Məhkəmə qərarları › İş №e-2(090)-216/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-216/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-216/2023 21.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (şəxsiyyət vəsiqəsi AA*******, təvəllüd xx.xx.1983, Fin kod xxxxxxx) 3.087,60 (üç min səksən yeddi manat, altmış qəpik) manat məbləğində borcun, 50,88 (əlli manat, səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi ümumilikdə 3.138,48 (üç min bir yüz otuz səkkiz manat, qırx səkkiz qəpik) manat məbləğində pulun tutularaq ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X1 arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən cavabdehin mülkiyyətinə şəxsi istifadə üçün “gobustone” əmtəə nişanlı məsaməli hörgü blokları verilib. Həmin malların dəyərinin bir hissəsi ödənilsə də, hazırda cavabdehin İddiaçınə 3.087,60 (üç min səksən yeddi manat, altmış qəpik) məbləğində borcu mövcuddur. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilib. Lakin, yenə də borcu ödəməyib. Cavabdehin əməlində dələduzluq cinayətinin tərkibinin olması ilə bağlı Bakı şəhəri, Qaradağ rayonu, 11-ci polis bölməsinə müraciət edilib. Araşdırmanın yekununda cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilib. Qərarda da, cavabdeh həqiqətən də, İddiaçı MMCdən 3.087,60 (üç min səksən yeddi manat, altmış qəpik) manat dəyərində məsaməli hörgü bloklarını aldığını, maddi çətinlikləri olduğu üçün pulu qaytara bilmədiyini, qeyd olunan pulu şirkətə qaytarmasına söz vermişdir. Lakin, cavabdeh bu günkü, yəni xx.xx.2023-cü il tarixədək ödəniş etməmişdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən 80 palet (kisə) “gobustone” əmtəə nişanlı məsaməli hörgü blokları almış, Cavabdeh şifahi alqı-satqı müqaviləsinə uyğun olaraq qalıq borcu İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Şifahi alqısatqı müqaviləsi üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh borcun ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 23 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh izahat verərək izahatında İddiaçındən həqiqətəndə 3.087,60 (üç min səksən yeddi manat, altmış qəpik) manat dəyərində məsaməli hörgü blokları aldığını, maddi çətinlikləri olduğu üçün pulu qaytara bilmədiyini, qeyd olunan məbləği iddiaçı şirkətə qaytarmasına söz verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 05 mart 2018-ci il tarixli, AAC00001480 nömrəli yol qaiməsi və anbardan çıxış aktından görünür ki, Cavabdeh ölçüləri D-500 MHB (600*250*200) 20 palet (kisə) olan əşyaları 05 mart 2018-ci il tarixdə İddiaçındən təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 26 aprel 2018-ci il tarixli, AAC00001374 nömrəli yol qaiməsi və anbardan çıxış aktından görünür ki, Cavabdeh ölçüləri D-500 MHB (600*250*150), D-500 MHB (600*250*200), MHB yapışdırıcı 25 kq 60 palet (kisə) olan əşyaları 26 aprel 2018-ci il tarixdə İddiaçındən təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşyalar üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh İddiaçındən 80 palet (kisə) “gobustone” əmtəə nişanlı məsaməli hörgü blokları almış və həmin əşyaların dəyərini İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 3.087,60 (üç min səksən yeddi manat, altmış qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 50,88 (əlli manat, səksən səkkiz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.087,60 (üç min səksən yeddi manat, altmış qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50,88 (əlli manat, səksən səkkiz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar