Məhkəmə qərarları › İş №e-2(090)-261/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-261/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-261/2023 13.10.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.160 (iki min bir yüz altmış) manat əsas borcun və gecikdirilmiş peniya pulu olan 216 (iki yüz on altı) manatın, nəticə etibarı ilə ümumilikdə 2.376 (iki min üç yüz yetmiş altı) manat pulun və iddia qaldırmaq üçün ödənilən 41,6 (qırx bir manat, altmış qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 09 mart 2023-cü il tarixdə kredit-satış müqaviləsi imzalamışlar. 09 mart 2023-cü il tarixli, 31 nömrəli kredit-satış müqaviləsinə əsasən cavabdeh “İphone 14 pro” markalı telefonu 6 aylıq kreditlə 3200 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 1040 manat ödənilmiş, lakin hazırda qalan 2160 manat borcunu ödəməkdən imtina edir. Bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. İddiaçının nümayəndəsi Nümayəndə telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı iddiaçının nümayəndəsi Nümayəndə maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə onlar tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Buna görə də iddiaçının nümayəndəsi ciddi maddi itkilərlə qarşılaşmışdır. Əlavə olaraq nümayəndə iddia tələbində Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Cavabdehin yuxarıda qeyd olunan 09 mart 2023-cü il tarixli, 31 nömrəli müqavilədən yaranan 2160 manat əsas borcu vardır. Müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 216 manat peniya və 41.60 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən İMEİ kodu **********28804/**********83084 olan “İphone 14 pro” markalı telefon almış, Cavabdeh isə həmin müqavilə üzrə istifadə etdiyi əşyanın pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 09 mart 2023-cü il tarixli, 31 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********28804/**********83084 olan “İphone 14 pro” markalı telefon olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-1.4-cü bəndlərinə əsasən mal müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”-də qeyd olunmuş malları müqavilə üzrə satıcı tərəfindən alıcının mülkiyyətinə verilən və adı, sayı, çeşidi Əlavə 1-də göstərilən əmtəədir. Mal satıcının mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir. Malın təhvil verilməsi əgər təklifdə fərqli qeyd-şərt yoxdursa, malın satıcının ünvanında alıcıya tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş “Təhvil-təslim aktı” və digər sənədlər əsasında alıcıya təhvil verilir. “Təhvil-təslim aktı” sifarişlərin yerinə yetirilməsini təsdiqləyən sənədlərdir. Təklif müqavilənin bağlanması anınadək malın növü, çeşidi, çəkisi, qiyməti, çatdırılma şərtləri və müddəti, digər əlamətləri və xarakterik xüsusiyyətlərini özündə əks etdirən sənəddir və tərəflər arasında elektron poçt və s İnformasiya Kommunikasiya Texnologiyaları vasitələri ilə iki tərəfli olaraq razılaşdırılan oferta və aksept barədə sənəddir. Təklif müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən malları verməyi (satmağı), alıcı isə müvafiq olaraq həmin malı qəbul etdikdən sonra müqavilədə göstərilən malın ümumi məbləğini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə-2-ödəniş cədvəlində göstərilən qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə malların qiyməti, malların ümumi dəyəri 3200 manat təşkil edir. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə-2 ödəniş cədvəlində müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə, alıcı müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5% məbləğində ödənişi satıcıya ödəməlidir. Müqavilənin yekun müddəalar adlanan 7-ci maddəsinə əsasən müqavilə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalandığı andan qüvvəyə minir və alqı-satqı prosesi başa çatdıqdan sonra və müqavilə üzrə ödənişlər alıcı tərəfindən tam həyata keçirildikdən sonra qüvvədən düşmüş hesab olunur. İş materiallarında olan 09 mart 2023-cü il tarixli, 31 nömrəli müqavilə üzrə malın və məlumatın təsdiq edilməsi protokoluna Əlavə №2-dən görünür ki, Cavabdeh İMEİ kodu **********28804/**********83084 olan “İphone 14 pro” markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Müqaviləyə əlavə edilmiş protokoldan görünür ki, alıcı İddiaçı MMC-dən dəyəri 3200 manat olan (seriya nömrəsi **********28804/**********83084) və markası (İphone 14 pro) mobil telefonunu razılaşaraq 7 ay müddətinə kreditlə alır. Alınan malın 700 manat nağd qaydada qalan borcu 2500 manata ödəniş cədvəli üzrə cavabdeh 09 mart 2023-cü il tarixdən başlayaraq 09 sentyabr 2023-cü il tarixədək hər ay 400 (dörd yüz) manat, sonuncu ay isə yəni, 09 oktyabr 2023-cü il tarixədək 100 (bir yüz) manat ödəməyi öhdəsinə götürür. Cavabdeh 27 iyul 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə qalıq borcu İddiaçınə ödəməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində qeydiyyatdadır. İddiaçı təşkilatın ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşya üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 09 mart 2023-cü il tarixli, 31 nömrəli müqavilə üzrə 2.160 (iki min bir yüz altmış) manat əsas və 216 (iki yüz on altı) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 2.376 (iki min üç yüz yetmiş altı) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 09 mart 2023-cü il tarixli, 31 nömrəli müqavilə üzrə 216 (iki yüz on altı) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 09 mart 2023-cü il tarixli, 31 nömrəli müqavilə üzrə 216 (iki yüz on altı) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 108 (bir yüz səkkiz) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 09 mart 2023-cü il tarixli, 31 nömrəli nömrəli müqavilə üzrə 2.160 (iki min bir yüz altmış) manat əsas və 108 (bir yüz səkkiz) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 2.268 (iki min iki yüz altmış səkkiz) manat məbləğində borcun tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 41,6 (qırx bir manat, altmış qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 39,71 (otuz doqquz manat, yetmiş bir qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə 95,45 qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09 mart 2023-cü il tarixli, 31 nömrəli müqavilə üzrə 2.160 (iki min bir yüz altmış) manat əsas və 108 (bir yüz səkkiz) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 2.268 (iki min iki yüz altmış səkkiz) manat məbləğində borcun tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 41,6 (qırx bir manat, altmış qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 39,71 (otuz doqquz manat, yetmiş bir qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar