Məhkəmə qərarları › İş №e-2(090)-220/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-220/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-220/2024 26.09.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “25” sentyabr 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Şahbuz Rayon Məhkəməsinə müraciət edərək LM042100671 nömrəli 20 aprel 2021-ci il tarixli Restrukturizasiya müqaviləsinə əsasən cəmi borcu 3.231,59 (üç min iki yüz otuz bir manat, əlli doqquz qəpik) manat olmaqla, bundan 3.208,47 (üç min iki yüz səkkiz manat, qırx yeddi qəpik) manat əsas, 19,13 (on doqquz manat, on üç qəpik) manat faiz, 3,99 (üç manat, 9doxsan doqquz qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 52.32 (əlli iki manat, otuz iki qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddianın qiyməti beş min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişdi. Bu səbəbdən də qeyd edilən ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkünlüyü yoxlanılmışdı. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri mülki prosessual qanunvericiliyin tələbləri daxilində yoxlayan məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh kimi Cavabdeh1 və Cavabdeh2 göstərmişdir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, iddiaçının cavabdeh kimi qeyd etdiyi Cavabdeh1 29 sentyabr 2023-cü ildə ölmüşdü. Bu isə o deməkdir ki, iddia tələbi hazırda sağ olmayan şəxsə qarşı yönəlib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunvericiliyin yuxarıda qeyd olunan normasında aydın olur ki, prosessual hüquq varisliyinə iş məhkəmənin icraatına daxil olduqdan sonra yol verilir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən işdə iştirak edən şəxslər dedikdə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar başa düşülür. Sözü gedən Məcəllənin 50.1-ci maddəsində isə qeyd olunur ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin forma və məzmunu Mülki-Prosessual Məcəllənin 284-3.2-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən ərizədə göstərilməli olan məlumatlardan biri iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatlarıdır (284-3.2.2-ci maddə). Yuxarıda qeyd olunan prosessual hüquq normalarının ümumi təhlilindən aydın olur ki, hazırki vəziyyətdə iddiaçının məhkəməyə təqdim etdiyi ərizənin forma və məzmununa əməl etməyib, yəni həyatda olmayan şəxsi cavabdeh kimi qeyd etmişdi. Mülki Prosessual Məcəllənin 284-3.5 maddəsinin tələbinə görə ərizənin həmin Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin həmin maddədə o da qeyd edilir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 24 sentyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 52.32 (əlli iki manat, otuz iki qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 24 sentyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 52.32 (əlli iki manat, otuz iki qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilir ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar