğunu nəzərə alaraq, əldən çıxmış gəlirinə görə ona qarşı hələlik AR MM-nin 449.1-ci maddəsinin yol verdiyi qaydada faiz tələb etmir, öz halal pulunu istəyir. Lakin cavabdeh bunları dərk etmək istəmir, öhdəliyini icra etməməklə ona ziyan vurmaqda davam edir. İddiaçı İsayad qızının vəkili və nümayəndəsi Vəkil 18 noyabr 2022-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə ilə müraciət edərək İddiaçı Cavabdeh qarşı pul tələbi ilə bağlı Dadaşov Ramız Vaqıf oğlunun İddiaçı olan 15.000 (on beş min) manat borcdan cavabdehin cəmi 1.510 (bir min beş yüz on) manat pul ödədiyini, cavabdeh Dadaşov Ramız Vaqıf oğlunun İddiaçı İsayad qızına 13.490 (on üç min dörd yüz doxsan) manat pul ödəməli olması barədə dəqiqləşdirmə vermişdir. Şahbuz Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2(090)- 212/2022 nömrəli qərardadı ilə ərizə təmin olunaraq, hazırki mülki iş üzrə iddia tələbi dəqiqləşdirilmiş, İddiaçı İsayad qızının cavabdeh Dadaşov Ramız Vaqıf oğluna qarşı pul tələbinə dair mülki işə “cavabdeh Dadaşov Ramız Vaqıf oğlundan 13.490 (on üç min dörd yüz doxsan) manat borc pulun alınıb ona verilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı İsayad qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş, lakin İddiaçı İsayad qızı “Elektron Məhkəmə” sistemi vasitəsilə “05” dekabr 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraicət edərək Şahbuz Rayon Məhkəməsində iddiaçı qismində məhkəmə iclasında iştirak etməyə dəvət edildiyini, mülki işlə əlaqədar kifayət qədər sübutlar təqdim etdiklərini, əlavə sübut və vəsatətlərinin olmadığını, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı İsayad qızının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı İsayad qızının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə iddiaçının vəkili-nümayəndəsi Vəkil və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı İsayad qızının ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 10 noyabr 2014-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, cavabdeh iddiaçıdan 13,960 (on üç min doqquz yüz altmış) manat borc pul aldığını etiraf etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh xx.xx.2014-cü ildə ondan borc olaraq 15.000 (on beş min) manat pul almış, bu barədə ona yazılı qəbz vermiş, eyni zamanda Sumqayıt şəhər Pİ-nin 5-ci PB-də araşdırma zamanı borc aldığını etiraf edərək qaytaracağını və məktubu alandan 10 günə kimi borcu qaytarmadığı təqdirdə məhəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin s/rəisi polis kapitanı R.Əliyev tərəfindən 29 fevral 2020-ci il tarixdə Cavabdeh izahatı alınmış, cavabdeh izahatında 15.000 min manat pulu Şəmruz xanımın qızı Könül xanımdan götürdüyünü qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü tələb ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı Cavabdeh 15000 (on beş min) borcundan 13490 manatın ödənilməmiş olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi cavabdeh R,Dadaşovun verdiyi ərizəni göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, iş üzrə Cavabdeh 13.490 (on üç min dörd yüz doxsan) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü bəndinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrində 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu tutulur. Belə olan halda iddia tələbi 13.490 (on üç min dörd yüz doxsan) manat təşkil etdiyindən 120+(3.490*0.3%=10.47)=130.47 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İş üzrə Cavabdeh 13.490 (on üç min dörd yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 130,47 (bir yüz otuz manat, qırx yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar