Məhkəmə qərarları › İş №e-2(090)-28/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-28/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-28/2024 19.01.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 850 (səkkiz yüz əlli) manat əsas borcun və gecikdirilmiş peniya pulu olan 90 (doxsan) manatın, nəticə etibarı ilə ümumilikdə 940 (doqquz yüz qırx) manat pulun və iddia qaldırmaq üçün ödənilən 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı Nümayəndə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, “Telefon Mağazasının” satıcısı olaraq o, Cavabdeh ilə 09 yanvar 2021-ci il tarixdə 209 nömrəli nisyə mal satılması müqaviləsi bağlamışlar. 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli nisyə mal satılması müqaviləsinə əsasən Cavabdeh “Samsung Galaks” A51 markalı telefonu 12 aylıq kreditlə 950 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 100 manat ödənilmiş, lakin cavabdeh hazırda qalan 850 manat borcunu ödəməkdən imtina edir. Bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. O, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı o, maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə onlar tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Buna görə də o, ciddi maddi itkilərlə qarşılaşmışdır. Əlavə olaraq o, iddia tələbində Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Cavabdehin yuxarıda qeyd olunan 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli müqavilədən yaranan 850 manat əsas borcu vardır. Müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 90 (doxsan) manat peniya və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Məhkəmə iddiaçı Nümayəndə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh iddiaçı Nümayəndə İMEİ kodu **********50300 olan “Samsung Galaxy” A51 markalı telefon almış, Cavabdeh isə həmin müqavilə üzrə istifadə etdiyi əşyanın pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq iddiaçı Nümayəndə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı Nümayəndə üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və iddiaçı Nümayəndə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli müqavilədən görünür ki, iddiaçı Nümayəndə və Cavabdeh arasında nisyə malın satınalmasına dair müqavilə imzalanmışdır. Nisyə malın satınalmasına dair müqaviləyə əsasən bu müqavilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Nümayəndə (VÖEN: **********) (bundan sonra “satıcı” adlandırılacaq) və digər tərəfdən vətəndaş Cavabdeh (bundan sonra “alıcı” adlandırılacaq) aşağıda göstərilən şərtlər əsasında Naxçıvan şəhərində bu müqaviləni bağlamışlar. Müqavilənin predmeti adlanan 1-ci bəndinə görə müqaviləyə əsasən satıcı alıcıya 950 (doqquz yüz əlli) manat dəyərində İMEİ kodu **********50300 olan “Samsung Galaxy” A51 markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-2.1.2-ci bəndlərinə görə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək, alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək satıcının hüququdur. Müqavilənin 3.1-ci və 3.3-cü bəndlərinə görə telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kredit ödənilməsi müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 950 (doqquz yüz əlli) manat olduğunu, ümumi məbləğin 100 (bir yüz) manatını ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə, qalan məbləğin 850 (səkkiz yüz əlli) manat ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəkdir. Kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə görə müqavilə alıcı və satıcı tərəfindən imzalandığı andan qüvvəyə minir və tərəflər müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək qüvvədədir. İş materiallarında olan Əlavə № 1-dən görünür ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli müqavilənin ödəniş cədvəli üzrə alıcı 09 yanvar 2021-ci il tarixdən başlayaraq 10 ay ərzində iddiaçı Nümayəndə hər ay 85 (səksən beş) manat ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 950 (doqquz yüz əlli) manat dəyərində 01 ədəd “Samsung Galaxy” A51 markalı mobil telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 20 dekabr 2023-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli müqavilə üzrə borcu 850 (səkkiz yüz əlli) manat təşkil edir. Cavabdehin gecikdirilmiş peniya pulu olan 90 manat, nəticə etibarı ilə ümumilikdə 940 (doqquz yüz qırx) manat borcu mövcuddur. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı Nümayəndə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı Nümayəndə aldığı əşya üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli müqavilə üzrə 850 (səkkiz yüz əlli) manat əsas və 90 (doxsan) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 940 (doqquz yüz qırx) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli müqavilə üzrə 90 (doxsan) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli müqavilə üzrə 90 (doxsan) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 42,5 (qırx iki manat, əlli qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli müqavilə üzrə 850 (səkkiz yüz əlli) manat əsas və 42,5 (qırx iki manat, əlli qəpik) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 892,5 (səkkiz yüz doxsan iki manat, əlli qəpik) manat məbləğində borc tutularaq iddiaçı Nümayəndə xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı Nümayəndə tərəfindən ödənilmiş 32,1 (otuz iki manat, on qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30,48 (otuz manat, qırx səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09 yanvar 2021-ci il tarixli, 209 nömrəli müqavilə üzrə 850 (səkkiz yüz əlli) manat əsas və 42,5 (qırx iki manat, əlli qəpik) manat gecikdirilmiş peniya pulu olmaqla, ümumilikdə 892,5 (səkkiz yüz doxsan iki manat, əlli qəpik) manat məbləğində borc tutularaq iddiaçı Nümayəndə xeyrinə ödənilsin. İddiaçı Nümayəndə tərəfindən ödənilmiş 32,1 (otuz iki manat, on qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 30,48 (otuz manat, qırx səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar