Məhkəmə qərarları › İş №e-2(090)-292/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-292/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-292/2025 16.01.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı"xxxx" KB ASC-nin xeyrinə 231,99 AZN əsas, 33,31 AZN faiz, 8,96 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 274,26 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə, illik 28% olmaqla 300 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 9 dekabr 2025, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 231,99 AZN əsas, 33,31 AZN faiz, 8,96 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 274,26 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə-anket imzalamış və bununla da "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli 01U/23 saylı fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlər və xx.xx.2025-ci il tarixli 02U/23 saylı fiziki şəxslərə kreditin verilməsinə dair standart şərtlərlə tanış olduğunu, onların bütün müddəaları ilə razı olduğunu, ərizənin eləcə də hesabın açılması üçün müraciətini əhatə etdiyini nəzərə alaraq təqdim edilən kartın növündən asılı olaraq hesab açımasının təmin edilməsini xahiş etdiyini, nağd kredit və kredit xətti üzrə şərtləri standart şərtlərdə qeyd edildiyi formada qəbul etdiyini, ona ayrılacaq kredit xətti limitinin bankın mülahizəsinə görə azaldılması, artırılması və ləğv edilməsinə razılıq verilməsi tərəfindən kredit limitinin artırılması, həmçinin nağd kreditlə bağlı banka müraciət edəcəyi halda bu barədə bankın qəbul edəcəyi müvafiq qərarla razı olduğunu, bütün bu məlumatlandırılmaların ona sms, mobil əlaqə vasitəsilə və ya standart şərtlərdə göstərilən digər elektron üsullarla göndərilməsinə razı olduğunu, özünün analoq imzasının (o cümlədən elektron imzanın) hazırda mövcud olan və ya gələcəkdə bankda açılacaq hesablar üzrə əməliyyatları apararkən tərəfindən həqiqi/fiziki imza kimi hesab edilməsini, bankla aralarındakı bütün münasibətlər, yazışmalar sənədlərin imzalanması əlyazma/fiziki imza ilə yanaşı ona məxsus ********* mobil nömrəsinin bağlı olduğu mobil əlavə, sms və ya bankın texniki imkanları nəzərə alınmaqla digər sənəd mübadiləsi yolu ilə elektron üsulla, həmçinin video zənglə imzalana biləcəyini, bütün bank hesabları və müqavilələrlə bağlı bütün yazışmaları yazılı qaydada, və ya bankın mülahizəsi ilə Standart şərtlərin müddəaları uyğun sms və ya digər elektron üsullarla edilməsini xahiş edərək bildirmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında sənədlər mübadiləsi yolu ilə 13 fevral 2023-cü il tarixli, 1799nkXRDb/23 saylı kredit müqaviləsi imzalanmışdır. Belə ki, Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayscan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.3cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, müqavilənin bağlanması təklifi razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını özündə ehtiva etmişdir. Müqavilə sənədlər mübadiləsi yolu ilə imzalanmışdır. Lazımi qaydada məlumatlandırılmış cavabdeh bununla bağlı hər hansı bir etiraz irəli sürməmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin əlaqə məlumatları üzrə çıxarışdan kreditin verilməsi ilə bağlı sms bildirişin göndərildiyi əlaqə nömrəsinin (+**********48) cavabdehə aid olduğu müəyyən olunur. Beləliklə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "X1" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - 13 fevral 2023-cü il tarixli, 1799nkXRDb/23 saylı müqavilədən "X1" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən nağd kreditin 27.5% ilə 1800 AZN, kredit xətti ilə 28% ilə 300 AZN olmaqla, hər ayın 13-ü tarixində, Ucard kredit kartı hər ayın 13-23 olmaqla kredit xəttinin aktivləşdirildiyi müəyyən olunur. Cavabdeh 25 sentyabr 2025-ci il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 09 dekabr 2025-ci il tarixli maliyyə arayışından Cavabdeh 1799nkXRDb/23 nömrəli kredit müqaviləsi üzrə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə 231.99 (iki yüz otuz bir manat, doxsan doqquz qəpik) manat əsas, 33.31 (otuz üç manat, otuz bir qəpik) manat faiz, 8.96 (səkkiz manat, doxsan altı qəpik) manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 274.26 (iki yüz yetmiş dörd manat, iyirmi altı qəpik) manat kredit borcunun olması aydın olur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 fevral 2023-cü il tarixli, 1799nkXRDb/23 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh kredit verilmiş və müqavilənin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu, həmin borca hesablanmış əsas, faiz və cərimə borcunun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə 231.99 (iki yüz otuz bir manat, doxsan doqquz qəpik) manat əsas, 33.31 (otuz üç manat, otuz bir qəpik) manat faiz, 8.96 (səkkiz manat, doxsan altı qəpik) manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 274.26 (iki yüz yetmiş dörd manat, iyirmi altı qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Sələsüz kəndində qeydiyyatdadır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 231.99 (iki yüz otuz bir manat, doxsan doqquz qəpik) manat əsas, 33.31 (otuz üç manat, otuz bir qəpik) manat faiz, 8.96 (səkkiz manat, doxsan altı qəpik) manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 274.26 (iki yüz yetmiş dörd manat, iyirmi altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 231.99 (iki yüz otuz bir manat, doxsan doqquz qəpik) manat əsas, 33.31 (otuz üç manat, otuz bir qəpik) manat faiz, 8.96 (səkkiz manat, doxsan altı qəpik) manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 274.26 (iki yüz yetmiş dörd manat, iyirmi altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar