Məhkəmə qərarları › İş №e-2(090)-263/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-263/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-263/2023 01.11.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 5383.16 (beş min üç yüz səksən üç manat, on altı qəpik) manat, faiz borcuna görə 1387 (bir min üç yüz səksən yeddi) manat, cərimə borcuna görə 246.27 (iki yüz qırx altı manat, iyirmi yeddi qəpik)manat, cəmi 7016.43 (yeddi min on altı manat, qırx üç qəpik) manat məbləğində borcun və 90.17 (doxsan manat, on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli, **********3684 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 26.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 321 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 5383.16 (beş min üç yüz səksən üç manat, on altı qəpik) manat, faiz borcuna görə 1387 (bir min üç yüz səksən yeddi) manat, cərimə borcuna görə 246.27 (iki yüz qırx altı manat, iyirmi yeddi qəpik) manat, cəmi 7016.43 (yeddi min on altı manat, qırx üç qəpik) manat təşkil edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə “30” oktyabr 2023-cü il tarixdə teleqram ilə və 31 oktyabr 2023-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 oktyabr 2022-ci il tarixli, **********3684 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-1.3-cü bəndlərinə görə bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 6000 (altı min) manat məbləğində pul vəsaitini (bundan sonra “kredit”) verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 26.00 % illik faiz (bundan sonra “Nominal Faiz”) hesablanacaqdır. Kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3.3 %-i miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Həmin Müqavilənin 5.1-ci bəndinə görə kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 6.2-ci bəndinə görə kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 (on) iş günü ərzində krediti və (və yaxud) ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. Həmin Müqavilənin 8-ci bəndinə əsasən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 Cavabdeh1 ödəniş cədvəli üzrə 24 ay müddətinə və illik 26.00% hesablanması şərti ilə 198 manat komissiya xərci tutulmaqla, 6000 (altı min) manat məbləğində kredit verir və Cavabdeh1 20 oktyabr 2022-ci il tarixdən başlamaqla "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 20 sentyabr 2024-cü il tarixədək hər ay 321 manat və sonuncu ay isə, 318 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 05 oktyabr 2022-ci il tarixli, **********907770 nömrəli “Fincard kreditvermə” qəbzinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh1 198 manat komisyon haqqı tutulmaqla, 5802 manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 05 oktyabr 2022-ci il tarixli kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, kredit alan təsdiq edir ki, kredit məbləği nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********907770 saylı kredit kartında ona təqdim edilmişdir. Kredit alan təsdiq edir ki, **********907770 saylı kredit kartı açıq formada, həmin karta məxsus olan və həmin kartda olan pul vəsaitinin nağdlaşdırılması, eləcədə həmin kart vasitəsi ilə digər əməliyyatların aparılması üçün tələb edilən PİN kod isə xüsusi möhürlənmiş bağlı zərfdə ona təqdim edilmiş və onun tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh2 arasında **********3***-******* nömrəli zaminlik müqaviləsi və Cavabdeh3 ilə **********3***-******* nömrəli zaminlik müqaviləsi imzalamışlar. Qeyd edilən Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin (Cavabdeh2 və Cavabdeh3) 05 oktyabr 2022-ci il tarixli, **********3684 nömrəli kredit müqaviləsinə əsasən (“kredit müqaviləsi”), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 (“kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 6000 (altı min) manat məbləğində pul vəsaitini illik 26.00 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; - zaminlik müqavilələrinin 1.2-ci bəndinə əsasən zamin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur; - zaminlik müqavilələrinin 1.5-ci bəndinə əsasən zamin bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya tam şəkildə yerinə yetirdiyi təqdirdə, kredit verənə öz tələblərini zaminin əmlakına yönəldə bilər; - zaminlik müqavilələrinin 1.6-cı bəndinə əsasən zamin bu müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra, ödədiyi bütöv məbləği öhdəlik kreditoru kimi kredit alandan tələb etmək hüququnu qazanır. Lakin bu hüquq heç bir halda zaminin kredit verən qarşısında olan öhdəliklərinin icrasına təsir etməməlidir; - zaminlik müqavilələrinin 2.1-cı bəndinə əsasən tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alan, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz; - zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; - zaminlik müqavilələrinin 3.1-cı bəndinə əsasən bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq; - zaminlik müqavilələrinin 3.6-cı bəndinə əsasən bu müqavilə tərəflər arasında zaminlik münasibətlərini tam şəkildə əhatə edir və tərəflərin qarşılıqlı hüquq və vəzifələri yalnız bu müqavilə və qanunvericiliyin müvafiq müddəaları ilə tənzimlənir. Bu müqaviləyə daxil edilməyən hər hansı yazılı və ya şifahi razılaşmanın heç bir hüquqi əhəmiyyəti yoxdur. Bu müqaviləyə əlavə və dəyişiklər yalnız hər iki tərəf tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. İş materiallarına əlavə olunmuş 03 avqust 2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 banka 5383.16 (beş min üç yüz səksən üç manat, on altı qəpik) manat əsas, 1387 (bir min üç yüz səksən yeddi) manat faiz və 246.27 (iki yüz qırx altı manat, iyirmi yeddi qəpik)manat cərimə borcu olmaqla, cəmi 7016.43 (yeddi min on altı manat, qırx üç qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən, cavabdeh Ələsov X6 rayonu, Kükü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən, Cavabdeh2 Şahbuz rayonu, Kükü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən, Cavabdeh3 Şahbuz rayonu, Kükü kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərilərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməsinə və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. İddiaçı cavabdehlərə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq 5383.16 (beş min üç yüz səksən üç manat, on altı qəpik) manat əsas, 1387 (bir min üç yüz səksən yeddi) manat faiz və 246.27 (iki yüz qırx altı manat, iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7016.43 (yeddi min on altı manat, qırx üç qəpik) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5383.16 (beş min üç yüz səksən üç manat, on altı qəpik) manat əsas, 1387 (bir min üç yüz səksən yeddi) manat faiz və 246.27 (iki yüz qırx altı manat, iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7016.43 (yeddi min on altı manat, qırx üç qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən ödənilmiş 90.17 (doxsan manat, on yeddi qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5383.16 (beş min üç yüz səksən üç manat, on altı qəpik) manat əsas, 1387 (bir min üç yüz səksən yeddi) manat faiz və 246.27 (iki yüz qırx altı manat, iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7016.43 (yeddi min on altı manat, qırx üç qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilsin. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən ödənilmiş 90.17 (doxsan manat, on yeddi qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar