Məhkəmə qərarları › İş №e-2(090)-225/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-225/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-225/2023 08.09.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 1.317,57 (bir min üç yüz on yeddi manat, əlli yeddi qəpik) manat əsas və 8.98 (səkkiz manat, doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1.326,55 (bir min üç yüz iyirmi altı manat, əlli beş qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37,59 (otuz yeddi manat, əlli doqquz qəpik) manat dövlət rüsumunun və 0,40 (sıfır manat, qırx qəpik) manat bank xidmət haqqının Cavabdeh tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Xətai” filialı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2021-ci il tarixli, BPM**********64 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2.600 manat məbləğində tam kart kredit kartı açılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə vəsaitdən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə xx.xx.2021-ci il tarixli, BPM**********64 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcun qaytarılması haqqında onlar tərəfindən xx.xx.2022ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında onlar tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borcu 1317.57 manat əsas, 8.98 manat faiz borcu olmaqla, cəmi 1326.55 manat təşkil edir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14 aprel 2021-ci il tarixli, BPM**********64 nömrəli tam kart çərçivə müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı; bundan sonra – “Tam kart” adlanacaq) buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab; bundan sonra birlikdə - “Hesab” və ya “Hesablar” adlanacaq) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30.000 (otuz min) manat məbləğinədək, kreditdən (Nağd kredit və/və ya kredit xətti; bundan sonra birlikdə - “Kredit” adlanacaq) istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə görə, müştəriyə bu müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq ayrılmış kredit xətti daxilində tam kartdan banka məxsus POSterminallar vasitəsilə bankın partnyor şəbəkəsi subyektlərində (siyahısı bankın rəsmi internet səhifəsi www.ibar.az-da və/və ya tam kartın rəsmi internet səhifəsi www.tamkart.az-da yerləşdirilmişdir) istifadə olunan zaman məhsul və xidmətlərin dəyəri 24 (iyirmi dörd) ayadək bərabər hissələrə bölünərək faizlər hesablanmadan ödənilməsi (bundan sonra – “Taksit əməliyyatları” adlanacaq) imkanı yaradır. Müqavilənin 2.3-cü bəndinə əsasən, şəxsi ehtiyacların ödənilməsi kreditin məqsədli təyinatıdır. Müqavilənin 4.1.1.1-ci bəndinə görə, borc alan tərəfindən nağd kredit sifariş verildikdə və bank borcalana nağd kreditin verilməsinə müsbət qərar qəbul etdikdə tərəflər arasında kreditin verilməsini təsdiq edən annuitet ödəniş qrafiki imzalanır. Annuitet ödəniş qrafikində kreditin məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və digər zəruri məlumatları göstərilir. Müqavilənin 4.1.1.2-ci bəndinə əsasən, borcalan tərəfindən kredit xəttinin açılması sifariş verildikdə və bank borcalana kredit xəttinin açılmasına dair müsbət qərar qəbul etdikdə bu barədə borcalanın bank kartına kredit limitinin təyin olunması üçün razılaşmasında təsdiq qeydləri aparır və bank tərəfindən təsdiq edilmiş bank kartına kredit limitinin təyin olunması üçün razılaşmasının 1 (bir) nüsxəsi borcalana təqdim olunur. Bank tərəfindən təsdiq edilmiş bank kartına kredit limitinin təyin olunması üçün razılaşmasında kreditin məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatları göstərilir və bu sənəd kredit xəttinin açılmasını təsdiq edən sənəd kimi çıxış edir. Müqavilənin 7.2.4-cü bəndinə görə, müştəri tərəfindən bu müqavilə üzrə öhdəliklərin icrası pozulduqda, qanunvericilikdə/bu müqavilədə nəzərdə tutulmuş digər hallarda müqaviləni birtərəfli qaydada ləğv etmək, tam kartdan istifadə etməklə əməliyyatların aparılmasına məhdudiyyətlər qoymaq, tam kartı bloklaşdırmaq/ləğv etmək, eləcə də tam kartı geri tələb etmək bankın hüququdur. Müqavilənin 7.3.6-cı bəndinə əsasən, tam kartdan istifadə üzrə xidmət haqını, eləcə də kreditin verilməsinə və rəsmiləşdirilməsinə görə bankın tariflərində nəzərdə tutulmuş xidmət haqlarını, bankın tariflərinə uyğun olaraq komissiyaları və cərimə faizlərini, eləcə də tam kartdan istifadə ilə bağlı bankın çəkdiyi digər xərclərin əvəzini banka ödəmək borcalanın vəzifəsidir. Müqavilənin 7.3.17-7.3.18-ci bəndlərinə görə, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etmək və bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə müəyyən olunmuş dəbbə pulunun (cərimə, penya) banka ödənilməsini təmin etmək borcalanın vəzifəsidir. Müqavilənin 10.7-10.10-cu bəndlərinə görə, borcalan tərəfindən kredit xətti üzrə əsas borcun tam məbləğinin və ya onun müəyyən bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 4.1.1.2-ci yarımbənddə qeyd olunan borcalanın bank tərəfindən təsdiq edilmiş kredit sifarişində və ya penyanın ödənilməsi barədə yazılı tələbi təqdim etdiyi günün ertəsi günü borcalan tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Borcalan tərəfindən nağd kredit üzrə əsas borcun tam məbləğinin və ya onun müəyyən bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq bank tərəfindən borcalana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər. Qanunvericilikdə və ya bu müqavilədə nəzərdə tutulmuş hallarda bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb etdikdə və borcalan müqavilənin 6.14-cü bəndində müəyyən olunmuş müddətdə krediti vaxtından əvvəl qaytarmadıqda, həmin müddətin bitdiyi andan kredit üzrə cari tarixə mövcud olan əsas borc məbləği gecikdirilmiş əsas borc kateqoriyasına aid edilir və həmin məbləğə bu müqavilənin 10.7-10.8-ci bəndlərində nəzərdə tutulmuş miqdarda penya hesablanır. Bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (cərimə, penya) ödənilməsi borc alanı müvafiq öhdəliklərin icrasından azad etmir. Müqavilənin 11.1-ci və 11.2-ci bəndlərinə əsasən, bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir. İş materiallarına əlavə olunmuş “Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma”-dan görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2.600 manat məbləğində tam kart kredit kartı açılmış və tərəflər bu barədə razılığa gələrək imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 06 dekabr 2022-ci il tarixli, 22-21829/2022 nömrəli kredit borcunun ödənilməsinə dair bildiriş göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 29 iyul 2023-cü il tarixli maliyyə arayışından Cavabdeh iddiaçı "xxxx" ASC-nə 1.317,57 (bir min üç yüz on yeddi manat, əlli yeddi qəpik) manat əsas, 8.98 (səkkiz manat, doxsan səkkiz qəpik) manat faiz, cəmi 1.326,55 (bir min üç yüz iyirmi altı manat, əlli beş qəpik) manat borcunun olması aydın olur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 aprel 2021-ci il tarixli, BPM**********64 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 2.600 (iki min altı yüz) manat məbləğində kredit verilmiş və müqavilənin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu və həmin borca hesablanmış faizi qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1.317,57 (bir min üç yüz on yeddi manat, əlli yeddi qəpik) manat əsas və 8.98 (səkkiz manat, doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1.326,55 (bir min üç yüz iyirmi altı manat, əlli beş qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas və faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 14 aprel 2021-ci il tarixli, BPM**********64 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 1.317,57 (bir min üç yüz on yeddi manat, əlli yeddi qəpik) manat əsas və 8.98 (səkkiz manat, doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1.326,55 (bir min üç yüz iyirmi altı manat, əlli beş qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 37,59 (otuz yeddi manat, əlli doqquz qəpik) manat miqdarında dövlət rüsumu və 0,40 (sıfır manat, qırx qəpik) manat bank xidmət haqqı, cəmi 37,99 (otuz yeddi manat, doxsan doqquz qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 14 aprel 2021-ci il tarixli, BPM**********64 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 1.317,57 (bir min üç yüz on yeddi manat, əlli yeddi qəpik) manat əsas və 8.98 (səkkiz manat, doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1.326,55 (bir min üç yüz iyirmi altı manat, əlli beş qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 37,59 (otuz yeddi manat, əlli doqquz qəpik) manat miqdarında dövlət rüsumu və 0,40 (sıfır manat, qırx qəpik) manat bank xidmət haqqı, cəmi 37,99 (otuz yeddi manat, doxsan doqquz qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar