Məhkəmə qərarları › İş №e-2(090)-25/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-25/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-25/2025 08.01.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1524.13 AZN əsas; 75.80 AZN faiz; cəmi 1599.93 AZN pul vəsaitinin və 36 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, GTGK4100418B299 saylı Kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 10.9 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1524.13 AZN əsas; 75.80 AZN faiz; cəmi 1599.93 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 10 oktyabr 2023-cü il tarixli, GTGK4100418B299 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə 3000 AZN (üç min) məbləğində kredit verilməsini öhdəsinə götürür, borcalan krediti əldə edən zaman kreditə xidmət olunması komissiyası olaraq 90 AZN (doxsan) manat ödəməyi və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalanın cari hesabına köçürmə yolu ilə verilir. Kredit borcalana gündəlik tələbat məqsədilə və 12 ay müddətinə verilir. Borcalan illik 10.9% (Faktiki illik faiz dərəcəsi 16.74%) ödəyir. - müqavilənin 2.1-ci bəndinə əsasən Bank tərəfindən müştərinin adına 410100G**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açılır. - müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi (cari hesabına köçürüldüyü) gündən qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayma görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - müqavilənin 2.5-ci ödəniş qrafiki üzrə müəyyən edilmiş aylıq ödəniş(lər)dən artıq ödənişin edilməsi Bank tərəfindən Müştərinin əvvəlcədən ödəniş etmək istəyi kimi qəbul edilərək, artıq ödənilmiş məbləğ hesabına bu Müqavilənin 1.1.7-ci yarımbəndində nəzərdə tutulmuş ardıcıllıqla Müştərinin borcları silinir. Bu zaman Bank, ödəniş qrafikinə uyğun şəkildə əsas borc üzrə ödənişlərin tam icra olunduğu aylar üzrə Müştəriyə möhlət verir, yəni həmin müddətdə Müştəri tərəfindən hər hansı ödəniş edilməyə bilər. Möhlət müddəti ərzində Bank tərəfindən qalıq borc məbləğinə faizlər hesablanır. Həmin faizlər möhlət müddəti bitdikdən sonra, ödəniş qrafiki ilə müəyyən olunmuş ilk ödəniş tarixində müvafiq ayın ödənişi ilə eyni vaxtda ödənilir. Əgər Müştərinin qabaqcadan ödədiyi məbləğ hər hansı ay üzrə aylıq əsas borcun tam ödənilməsi üçün kifayət etmədikdə, Müştəri möhlət müddətindən sonrakı ay üzrə ilk ödəniş tarixində həmin ay üzrə əsas borcun qalıq məbləğini, habelə möhlət müddətindəki faizlər də daxil olmaqla, hesablanmış faizləri birlikdə ödəyir. Müştəri möhlət müddəti ərzində yenidən ödəniş etdikdə, bu bənd üzrə müəyyən edilmiş qayda tətbiq edilir. Bu, Bankın hüququdur, vəzifəsi deyildir. - 3.2.1, 3.2.2, 3.2.3-cü bəndlərinə əsasən borcalan kredit öhdəliyini kreditor müqavilənin 2.5-ci bəndinin tələbləri nəzərə alınmaqla, vaxtından əvvəl icra edə bilər, kreditor bu müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 10 (on) iş günü müddətində qaytarmalıdır, bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. Müştəri bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 0,6 %-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir); -5.2-ci bəndin tələbinə görə bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir. -5.3-cü bəndinə əsasən bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər hüquqi aktları ilə tənzimlənir.; - 5.7-ci bəndinə görə tərəflərin bir-birinə olan bütün növ bildirişləri, xəbərdarlıqları və s. sənədləri bu Müqavilədə nəzərdə tutulan və ya sonradan təqdim edən mobil nömrələrinə, ünvanlarına sifarişli məktub, teleqram və ya faksla göndərilir. Həmin ünvana göndərilmiş bildirişlər tərəflərə çatdırılmış hesab olunacaq və bu zaman tərəflər göndərilən sənədləri almaması halına istinad edə bilməz. Hüquqi və ya poçt ünvan(lar)ında, mobil nömrələrində dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli, GTGK4100418B299 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikindən müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyi 12 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 265.01 manat, sonuncu ay isə 265.46 manat məbləğində ödənişi həyata keçirməkdir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan məlum olur ki, iş üzrə Cavabdeh hesabına xx.xx.2023-cü il tarixdə 3000 manat məbləğində pulu iddiaçı təşkilatdan Cavabdeh aid 410100G**********299 cari hesabına köçürülübdür. Cavabdeh banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 16 noyabr 2024-cü il tarixli sonuncu bildiriş məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 26 noyabr 2024-cü il tarixli, 15/01707 nömrəli maliyyə arayışından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli, GTGK4100418B299 nömrəli kredit müqaviləsinə əsasən ona illik 10.9 faiz dərəcəsi ilə 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, Cavabdehnın xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə 1524.13 (bir min beş yüz iyirmi dörd manat, on üç qəpik) manat əsas, 75.80 (yetmiş beş manat, səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 1599.93 (bir min beş yüz doxsan doqquz manat, doxsan üç qəpik) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinə əsasən 10.9 faiz dərəcəsi ilə, 12 ay müddətinə, 3000 Azn məbləğində kreditin Cavabdeh aid 410100G**********299 cari hesaba köçürmə yolu ilə verildiyi müəyyən edilir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh İddiaçı ASC-ə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizələrində müvafiq olaraq gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 3000 manat məbləğində, GTGK4100418B299 nömrəli müqavilə ilə gündəlik tələbat kreditinin verilməsini, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini, kreditə dair müqavilə bağlanarsa, İddiaçı ASCyə ödəməli olduğu borcların (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) özünün İddiaçı ASC, habelə "xxxx" ASC və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada (heç bir əlavə sənəd və razılıq olmadan) silinərək ödənilməsinə etiraz etmədiyini, bununla bağlı olaraq, özünün İddiaçı ASC-yə olan borcları barədə, habelə kreditlə bağlı imzaladığı müqavilə və digər sənədlər üzrə məlumatların "xxxx" ASC-yə, o cümlədən hesabları olan digər banklara ötürülməsinə dair razılığını bildirməsi, bundan əlavə, bu Ərizəni imzalamaqla özünün "xxxx" ASC və digər banklar tərəfindən onlarda olan hesablarını, o cümlədən hesablarında olan pul vəsaitləri barədə məlumatın İddiaçı ASC-yə ötürülməsinə dair razılığını təsdiq etməsi, ərizəsinə nağdsız hesablaşmaların aparılması üçün hesablarını və pul vəsaitləri üzrə sərəncam (ödəniş tapşırığı) hesab edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Nursu kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10 oktyabr 2023-cü il tarixli, GTGK4100418B299 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh kredit verilmiş və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər Cavabdeh tərəfindən edilməmiş, o, yaranmış pul borcunun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 1524.13 (bir min beş yüz iyirmi dörd manat, on üç qəpik) manat əsas və 75.80 (yetmiş beş manat, səksən qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1599.93 (bir min beş yüz doxsan doqquz manat, doxsan üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər arasında sənədlər mübadiləsi yolu ilə borc müqaviləsi bağlanmışdır. Belə ki, MM-in müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, MM-in 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, müqavilənin bağlanması təklifi razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını özündə ehtiva etmişdir. Müqavilə sənədlər mübadiləsi yolu ilə imzalanmışdır. Lazımi qaydada məlumatlandırılmış cavabdeh bununla bağlı hər hansı bir etiraz irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 1524.13 (bir min beş yüz iyirmi dörd manat, on üç qəpik) manat əsas və 75.80 (yetmiş beş manat, səksən qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1599.93 (bir min beş yüz doxsan doqquz manat, doxsan üç qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 36 (otuz altı) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1524.13 (bir min beş yüz iyirmi dörd manat, on üç qəpik) manat əsas və 75.80 (yetmiş beş manat, səksən qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1599.93 (bir min beş yüz doxsan doqquz manat, doxsan üç qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 36 (otuz altı) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar